Si Cinpin və Vladimir Putin sanksiyaları sərt tənqid edərkən, Donald Tramp Çinə səfər edib
Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti ərəfəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Qərbin iqtisadi siyasətini və tətbiq etdiyi sanksiyaları sərt tənqid ediblər.
Çin lideri açılış nitqində sərbəst və açıq ticarətin təşviq edilməsinin vacibliyini vurğulayaraq ölkəsini qlobal iqtisadiyyatda sabit və etibarlı tərəfdaş kimi təqdim etməyə çalışıb. Bu mövqe ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarının artırılmasına əsaslanan ticarət siyasəti və xarici siyasətdə nümayiş etdirdiyi dəyişkən yanaşma ilə ziddiyyət təşkil edir.
Rusiya Prezidenti Vladimir Putin isə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları tənqid edərək Qərb ölkələrini keçmiş hegemonlar adlandırıb. O, Avropanın alçaldıcı tənəzzül dövrü yaşadığını iddia edib, iqtisadi üstünlük və təzyiq vasitələrinin əvvəlki təsir gücünü itirdiyini bildirib.
Si Cinpin hava limanında ABŞ Prezidenti Donald Trampı şəxsən qarşılayıb. Daha sonra liderlər sammitin keçirildiyi məkanda Vladimir Putinlə birlikdə görüşərək əl sıxıb, xatirə şəkli çəkdirib və rəsmi ziyafətdə iştirak ediblər.
Cümə axşamı keçirilməsi planlaşdırılan üçtərəfli görüşdə Rusiya-Ukrayna müharibəsi, ABŞ-nin İrana qarşı hərbi fəaliyyəti, beynəlxalq ticarət, süni intellekt və nüvə silahları ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.
Bəzi ekspertlər böyük dövlətlər arasında mümkün razılaşmalar fonunda kiçik ölkələrin maraqlarının arxa plana keçə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edərək bu görüşü 1945-ci ildə keçirilmiş Yalta Konfransı ilə müqayisə edirlər. Kreml bu cür müqayisələri siyasi təhlildən daha çox politoloqların oyunu kimi qiymətləndirsə də, görüşün qlobal proseslərə ciddi təsir göstərə biləcəyini istisna etmir.
Vladimir Putin dünyadakı mövcud vəziyyəti təlatümlü adlandırsa da, fikir ayrılıqlarının danışıqlar masası arxasında həll edilə biləcəyini vurğulayıb.
Ayşə Cəfərova