Azərbaycan-Çin əlaqələrində əməkdaşlıq mesajı
Milli Məclisin sədri Sahibə Qafarova Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Milli Məclisinin sədri ilə Çin Xalq Respublikasının ölkəmizdəki səfiri arasında keçirilən görüş dövlətlərarası münasibətlərdə yeni mərhələnin başlanmasına səbəb olmasa da, mövcud münasibətlərdən məmnunluğun ifadəsi baxımından önəmlidir:
“Nəzərə alsaq ki, Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında strateji əməkdaşlıq müqaviləsi imzalanıb, hər iki ölkənin əsas diqqəti Orta dəhlizin inkişaf etdirilməsinə və Şərq-Qərb istiqamətində qarşılıqlı ticarət dövriyyəsinin genişləndirilməsinə yönəlib. Eyni zamanda dövlətlərarası münasibətlər bir sıra beynəlxalq təşkilatlarda da əməkdaşlığı əhatə edir. Çin səfirliyi ilə Azərbaycanın qanunverici hakimiyyət sədrinin görüşü regional proseslərə birbaşa təsir edən görüş olmasa da, həm regiona, həm də dünyaya verilən bir mesajdır ki, Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlər inkişaf mərhələsindədir”.
Günel Əlili