Azərbaycan-Çin əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çinə səfər edib. O, Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Ma Hui ilə görüşüb.
Mövzu ilə bağlı deputat Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafı ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq xarici iqtisadi əlaqələrin şaxələndirilməsi, yeni investisiya mənbələrinin cəlb edilməsi və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır:
“Burada əsas məqam, Çinin dünyanın ən böyük iqtisadiyyatlarından, eyni zamanda aparıcı sənaye və texnoloji mərkəzlərindən biri olması ilə bağlıdır. Bu baxımdan, Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün yalnız ticarət dövriyyəsinin artırılması deyil, həm də qeyri-neft sektoruna yeni texnologiyaların, investisiyaların və müasir idarəetmə təcrübəsinin cəlb edilməsi deməkdir”.
Azər Allahverənov qeyd edir ki, beynəlxalq tədbirlərin birində bu məsələyə toxunan Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərindən danışarkən, qarşılıqlı ticarət dövriyyəsinin artırılması ilə yanaşı, Çin texnologiyalarının Azərbaycana gətirilməsinin və ölkəmizdə istehsal sahələrinin, müxtəlif sənaye zəncirlərinin qurulmasının vacibliyini vurğulayıb. Bu, bir tərəfdən yeni texnologiyaların mənimsənilməsi, digər tərəfdən isə istehsal potensialının genişləndirilməsi deməkdir. Nəticə etibarilə, bu prosesin ölkə iqtisadiyyatına müsbət təsir göstərməklə yanaşı, əhalinin maddi imkanlarının yaxşılaşmasına və sosial rifahının yüksəlməsinə də töhfə verə biləcəyi gözlənilir:
“Çinlə əməkdaşlığın bir neçə istiqamətdə genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Bu istiqamətlərə investisiya və sənaye əməkdaşlığı, texnologiya transferi, ixrac imkanlarının genişləndirilməsi və enerji sahəsində tərəfdaşlıq daxildir. Bütün bunlar Azərbaycan-Çin münasibətlərinin inkişafı və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün geniş əməkdaşlıq imkanları formalaşdırır”.
Deputatın sözlərinə görə, siyasi baxımdan Çinlə münasibətlərin dərinləşməsi Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin iqtisadi məzmununu genişləndirir. Bu, ölkəmizin Asiya-Sakit okean regionu ilə əlaqələrinin güclənməsinə, beynəlxalq platformalarda əməkdaşlıq imkanlarının artmasına və yeni iqtisadi diplomatiya kanallarının formalaşmasına xidmət edir. Azərbaycan Çinlə əməkdaşlığı digər beynəlxalq tərəfdaşları ilə münasibətlərə alternativ kimi deyil, xarici iqtisadi əlaqələrin şaxələndirilməsi və milli maraqların təmin edilməsi üçün əlavə istiqamət kimi qurur. Bu da ölkəmizin Avrasiya qitəsində əməkdaşlıq perspektivlərini genişləndirdiyini göstərir. Xüsusilə, iki ölkə arasında əməkdaşlıqdan danışarkən nəqliyyat və logistika sahəsindəki imkanları da qeyd etmək lazımdır:
“Enerji ilə yanaşı, nəqliyyat və logistika sahəsi də bu gün Azərbaycan üzərindən həyata keçirilən inteqrasiya layihələrinin mühüm istiqamətlərindən biridir. Bu sahədə Çinlə əməkdaşlıq, xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində uğurla inkişaf edir. Bu da tərəfdaşlığın strateji əhəmiyyətini göstərir. Azərbaycan coğrafi mövqeyinə görə Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm nəqliyyat-kommunikasiya qovşağıdır. Çinlə münasibətlərin dərinləşməsi isə bu coğrafi üstünlüyün real iqtisadi və geosiyasi imkanlara çevrilməsi üçün əlverişli şərait yaradır”.
Azər Allahverənov bildirir ki, Azərbaycan tranzit ölkəsi olmaqla yanaşı, beynəlxalq təchizat zəncirinin də mühüm iştirakçısıdır və regional logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir. Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarında mühüm rol oynayan ölkəmiz Orta Dəhlizin yükdaşıma imkanlarının genişlənməsinə də töhfə verir. Çinlə Avropa arasında yüklərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə daşınması Azərbaycanın tranzit imkanlarını artırır. Bu baxımdan, Orta Dəhlizin strateji əhəmiyyəti daha da güclənir. Bununla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası Çin investisiyaları və texnologiyaları hesabına inkişaf etdirilə bilər. Bu da yükdaşımaların həcminin və logistika xidmətlərinin keyfiyyətinin artmasına şərait yaradar:
“Azərbaycan-Çin münasibətləri yalnız iki ölkə ilə məhdudlaşmır, həm də regional əlaqələrin güclənməsinə töhfə verir. Süni intellekt və rəqəmsal texnologiyalar bu əməkdaşlığın mühüm istiqamətlərindəndir. Onların müxtəlif sahələrdə tətbiqi əməkdaşlığın səmərəliliyini artıra bilər. Eyni zamanda, nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması, təhlükəsiz marşrutların və müasir infrastrukturun yaradılması Avrasiya üçün mühüm layihələrin reallaşdırılmasına imkan yaradır”.
Deputat 2025-ci ildə Azərbaycan və Çin arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyanat sadalanan istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi üçün siyasi iradəni nümayiş etdirdiyini bildirir. Eyni zamanda, bu sənəd real və praktiki nəticələrə hesablanmış strategiyanın həyata keçirilməsinə zəmin yaradır. Bu da Avrasiya üçün mühüm əhəmiyyət daşıyan bağlantıların gücləndirilməsinə töhfə verir.
Aynur Əhmədli