Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq
Prezident İlham Əliyev bildirib ki, dünyada bəzi ölkələr arasında münasibətlər istənilən səviyyədə deyil və müəyyən gərginliklər müşahidə olunur. Bununla belə, Azərbaycan hər zaman sülhə, dialoqa və qarşılıqlı əməkdaşlığa üstünlük verən mövqe nümayiş etdirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan heç vaxt qarşıdurma və ya toqquşma məkanı olmayacaq, əksinə, ölkə müxtəlif dövlətlər və xalqlar arasında əməkdaşlığın, tərəfdaşlığın və qarşılıqlı anlaşmanın inkişaf etdiyi etibarlı platforma kimi fəaliyyət göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Abbasov bildirib ki, Azərbaycanın Cənubi Qafqazda sabitlik və əməkdaşlığın təşviqinə töhfə verən aparıcı rolu möhkəmlənir:
"Hər kəs razılaşar ki, Azərbaycanın "əməkdaşlıq məkanı" strategiyası regional sabitlik və əməkdaşlıq üçün mühüm potensial yaradır. Prezidentin Azərbaycanın əməkdaşlıq üçün platforma rolunu oynaması ilə bağlı yanaşması ölkənin xarici siyasətində neytral, balanslı və çoxşaxəli diplomatiyanı ön plana çıxarır, qonşu ölkələr və qlobal aktorlarla münasibətlərin strateji əsaslarla qurulmasını təmin edir.
"Əməkdaşlıq məkanı" konsepti bir neçə mühüm elementi əhatə edir. Əvvəla, Azərbaycan qonşuları ilə dialoq və tərəfdaşlıq yaratmaq məqsədi güdür. Bu, münasibətlərin balanslaşdırılmış şəkildə idarə olunması, həmçinin regional iqtisadi və nəqliyyat layihələrində qarşılıqlı fayda təmin edəcək əməkdaşlıq deməkdir. İkincisi, bu strategiya ölkənin iqtisadi inteqrasiyasını gücləndirir. Enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu, Zəngəzur dəhlizi və TRİPP marşrutu Azərbaycanın regional inteqrasiyada aparıcı rolunu göstərir, həmçinin ticarət, enerji və nəqliyyat əlaqələrini möhkəmləndirir. Üçüncüsü, Azərbaycan ərazisinin sülh təşviqi və dialoq platforması kimi mövqeyi qonşu ölkələr arasında etimadı artırmaq və gərginliyi azaltmaq imkanı yaradır.
Bu yanaşma regional sülh və təhlükəsizlik üçün konkret imkanlar yaradır, deyə bilərik. Azərbaycan neytral mövqedən çıxış edərək müxtəlif regional aktorlar üçün dialoq və əməkdaşlıq platforması rolunu oynayır. Eyni zamanda, enerji və nəqliyyat dəhlizlərinin açılması regional iqtisadi inteqrasiyanı gücləndirir və dövlətlər arasında qarşılıqlı asılılığı artırır. Beynəlxalq etibarlılığın yüksəlməsi, xarici investisiyaların cəlb olunması və Azərbaycanın strateji mövqeyinin güclənməsi də bu strategiyanın əlavə üstünlüklərindəndir.
Təbii ki, bu yanaşmanın müəyyən riskləri də mövcuddur. Və bu risklər əsasən böyük güclərin regional maraqları və qarşılıqlı təsiri ilə bağlıdır. Onların Azərbaycanın neytral mövqeyini qəbul etməməsi kimi məsələlər ortaya çıxa bilər. Lakin bu risklərin Azərbaycan tərəfindən idarə olunması mümkündür və idarə də olunur. Balanslı diplomatiya ölkənin bütün regional aktorlarla dialoqun davam etdirilməsini təmin edir. Çoxşaxəli əməkdaşlıq, yəni layihələrin bir tərəfə yox, bütün regional tərəflərə açıq olması qarşılıqlı faydanın təmin edilməsinə imkan yaradır. Daxili təhlükəsizliyin gücləndirilməsi, enerji və nəqliyyat infrastrukturunun qorunması, sərhəd nəzarətinin effektivliyi və kibertəhlükəsizlik tədbirləri riskləri minimuma endirir. Eyni zamanda, beynəlxalq dəstəyin təmin edilməsi, ayrı-ayrı beynəlxalq güclərin və təsisatların regional sabitlik təşəbbüslərinə cəlb edilməsi Azərbaycan üçün əlavə güvənlik qatını təmin edir.
Odur ki, Azərbaycanın “əməkdaşlıq məkanı” strategiyası regional diplomatiya, iqtisadi inteqrasiya və sülh təşəbbüsləri üçün mühüm imkanlar yaradır, deyə bilərik. Bu yanaşma ölkənin beynəlxalq nüfuzunu gücləndirir, qonşular və qlobal aktorlar üçün etibarlı və neytral tərəfdaş imici yaradır. Bu həm də Azərbaycanın Cənubi Qafqazda sabitlik və əməkdaşlığın təşviqinə töhfə verən aparıcı rolunu möhkəmləndirir".
Aydan Əsgərxanlı
