Azərbaycan-Hindistan əlaqələrində yeni mərhələ başlayır
Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “Informator.az”a açıqlamasında bildirib ki, bu məsləhətləşmələr Bakı və Dehli arasında əvvəllər mövcud olmuş problemlərin həlli baxımından önəmlidir:
“Hindistan Cənubi Qafqaz siyasətini əsasən Ermənistan üzərindən qurur və bu siyasət Pakistanla əlaqəli münasibətləri də əhatə edir. Hindistan, Azərbaycan-Pakistan münasibətlərini özünə qarşı bir siyasət kimi qiymətləndirir, halbuki Azərbaycan üçün belə deyil. Tarixi rəqabət fonunda Hindistan bölgədəki münasibətləri öz maraqlarına uyğun görür. Bu səbəbdən Hindistan əvvəllər daha çox Ermənistanla əməkdaşlıq edirdi və regional nəqliyyat layihələrinə də bu prizmdən yanaşırdı. Çinlə rəqabət və orta dəhliz layihələrinin inkişafı məsələsi Hindistanın strateji maraqları ilə bağlı idi. Lakin 44 günlük Vətən müharibəsindən sonra Zəngəzur dəhlizi və digər anlaşmalar Hindistanın siyasətində müəyyən dəyişikliklərə səbəb olub. Hindistan artıq öz regional siyasətini tədricən korreksiya edir. Azərbaycanla aparılan siyasi məsləhətləşmələr Hindistanı mövcud problemləri aradan qaldırmağa və Avrasiyanın nəqliyyat şəbəkəsində Azərbaycanın strateji mövqeyindən istifadə etməyə sövq edir. Bu da regionda güc balansının dəyişməsinə töhfə verə bilər. Əvvəl Hindistanın Ermənistan üzərindən apardığı siyasət İranın maraqları ilə də bağlı idi, lakin indi bu məsələlər arxa plana keçib”.
Günel Əlili