00:00:00
Yazar
Hüseynova Mələk
02.10.2026 21:21 16 3 dəq oxuma
Siyasət

Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq nə vəd edir?

Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq nə vəd edir?

Azərbaycan-Avropa İttifaqı münasibətlərində strateji tərəfdaşlıq yeni mərhələyə keçir. Bu əməkdaşlığın siyasi dialoqla yanaşı, enerji, ticarət, nəqliyyat və təhlükəsizlik sahələrində də yeni imkanlar yaradacağı gözlənilir. Strateji tərəfdaşlığın Azərbaycan və Aİ üçün hansı nəticələr vəd etdiyi maraq doğurur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Avropa Birliyi Azərbaycan üçün, əlbəttə ki, çox böyük faktordur:

 

“Birincisi, enerji daşıyıcıları da daxil olmaqla, xarici ticarətimiz üçün nəhəng bir bazardan söhbət gedir. İkincisi, dünyada siyasi proseslərə, siyasi qərarlara təsir imkanları olan bir birlikdən danışırıq. Üçüncü bir tərəfdən, ümumiyyətlə, Azərbaycanın avrointeqrasiya yolu tutmasını unutmamalıyıq. Əlbəttə, biz gedib Avropa Birliyinə üzv olmağı hədəfləmədik, lakin Avropa mədəniyyəti, ümumiyyətlə, Avropa dəyərləri Azərbaycan üçün həmişə öncəlik təşkil edib. Yəni milli kimliyimizi qorumaq, üstün tutmaqla bərabər, biz Avropanın tərəqqisini də öz ölkəmizə gətirmək, bu yöndən inkişaf etmək istəmişik və buna da çalışırıq. O baxımdan Azərbaycanın xarici siyasətində, əlbəttə ki, Avropa ilə münasibətlərin daha da dərinləşdirilməsi və genişləndirilməsi önəm daşımaqdadır. Və üstəlik, nəzərə almalıyıq ki, Azərbaycan özünün bütün ərazisində suverenliyini təmin etdikdən sonra yeni çağırışlar meydana çıxıb və bu çağırışlar baxımından da Avropa ilə münasibətlərin yenidən dəyərləndirilməsinə zərurət var. Avropa Birliyinin rəsmiləri dəfələrlə belə bir ifadə işlədiblər ki, Orta Asiyaya çıxışımız Azərbaycan üzərindən olmalıdır. Azərbaycan sadəcə olaraq Cənubi Qafqazda deyil, bütövlükdə regionda Avropa Birliyi üçün kilid ölkələrdən biridir, hətta bəzən birincisidir. Xüsusilə də Orta Asiya ölkələri ilə Avropa Birliyinin münasibətlərində Azərbaycan çox gərəklidir”.

 

 Müsahibin sözlərinə görə, “Bir kəmər, bir yol”, yaxud da Orta Dəhliz dediyimiz yolun Azərbaycandan keçməsi baxımından da biz Avropa Birliyi üçün çox vacib ölkəyik:

 

“Əlavə olaraq da Cənubi Qafqazın ərazisinə, əhalisinə, iqtisadiyyatına görə ən böyük dövlət olaraq Azərbaycan Avropa Birliyi üçün vacib ölkələrdən birinə çevrilir. Yəni bütövlükdə biz götürsək, Azərbaycan sadəcə olaraq bu faktorlarla deyil, əlavə olaraq İranla münasibətlər məsələsində, Rusiya ilə münasibətlər məsələsində yenə də Avropa Birliyinin ehtiyac duyduğu bir dövlətdir. Azərbaycan müstəqil dövlətdir, özünün xarici siyasətini müəyyənləşdirməkdə də müstəqildir. Təbiidir ki, bizim Avropa Birliyi ilə münasibətlərimiz Rusiya, İran, qardaş Türkiyə ilə münasibətlərimizə hər hansı şəkildə zərər vermir, verə də bilməz. Azərbaycan həmişə bu balansı gözləyib. Ümumiyyətlə, Azərbaycan mütləq şəkildə öz müstəqil siyasətini həyata keçirməklə bərabər, qonşulara da bir zərər verməməyə çalışıb. Hələ qardaş Türkiyəyə ümumiyyətlə biz heç vaxt zərər verməmişik, vermərik də. Əlavə olaraq da, Rusiyanın və İranın, bilirsiniz ki, təcavüzkar xarakteri var, onlar diktə etməyi xoşlayırlar. Lakin Azərbaycan bu diktələri də həmişə rədd edib. Üstəlik, Azərbaycan Rusiya və İranın o təcavüzkarlığını əldə rəhbər tutaraq onlara hətta arxa da çevirmək haqqına sahibdir, lakin buna baxmayaraq, dövlətimiz o addımı da atmır. Yəni biz o balansı həmişə gözləmişik, bundan sonra da gözləyəcəyik. Avropa Birliyi ilə bu münasibətlərin yeni mərhələyə daşınmasında da Azərbaycan həmin balansdan imtina edən deyil. Biz gərginlik istəmirik. Dövlətimiz həqiqətən də mümkün olanı edir ki, heç bir dövlətlə-istər dost, qardaş dövlətlər olsun, istərsə də Rusiya və İran kimi təcavüzkar dövlətlər olsun- gərginlik yaradılmasına imkan verməsin”.

 

Mələk Hüseynova

#Avropa İttifaqı #Azərbaycan #mərhələ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər