Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın ölkəmizə təsiri
Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Yeni sazişin Azərbaycanın beynəlxalq mövqeyinə, xarici siyasət prioritetlərinə, investisiya imkanlarına və iqtisadi müstəqilliyinə mümkün təsirləri diqqət mərkəzindədir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki ölkənin siyasi və iqtisadi əlaqələrinin daha da genişlənməsinə imkan yarada bilər. Onun sözlərinə görə, Böyük Britaniya şirkətləri uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və xüsusilə enerji sektorunda mühüm mövqeyə malikdir:
“Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi hər iki ölkənin maraqlarına xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Böyük Britaniya arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Lakin iki ölkə arasında imzalanan son sazişlə əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Bu da münasibətlərdə yeni mərhələnin başlanması deməkdir.
Təbii ki, bütün bunlar qarşılıqlı investisiya qoyuluşu baxımından xüsusi əhəmiyyət daşıya bilər. Böyük Britaniya şirkətləri onilliklərdir Azərbaycanda fəaliyyət göstərirlər. Xüsusilə BP şirkətinin Azərbaycanın enerji sektorundakı fəaliyyəti iki ölkə arasındakı münasibətlərdə mühüm yer tutur. Eyni zamanda, Böyük Britaniya investisiyaları Azərbaycanın digər iqtisadi sahələrində də mövcuddur. Bu amil əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün imkanların olduğunu göstərir.
İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi onların qlobal miqyasda da uzlaşdırılmış mövqedən çıxış etmək ehtimalını artırır. Hər iki ölkənin bu istiqamətdə maraqları mövcuddur. Strateji tərəfdaşlar kimi Azərbaycan və Böyük Britaniyanın beynəlxalq siyasət müstəvisində bir-birinə daha intensiv və genişmiqyaslı dəstək verəcəyi gözləniləndir”.
Mövzuya geosiyasi aspektdən yanaşan siyasi şərhçi Elçin Xalidbəyli isə hesab edir ki, Azərbaycan–Böyük Britaniya strateji tərəfdaşlığının əhəmiyyəti yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır. Onun fikrincə, bu əməkdaşlıq Azərbaycanın qlobal güc mərkəzləri arasında mövqeyinin möhkəmlənməsinə, beynəlxalq siyasi proseslərdə təsir imkanlarının artmasına və Orta Dəhliz vasitəsilə Avrasiyanın gələcək geosiyasi balansında rolunun güclənməsinə şərait yarada bilər:
“Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq bəyannaməsi indiyədək mövcud olan münasibətlərin daha yüksək səviyyəyə çatdırılması kimi qiymətləndirilə bilər. Bu, təbii ki, Azərbaycanın beynəlxalq siyasətdəki rolunu gücləndirən amildir. Burada həm iqtisadi, həm də siyasi təsir imkanları genişlənə bilər. Çünki Böyük Britaniya qlobal siyasətin əsas aktorlarından biri olub və bu gün də beynəlxalq proseslərə təsiri kifayət qədər güclüdür.
Bu baxımdan, Azərbaycanın belə bir ölkə ilə strateji tərəfdaşlıq qurması beynəlxalq münasibətlər sistemindəki mövqeyini möhkəmləndirəcək. Bu əməkdaşlıq BMT və digər mühüm beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin güclənməsinə, ölkəmizə qarşı yönələ biləcək siyasi təşəbbüslərin və mümkün addımların qarşısının alınmasına imkan yarada bilər.
Nəzərə almaq lazımdır ki, 44 günlük müharibədən sonra BMT Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə Azərbaycanın əleyhinə gündəmə gətirilən məsələlərin qarşısının alınmasında Böyük Britaniya mühüm rol oynayıb. Heç bir şübhə yoxdur ki, iki ölkə arasında strateji tərəfdaşlıq bəyannaməsi Azərbaycanın qlobal siyasətdəki çəkisini və təsir imkanlarını artıracaq.
Təbii ki, bu əməkdaşlıq Böyük Britaniya üçün də faydalıdır. Çünki Çin və ABŞ kimi qlobal siyasətdə mühüm təsirə malik güc mərkəzləri də Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri qurmağa çalışırlar. Bu, təsadüfi deyil. Azərbaycanın həm Cənubi Qafqazda aparıcı ölkələrdən biri olması, həm də beynəlxalq siyasətdə fəal rol oynaması bu marağın əsas səbəblərindəndir.
Əsas məsələlərdən biri də Orta Dəhlizin gələcəyi ilə bağlıdır. Çindən Avropaya uzanan bu marşruta yalnız iqtisadi və ya logistika layihəsi kimi yanaşmaq düzgün olmazdı. Bu dəhliz Avrasiyanın gələcək iqtisadi və siyasi xəritəsinin, eləcə də güc balansının formalaşmasında mühüm rol oynaya biləcək layihələrdən biridir. Azərbaycan isə bu marşrutun əsas iştirakçılarından biridir.
Orta Dəhlizlə bağlı maraqları olan, Avrasiyanın gələcək güc balansında mövqeyini möhkəmləndirmək istəyən qlobal güclər Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri qurmaqla öz maraqlarını təmin etməyə çalışırlar. Bu baxımdan, Böyük Britaniyanın Azərbaycanla strateji tərəfdaşlığı həmin ölkəyə Orta Dəhliz vasitəsilə Avrasiyanın gələcək güc balansında mövqeyini gücləndirmək imkanı verir”.
Siyasi şərhçi Böyük Britaniya ilə iqtisadi əməkdaşlığın Azərbaycanın xarici iqtisadi asılılığını artıracağı ehtimalını da əsaslı hesab etmir. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi münasibətlər uzun illərdir qarşılıqlı maraqlar və müqavilələr əsasında qurulur. Azərbaycanın iqtisadi müstəqillik prinsipi isə bu əməkdaşlıqda əsas amillərdən biridir:
“Heç bir şübhə yoxdur ki, bu əlaqələr Azərbaycanı iqtisadi asılılığa sürükləməyəcək. Böyük Britaniya investisiyaları Azərbaycanda əvvəldən mövcuddur. Müstəqilliyimizi bərpa etdikdən sonrakı dövrə, xüsusilə 1990-cı illərə nəzər salsaq, bunu aydın görə bilərik. Bu iqtisadi əlaqələr hər zaman qarşılıqlı maraqlar əsasında qurulub. BP uzun illərdir Azərbaycanda konkret müqavilələr çərçivəsində fəaliyyət göstərir. Yəni burada Azərbaycanın hər hansı asılılığından söhbət gedə bilməz. Mövcud təcrübə də bunu deməyə əsas verir.
Digər tərəfdən, Azərbaycanın iqtisadi müstəqillik prinsipləri var və Prezident İlham Əliyev dəfələrlə bu məsələyə toxunub. Müstəqil siyasətin, o cümlədən xarici siyasətin təməlində iqtisadi müstəqillik dayanır. Azərbaycan dövləti bu məsələdə hər zaman prinsipial mövqe nümayiş etdirib və heç bir ölkədən və ya qüvvədən asılılığı qəbul etməyib.
Ona görə də Böyük Britaniya ilə strateji əlaqələrin qurulmasının iqtisadi baxımdan hər hansı asılılıq yaradacağını düşünmürəm. Əksinə, bu əməkdaşlıq Azərbaycanın iqtisadi imkanlarını daha da genişləndirə bilər. İnvestisiyaların cəlb edilməsi, mövcud sərmayələrin artırılması və müxtəlif iqtisadi istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yarana bilər. Düşünürəm ki, bu razılaşma Azərbaycan üçün həm iqtisadi, həm də siyasi müstəvidə yeni perspektivlər açacaq”.
Gülnar Mustafayeva