Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlıq yeni mərhələ açır
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sənəd siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından da əhəmiyyət daşıyır.
Politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında Azərbaycan-Böyük Britaniya münasibətlərinin uzun illər ərzində formalaşdığını və davamlı xarakter daşıdığını bildirib:
“Azərbaycan və Böyük Britaniya münasibətləri hələ Azərbaycan müstəqilliyini qazandığı ilk illərdən, ‘Əsrin müqaviləsi’ 1994-cü ildə imzalandıqdan sonra formalaşmağa başlamışdır. Böyük Britaniyanın BP şirkətinin Azərbaycanda aktiv iştirakı, istərsə də digər istiqamətlərdə Böyük Britaniya-Azərbaycan əməkdaşlığı kifayət qədər sabit və davamlı xarakter daşıyırdı”.
Politoloqun sözlərinə görə, Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradıb:
“Bu günlərdə Dublində Avropa Siyasi Birliyinin zirvə toplantısında Azərbaycan Prezidenti ilə Böyük Britaniya Baş naziri arasında iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması münasibətlərin keyfiyyətcə yeni bir mərhələyə keçməsinin əsasını qoydu”.
Taleh Əliyev iqtisadi və siyasi əlaqələrlə yanaşı, müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinin tərəfdaşlığın əhatə dairəsini artıracağını vurğulayıb:
“Burada iki ölkə arasında iqtisadi, siyasi əməkdaşlıqla yanaşı, müdafiə, təhlükəsizlik sahəsində, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi və eyni zamanda birgə beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılaşmaların əldə olunması onu göstərir ki, bundan sonrakı mərhələdə Azərbaycan-Böyük Britaniya münasibətləri daha da üst səviyyəyə qaldırılmış vəziyyətdə olacaqdır”.
Politoloq mövcud regional gərginlik fonunda Böyük Britaniya ilə əməkdaşlığın Azərbaycanın təhlükəsizliyi və müdafiə imkanları baxımından əhəmiyyətini xüsusi qeyd edib. Bu tərəfdaşlıq Böyük Britaniya üçün də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması baxımından vacibdir:
“Yaxın Şərqdə İran ətrafında hadisələrin bu qədər mürəkkəbləşdiyi mərhələdə Azərbaycanın ənənəvi dost və müttəfiq Böyük Britaniya ilə belə bir əməkdaşlıq sazişinin imzalanması Azərbaycanın xüsusilə də təhlükəsizliyi və müdafiə gücünün qüvvətlənməsi baxımından faydalıdırsa, Britaniya üçün də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun və önəminin artması baxımından olduqca vacib bir sənəddir”.
Taleh Əliyev hesab edir ki, strateji tərəfdaşlığın güclənməsi Azərbaycanın həm regional, həm də beynəlxalq mövqeyinin möhkəmlənməsinə, eləcə də ölkənin orta güc statusunun daha da güclənməsinə töhfə verəcək:
“Bu əməkdaşlığın imzalanması Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə mövqeyinin möhkəmləndirilməsinə və Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra qazanmış olduğu orta güc statusunun daha da möhkəmlənməsində mühüm bir töhfə olacaqdır”.
Fatimə Hüseynova