00:00:00
Yazar
Nigar Həsənzadə
17.02.2026 22:57 42 2 dəq oxuma
Siyasət

Azərbaycan “Black Sea Energy” layihəsində İtaliya və Sloveniyanın iştirakına ümid edir

Azərbaycan “Black Sea Energy” layihəsində İtaliya və Sloveniyanın iştirakına ümid edir

Azərbaycan İtaliya və Sloveniyanın “Yaşıl Enerji Dəhlizi” (“Black Sea Energy”) layihəsinə qoşulacağına ümid edir. Bu barədə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Romada keçirilən “Qafqazdan Aralıq dənizinə” konfransında bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti Şaban Nəsirov bildirib ki, “Black Sea Energy” layihəsi əsasən Azərbaycan istehsalı olan yaşıl enerjinin (külək və günəş) Qara dənizin dibi ilə kabel vasitəsilə Avropaya ötürülməsini nəzərdə tutur:

 

"Bu layihə Avropa üçün bir neçə baxımdan əhəmiyyətlidir. İlk olaraq enerji mənbələrinin şaxələndirilməsi baxımından vacibdir. Avropa son illərdə xüsusilə Rusiya qazından asılılığı azaltmağa çalışır. Yeni enerji marşrutunun yaranması alternativ mənbə deməkdir və riskləri azaldır. Həmçinin bu layihə yaşıl enerji payının artmasına xidmət edir. Avropa İttifaqı 2030 və 2050-ci illər üçün karbon emissiyalarını azaltmaq hədəfi qoyub. Azərbaycandan ötürüləcək külək enerjisi bu hədəflərə çatmağa kömək edə bilər.

 

 Eyni zamanda bu layihə uzunmüddətli enerji sabitliyi yarada bilər. Xüsusilə, Cənub-Şərqi Avropa ölkələri üçün əlavə elektrik mənbəyi qiymət sabitliyinə müsbət təsir göstərə bilər. Yəni layihə həm enerji təhlükəsizliyi, həm də yaşıl keçid baxımından strateji əhəmiyyət daşıyır. Belə böyük gücə malik dənizaltı kabel layihəsinin iqtisadi səmərəliliyi bir neçə əsas faktordan asılıdır. Birincisi, istehsal olunan enerjinin maya dəyəri. Əgər Azərbaycanda külək və günəş enerjisi aşağı xərclə istehsal olunarsa, ixrac daha rəqabətli olacaq. İkincisi, Avropada elektrik qiymətləri. Əgər Avropada enerji qiymətləri yüksək qalarsa, layihə daha tez özünü doğruldacaq. Qiymətlər aşağı düşərsə, gəlirlilik azala bilər. Üçüncüsü, infrastruktur və texniki risklərdir. Qara dənizin dibi ilə kabel çəkmək yüksək maliyyə və texnoloji tələb edir. Tikinti xərclərinin artması layihənin geri dönüş müddətini uzada bilər. Dördüncüsü, uzunmüddətli müqavilələr. Əgər əvvəlcədən alıcılarla sabit qiymətə uzunmüddətli müqavilələr bağlanarsa, layihənin maliyyə riski azalacaq. Yəni iqtisadi səmərəlilik həm bazar qiymətlərindən, həm istehsal xərclərindən, həm də siyasi və texniki sabitlikdən asılı olacaq. İtaliya və Sloveniyanın layihəyə qoşulması bir neçə istiqamətdə təsir göstərə bilər. Öncə layihənin coğrafi əhatə dairəsi genişlənəcək. Bu ölkələr qoşularsa, enerji təkcə Şərqi Avropaya deyil, həm də Cənubi və Mərkəzi Avropaya ötürülə bilər. Həmçinin layihənin maliyyə və siyasi dayaqları güclənəcək. İtaliya böyük enerji bazarına malik ölkədir. Onun iştirakı investor inamını artıra bilər. Eyni zamanda regional enerji balansında Cənub qaz dəhlizindən sonra yeni bir “elektrik dəhlizi” formalaşa bilər. Bu da Azərbaycanı təkcə qaz ixracatçısı deyil, həm də yaşıl enerji ixracatçısı kimi mövqeləndirəcək. Nəticə etibarilə, bu iştirak layihəni daha geniş Avropa miqyaslı təşəbbüsə çevirə və regionda enerji axınlarının istiqamətini dəyişə bilər".

 

Aişə Mustafayeva

#ümid #xəbər #energy” #gündəm #iştirakına
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər