Tramp Jensen Huangın “Nvidia”ya qayıdışına müsbət yanaşır
ABŞ Prezidenti Donald Tramp süni intellekt çipləri istehsal edən “Nvidia” şirkətinin keçmiş rəhbəri Jensen Huangın yenidən vəzifəsinə qayıtmasına etiraz etmədiyini bildirib. Bu məsələ texnologiya sektorunun tanınmış nümayəndələrinin keçmiş rəhbərin geri qaytarılması üçün kampaniyaya başlamasından sonra gündəmə gəlib.
Jensen Huang ötən həftə şəxsi münasibətləri ilə bağlı qalmaqal fonunda vəzifəsindən istefa verib. Onun Çinə casusluqda şübhəli bilinən qadınla və şirkətin əməkdaşlarından biri ilə münasibətdə olduğu iddia edilir. Hadisə dünyanın ən böyük texnologiya şirkətlərindən biri hesab olunan “Nvidia”da ciddi müzakirələrə səbəb olub.
Huangın vəzifəsinə qaytarılması ilə bağlı başladılan kampaniyaya “SpaceX”in rəhbəri İlon Mask və “Epic Games”in baş icraçı direktoru Tim Svini də dəstək verib. 175 mindən çox şəxsin imzaladığı açıq məktubda şirkətin daxili araşdırması davam etdiyi müddətdə keçmiş rəhbərin geri qaytarılması tələb olunur.
Donald Tramp da məsələ ilə bağlı mövqeyini açıqlayıb. O, Huangın yenidən vəzifəsinə qayıtmasını görməyə etiraz etməyəcəyini bildirib. Prezident, həmçinin keçmiş rəhbərin qadının casus olduğunu bilmədiyinə dair açıqlamasına inandığını vurğulayıb.
Bununla belə, ABŞ administrasiyasında məsələyə münasibət birmənalı deyil. Maliyyə naziri Skott Bessent şirkətin növbəti rəhbərinin kənardan seçilməsini dəstəkləyir. Eyni zamanda, qalmaqal ABŞ-ın yüksək texnologiyalı çiplərin ixracına nəzarəti ilə bağlı narahatlıqları da artırıb.
Məlumata görə, Jensen Huang yaxın çevrəsi ilə “Nvidia”ya mümkün qayıdışını müzakirə edir. Bununla yanaşı, şirkətdə daxili araşdırma davam edir, Federal Təhqiqat Bürosu da məsələ ilə bağlı araşdırma aparır.
Hələlik Huangın yenidən rəhbər vəzifəsinə təyin olunub-olunmayacağı bəlli deyil. Araşdırma başa çatana qədər onun şirkətə qayıtmaq ehtimalının aşağı olduğu bildirilir. Hazırda “Nvidia”ya şirkətin maliyyə direktoru Kolet Kress rəhbərlik edir.
Nuray Dadaşzadə