00:00:00
Yazar
Zəri Bayramlı
26.05.2026 21:44 30 3 dəq oxuma
Siyasət

"Azərbaycan-Belarus münasibətlərində yeni əməkdaşlıq perspektivləri"-ŞƏRH

"Azərbaycan-Belarus münasibətlərində yeni əməkdaşlıq perspektivləri"-ŞƏRH

Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Mövzu ilə bağlı Azərbaycan-Belarus əlaqələri üzrə işçi qrupun üzvü, millət vəkili Azər Allahverənov "İnformator.az"a açıqlamasında bildirib ki, iki ölkə arasında olan münasibətlər strateji tərəfdaşlıq səciyyəsini daşıyır:

 

"İki ölkə arasında münasibətlər dostluq, qarşılıqlı etimad və maraqların təmin olunması prinsipləri üzərində qurulmaqdadır. Bu da nəticə etibarilə ölkələrarası dostluğa və 2007-ci ildə əməkdaşlıq haqqında imzalanan sənədin ruhuna uyğun olan mühüm bir məqamdır.2018-ci ildə Azərbaycan və Belarus prezidentlərinin qəbul etdiyi bəyanat var ki, bu bəyanatda faktiki olaraq dövlətlərarası münasibətlərin və maraqların qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə təmin olunması üçün əlverişli bir mühitin yaradılmasını özündə göstərilibdir".

 

Həmçinin millət vəkili vurğulayıb ki, Azərbaycan-Belarus əlaqələri fonunda iqtisadi sahədə ciddi əməkdaşlıq münasibətlərinin şahidi oluruq. Eyni zamanda, əldə olunan statistik göstəricilər də bu münasibətlərin getdikcə daha da dərinləşdiyini deməyə əsas verir:

 

 

"Azərbaycan-Belarus arasında ticarət dövriyyəsi 428 milyon dollar civarındadır bu da gələcəkdə Azərbaycan məhsullarının Belarus bazarlarına çıxarılması üçün geniş əməkdaşlıq spektrini göstərən mühüm bir məqamdır. Bu istiqamətdə zəruri addımlar da atılır. Elə sahələr var ki, əməkdaşlıq artıq iki dövlət arasındakı münasibətlərin çərçivəsini aşır. Buna misal olaraq iqlim dəyişikliyi və enerji məsələlərini göstərmək olar. Bu sahələrdə də iki dövlət arasında kifayət qədər səmərəli dialoq mühitinin formalaşdığını görürük. İqlim dəyişikliyi məsələsində bu əməkdaşlıq özünü daha aydın göstərir. Belə ki, iqlim dəyişikliklərinə həsr olunan COP29 çərçivəsində Belarus Prezidentinin fəal iştirakı diqqət çəkib. Eyni zamanda, onun çıxışlarında bir sıra Qərb institutlarına ünvanlanan mesajlarda Belarusun Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirdiyi müşahidə olunub”.

 

 

Millət vəkili qeyd edib ki, Azərbaycanla Belarus arasında dərin və tarixi köklərə əsaslanan münasibətlər mövcuddur. Bu əlaqələr təkcə hər iki ölkənin müstəqillik dövrü ilə məhdudlaşmır və daha qədim tarixə söykənir:

 

 

“Bu zəngin təcrübə qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanır. Məhz bu möhkəm zəminin nəticəsidir ki, bu gün Belarusa məxsus müxtəlif sənaye müəssisələrinin Azərbaycanda fəaliyyət göstərdiyini, eləcə də inkişaf edən sənaye sahələrində fəal iştirak etdiyini müşahidə edirik. Kənd təsərrüfatı sahəsi də şübhəsiz ki, olduqca vacib istiqamətlərdən biridir. Belarus Azərbaycan üçün, Azərbaycan da Belarus üçün bu qeyd olunan istiqamətlər üzrə çox ciddi əməkdaşlıq münasibətlərinə malikdir və bu əlaqələrin daha da dərinləşməsi üçün güclü siyasi iradə mövcuddur. Bu əməkdaşlığı daha da gücləndirən amillərdən biri də humanitar sahələrdir. Təhsil, mədəniyyət və digər istiqamətlər üzrə əlaqələr burada mühüm rol oynayır. Aleksandr Lukaşenkonun ünvanladığı məktub dostluq jestidir. Qarşılıqlı hörmət, ehtiram və eyni zamanda hər iki tərəf üçün faydalı ola biləcək münasibətlərin dərinləşməsinə xidmət edən bir yanaşmanı əks etdirir. Düşünürəm ki, bu məktub münasibətlərin daha da dərinləşməsi, onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi baxımından mühüm siyasi yanaşmanı özündə ehtiva edən vacib məqamlardandır”.

 

Günel Əlili

#baki #yeni #əməkdaşlıq #xəbər #"azərbaycan-belarus
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər