00:00:00
Yazar
Vüqar Alışov
07.04.2026 20:12 339 2 dəq oxuma
Siyasət

"Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələyə keçir”- GÜNAY AĞAMALI

"Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələyə keçir”- GÜNAY AĞAMALI

Gürcüstan və Azərbaycan arasında tarixi köklərə malik strateji tərəfdaşlıq uzun illər ərzində möhkəmlənib. Son dövrlərdə regional geosiyasi dəyişikliklər və beynəlxalq nizamın köklü şəkildə transformasiyası fonunda bu tərəfdaşlığın qorunması və inkişafı hər iki ölkə üçün prioritet məsələdir. Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdə də vurğulandığı kimi, regionda sabitliyin və sülhün təmin edilməsi, həmçinin ərazi bütövlüyü və suverenliyin dəstəklənməsi ölkələrarası əlaqələrin əsas istiqamətlərindəndir.

 

Mövzu ilə bağlı “İnformator.az”a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, Cənab Prezident İlham Əliyev ilə Gürcüstan Prezidenti Mixail Kavelaşvili arasında keçirilən görüş iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: 

 

 

“Tbilisidə baş tutan təkbətək görüş zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, qardaşlıq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı bir daha vurğulanıb. Münasibətlərin siyasi dialoqla məhdudlaşmadığı, eyni zamanda iqtisadiyyat, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər mühüm sahələr üzrə ardıcıl və uğurlu inkişaf etdiyi qeyd olunub. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin dərinləşməsində oynadığı rol da xüsusi olaraq önə çəkilib. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin strateji əhəmiyyəti görüşdə bir daha vurğulanıb. Layihələr bütövlükdə region və daha geniş coğrafiya üçün mühüm iqtisadi və geosiyasi dəyər daşıyır. Görüşdə həmçinin Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması da müzakirə edilib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan razılıqlarını bildirərək, əlaqələrin gələcək inkişaf istiqamətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında  müzakirələr aparıblar”.

 

Deputat  vurğulayıb ki, sözügedən görüş Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda olduqca önəmlidir:

 

“Region artıq əməkdaşlıq platformasına çevrilməkdədir. Rəsmi Bakı ilə Rəsmi Tbilisi arasında siyasi dialoqun davamlılığı həm regional sabitliyə, həm də geniş iqtisadi layihələrin təhlükəsiz və davamlı icrasına müsbət təsir göstərir. Azərbaycan bu prosesdə qətiyyətli və əməkdaşlığa açıq mövqe tutur”.

 

Mehriban Yariyeva

#Azərbaycan #Gürcüstan #Qafqaz #Sülh #İqtisadiyyat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər