Azərbaycan-Ermənistan sülhü: Müqavilənin imzalanması üçün hansı addımlar atılmalıdır?
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla paraflanmış sülh müqaviləsinin imzalanması və ratifikasiyasının vacibliyini vurğulaması sülh prosesinin növbəti mərhələsini gündəmə gətirib. Sənədin imzalanması ilə yanaşı, tərəflərin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və cəmiyyətlər arasında qarşılıqlı inamın yaradılması da mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Azər Allahverənov bildirib ki, sülh müqaviləsindən danışarkən ilk növbədə sənədin mətninə diqqət yetirmək lazımdır:
“Çünki sənəd imzalandıqdan və ratifikasiya olunduqdan sonra ondan irəli gələn öhdəliklərin yerinə yetirilməsi prosesinə başlanılır. 17 maddədən ibarət sazişdə suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarından imtina və güc tətbiq etməmək kimi mühüm şərtlər yer alır. Birinci, dördüncü maddələr suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı tanınmasını, ərazi iddialarından imtina və güc tətbiq etməmək öhdəliyini əhatə edir. Beşinci maddədə isə sənəd ratifikasiya olunduqdan sonra diplomatik əlaqələrin qurulması ilə bağlı müddəa öz əksini tapıb. Sərhədlərin müəyyənləşdirilməsi, sərhəddə üçüncü tərəfə məxsus qüvvələrin yerləşdirilməməsi, terrorçuluğa qarşı mübarizə və itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi də sazişin mühüm istiqamətlərindəndir. Bu öhdəliklərin yerinə yetirilməsi iki ölkə arasında münasibətlərin normallaşması baxımından vacibdir.
Sülhün davamlı olması üçün hüquqi razılaşmalarla yanaşı, cəmiyyətlər arasında qarşılıqlı inamın yaradılması da zəruridir.Səkkizinci maddədə dözümsüzlük, irqi nifrət, ayrı-seçkilik, separatizm, ekstremizm və terrorizmin bütün təzahürlərinin pislənməsi ilə bağlı müddəalar yer alıb. Ermənistan cəmiyyətində sülhə münasibət və qarşılıqlı etimad məsələlərini nəzərə alsaq, bu istiqamətdə görüləsi işlər hələ çoxdur”.
Deputat vurğulayıb ki, sülh müqaviləsinin imzalanması qarşısında duran əsas məsələlərdən biri Ermənistan Konstitusiyası ilə bağlıdır:
“Bu məsələ həll olunmadan sənədin imzalanması çətin görünür. Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı mühüm şərti Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması və bunun üçün yeni Konstitusiyanın qəbulu üzrə referendumun keçirilməsidir. Ermənistan tərəfi bu istiqamətdə zəruri addımlar atmalıdır. Paraflanmış sazişin imzalanması ilə yanaşı, onun müddəalarının yerinə yetirilməsi və xalqlar arasında inamın möhkəmləndirilməsi də sülhün gələcəyi üçün həlledici əhəmiyyət daşıyır”.
Güllüzar Nəbili