Yəmən hökuməti husiləri beynəlxalq təhlükəsizliyə təhdid hesab edir
Yəmən hökuməti husilərin fəaliyyətinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratdığını bəyan edib. Rəsmi Səna beynəlxalq ictimaiyyəti qruplaşmaya qarşı silah embarqosunun tətbiqinə çağırıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev hesab edir ki, Yəmənin silah embarqosunun sərtləşdirilməsi çağırışı beynəlxalq təzyiqləri artıra bilsə də, münaqişənin həlli daxili siyasi razılaşmadan da asılıdır:
“Yəmən hökumətinin silah embarqosunun sərtləşdirilməsi ilə bağlı çağırışı beynəlxalq ictimaiyyətin münaqişəyə diqqətini artıra bilər. Xüsusilə BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrinin icrasına nəzarətin gücləndirilməsi, silah qaçaqmalçılığı şəbəkələrinin qarşısının alınması və İrana qarşı diplomatik təzyiqlərin artırılması gündəmə gələ bilər. Lakin beynəlxalq müdaxilənin genişlənməsi avtomatik olaraq münaqişənin həllinə gətirib çıxarmayacaq. Bunun üçün Yəmənin daxili siyasi qüvvələri arasında da razılaşma əldə olunmalıdır”.
Ekspert qeyd edir ki, Husilərin hərbi arsenalının genişlənməsində İranın texnoloji və hərbi dəstəyinin mühüm rolu var:
"Bu dəstək yalnız hazır silahların verilməsi ilə məhdudlaşmır. Raket texnologiyaları, pilotsuz uçuş aparatları, elektron müharibə vasitələri və hərbi komponentlərin hazırlanması üzrə bilik və təcrübə də bu əməkdaşlığın tərkib hissəsidir. Bununla belə, husilərin arsenalı yalnız İranın verdiyi silahlardan ibarət deyil. Onlar yerli istehsal imkanlarından, əvvəlki Yəmən ordusunun ehtiyatlarından və müxtəlif mənbələrdən əldə edilən komponentlərdən də istifadə edirlər".
Zeynal Əmrəliyevin sözlərinə görə, İranla Qərb arasında münasibətlərin daha da gərginləşməsi husilərin fəaliyyətinə də təsir göstərə bilər:
"Belə vəziyyətdə Tehran regionda dolayı təzyiq imkanlarını qorumağa çalışa, husilər isə hərbi fəaliyyətlərini artırmaqla Qərbin və müttəfiqlərinin diqqətini Yaxın Şərqə yönəldə bilərlər. Digər tərəfdən, İrana qarşı iqtisadi və hərbi təzyiqlərin artması husilərə silah və texnologiya ötürülməsini çətinləşdirə bilər. Yəmən münaqişəsi yalnız daxili siyasi qarşıdurma olaraq qalmır, İran-Qərb rəqabətinin də mühüm istiqamətlərindən birinə çevrilir".
Arzum Ağazadə