Azərbaycan data əsaslı idarəetməyə keçir - “Yeni Rəqəmsal Arxitektura”
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən rəqəmsallaşma üzrə vahid fəaliyyət planına dair müşavirədə bir sıra mühüm məsələlər müzakirə olunub. Ən çox diqqət çəkən məqamlardan biri isə ölkədə bütün dövlət qurumlarının rəqəmsal transformasiyasının təmin edilməsi, süni intellekt əsaslı həllərin tətbiqi və həmin qurumların vahid onlayn platforma üzərindən vətəndaşlara xidmət göstərməsi ilə bağlı verilən tapşırıq olub.
Mövzu ilə bağlı İT (İnformasiya Texnologiyaları) üzrə mütəxəssis Elvin Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Yeni Rəqəmsal Arxitektura" planı, ölkənin idarəetmə modelini tamamilə data əsaslı və mərkəzləşdirilmiş sistemə çevirməyi hədəfləyir:
“Bu strateji çərçivədə görüləcək əsas işlər bütün dövlət qurumlarının məlumat bazalarının "Hökumət Buludu" (G-Cloud) infrastrukturuna inteqrasiyası və vətəndaşlara göstərilən xidmətlərin vahid internet platformasında birləşdirilməsidir. Süni intellektin tətbiqi ilə dövlət xidmətləri "proaktiv" xarakter alacaq, yəni sistem vətəndaşın ehtiyaclarını (məsələn, sənəd yenilənməsi və ya müavinət hüququ) o müraciət etmədən müəyyən edib həll edəcək. Bu transformasiya idarəetmədə bürokratik maneələri və subyektiv amilləri aradan qaldıraraq, prosesləri daha şəffaf, çevik və vətəndaş mərkəzli edəcək, eyni zamanda kağız dövriyyəsini minimuma endirərək dövlət resurslarına ciddi qənaət təmin edəcəkdir”.
Mütəxəssisin fikrincə, bu plan Azərbaycanın rəqəmsal sahədə mövqeyini gücləndirəcək və ölkəni regionda texnologiya sahəsində önə çıxaracaq:
“Milli data suverenliyinin qorunması məqsədilə kibertəhlükəsizlik sahəsində "Sıfır Etibar" (Zero Trust) protokolları tətbiq ediləcək və kritik informasiya infrastrukturu yeni nəsil yerli monitorinq sistemləri ilə gücləndiriləcəkdir. Süni intellekt əsaslı müdafiə mexanizmləri potensial kiber-hücumları öncədən aşkarlayaraq dövlətin rəqəmsal sərhədlərini sığortalayacaq, vətəndaşların fərdi məlumatlarının toxunulmazlığını ən yüksək səviyyədə təmin edəcəkdir. Bu vahid fəaliyyət planı, Azərbaycanın beynəlxalq reytinqlərdə rəqəmsal hökumət göstəricilərini yüksəltməklə yanaşı, ölkəni regionun əsas texnoloji habına çevirmək üçün hüquqi və texnoloji zəmin yaradır”.
Zəri Bayramlı
