00:00:00
Yazar
Zəhra Həsənova
14.05.2026 22:21 30 2 dəq oxuma
Siyasət

Azərbaycan Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərəcəkmi? - AÇIQLAMA

Azərbaycan Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərəcəkmi? - AÇIQLAMA

İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu gün hamını maraqlandıran sual Ermənistanda keçiriləcək parlament seçkilərinə Azərbaycan müşahidə heyəti göndərəcəkmi?

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, Ermənistanda keçiriləcək seçkilərdə Azərbaycan tərəfi müşahidəçi qismində iştirak etməyəcək:

 

“Əvvəla, bu seçkilər kifayət qədər gərgin mənəvi, psixoloji və siyasi qarşıdurma şəraitində keçirilir. Yəni orada siyasi temperatur olduqca yüksəkdir. Aydın məsələdir ki, xüsusilə müxalif düşərgə anti-Azərbaycan və anti-türk ritorikasından ciddi şəkildə istifadə edir. Belə bir şəraitdə Azərbaycanın iştirak etməsi kövrək sülh prosesinə zərər vura bilər. Məncə, hələlik cəmiyyət bu münasibətlərə tam hazır deyil. Odur ki, düşünürəm ki, Azərbaycan dövləti bu seçkilərdə müşahidəçi qismində təmsil olunmayacaq. Amma ümumilikdə iki ölkə arasında müəyyən münasibətlər və anlaşmalar mövcuddur. Parlament sədrlərinin görüşləri keçirilir, dövlət rəhbərləri bir araya gəlir. Müxtəlif səviyyələrdə təmaslar davam edir. Son dövrlərdə vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri, qarşılıqlı səfərləri də baş verir. Yəni tədricən erməni cəmiyyəti barışığa hazırlanır. Hər halda düşünürəm ki, bizim cəmiyyətimizdə də müəyyən narahatlıq və narazılıq var. Yəni Azərbaycan cəmiyyəti də bu barışa və dostluğa tam şəkildə hazır deyil. Amma bütün hallarda hesab edirəm ki, biz bu məsələdə onlardan daha öndəyik. Azərbaycan cəmiyyəti, baxmayaraq ki, 30 illik müharibədə daha çox əziyyət çəkən, haqsızlığa və təcavüzə məruz qalan tərəf olub, buna baxmayaraq cəmiyyətimizdə tolerantlıq və dözümlülük var. Mənə elə gəlir ki, barışığa psixoloji hazırlıq da erməni cəmiyyətinə nisbətən daha yüksəkdir”.

 

Politoloqun sözlərinə görə, onlar haqsız tərəf olsalar da, son məğlubiyyətin yaratdığı psixoloji travma hələ tam sağalmayıb:

 

“Onların daxili yaralarının tam sağaldığını söyləmək olmaz. Üstəlik, orada davamlı şəkildə anti-Azərbaycan və anti-türk təbliğatı aparılır. Cəmiyyətdə müəyyən aqressivliyi diri saxlayan, hətta bəzi hallarda faşizm elementləri daşıyan ritorika mövcuddur. Buna görə də düşünürəm ki, Azərbaycan tərəfi bu səfərdə iştirak etməyəcək. Amma qeyd etdiyim kimi, müxtəlif səviyyələrdə əməkdaşlıq davam edir. Əgər seçkilərdən sonra hazırkı hakimiyyət, yəni Paşinyan hökuməti yenidən hakimiyyətdə qalarsa, hesab edirəm ki, bu əməkdaşlıq tədricən inkişaf edəcək və dərinləşəcək. Seçkilərin Ermənistanın daxili siyasi vəziyyətinə təsirinə gəlincə, orada siyasi böhran olduğunu demək düzgün olmaz. Amma siyasi gərginlik və qarşıdurma mövcuddur. Demokratik seçki mühiti ilə yanaşı revanşist qüvvələr də fəaliyyət göstərir. Hazırkı siyasi kursu bəyənməyən, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və ölkənin siyasi istiqamətini dəyişmək istəyən qüvvələr var. Azərbaycanla qarşıdurma xəttini dəstəkləyən, Rusiyaya yaxın və Avropaya yaxın müxtəlif siyasi qruplar mövcuddur. Yəni siyasi gərginlik və yüksək siyasi temperatur müşahidə olunur. Adətən seçki dönəmlərində belə hallar baş verir. Amma düşünürəm ki, seçkilərdən sonra bu gərginlik müəyyən qədər səngiyəcək”.

Selcan Xudiyeva

#ermənistanda #yeni #keçiriləcək #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər