Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı: regionun inkişafına təsirlər
Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət və investisiya imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb. Görüşdə sənaye, enerji, nəqliyyat-logistika sahələrində əməkdaşlıq, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin inkişafı məsələləri müzakirə olunub.
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması üçün qarşılıqlı investisiyaların genişləndirilməsi və sahibkarlar arasında birbaşa iqtisadi əlaqələrin gücləndirilməsi vacibdir.
Ekspertin sözlərinə görə, kənd təsərrüfatı, qida sənayesi, tikinti materialları, kimya sənayesi və sənaye məhsulları üzrə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur:
“Qarşılıqlı bazarlara çıxış imkanları asanlaşdırılmalı, gömrük prosedurları sadələşdirilməli, logistika xərcləri azaldılmalı və birgə istehsal müəssisələrinin yaradılmasına şərait yaradılmalıdır. Yəni əməkdaşlıq yalnız bir ölkənin digərinə məhsul satması ilə məhdudlaşmamalı, ortaq istehsal və investisiya layihələrini də əhatə etməlidir”.
Ekspert qeyd edib ki, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Çünki hər iki ölkə beynəlxalq nəqliyyat və enerji marşrutlarında əsas mövqelərdən birini tutur.
Akif Nəsirlinin fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi hər iki ölkəyə əlavə tranzit gəlirləri qazandıra bilər. Eyni zamanda, bu marşrutların inkişafı limanlara, dəmir yollarına, anbar və logistika mərkəzlərinə investisiyaların artmasına şərait yaradır.
İqtisadçı bildirib ki, Azərbaycanın enerji resursları və nəqliyyat infrastrukturu, Gürcüstanın isə Qara dənizə çıxış imkanları iki ölkənin iqtisadi üstünlüklərini birləşdirir. Bu imkanlardan birgə istifadə regionda yeni iş yerlərinin açılmasına, sənaye və xidmət sektorunun inkişafına, eləcə də xarici investisiyaların cəlbinə müsbət təsir göstərə bilər.
Akif Nəsirli vurğulayıb ki, Azərbaycan-Gürcüstan iqtisadi münasibətləri yalnız ikitərəfli ticarət çərçivəsində qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu əməkdaşlıq regionun tranzit, logistika, enerji və istehsal imkanlarını birləşdirən iqtisadi platforma rolunu oynaya bilər. Bunun davamlı nəticə verməsi üçün infrastruktur layihələri ilə yanaşı, real sektor üzrə əməkdaşlığın da dərinləşdirilməsi vacibdir.
Aytən Əhmədova