Azərbaycan-İraq Kürdüstanı əlaqələri: Regional təhlükəsizlik, türkmanlar üçün müsbət perspektiv
Yaxın Şərqdə dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan-İraq Kürdüstanı əlaqələri yeni mərhələyə daxil olur. Enerji, təhlükəsizlik və siyasi dialoq sahəsində əməkdaşlıq regional sabitliyə töhfə verə bilər. Bu proses xüsusilə bölgədə yaşayan türkman icması üçün daha güclü təmsilçilik və müsbət perspektivlər vəd edir.
Mövzu ilə bağlı "İnformator.az" a müsahibəsində siyasi şərhçi Fuad Abbasov bildirib ki, Azərbaycanın İraqın regional rəhbərliyi və Türkiyə ilə əlaqələrinə diqqət yetirilməlidir:
"Ümumiyyətlə, ərəb və region xalqları, xüsusilə İraq türkmənləri ilə tarixi bağlarımız mövcuddur. Bu əlaqələr Səfəvilər dövründən formalaşıb. Bu baxımdan Azərbaycan türkmən icması ilə yaxın münasibətləri davam etdirməli və bu əlaqələr əsasən ictimai, media və sosial sahələri əhatə etməlidir. Yaxın Şərqin dəyişən siyasi şəraitində Azərbaycan ilə Şimali İraq arasında münasibətlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan regionda öz mövqeyini daha da möhkəmləndirməyə çalışır. Bununla yanaşı, digər məsələlərə də diqqət yetirilməlidir. Burada Bakı-Bağdad münasibətləri xüsusi yer tutur. Çünki Bağdad ölkənin suverenliyinin, o cümlədən enerji suverenliyinin tərəfdarıdır və birbaşa və ya dolayısı ilə Ərbillə neft və enerji əməkdaşlığına müəyyən həssaslıq göstərir. Bu cür əməkdaşlığın Bağdad tərəfindən bəzən ikitərəfli diplomatik münasibətlərə təsir göstərə biləcəyi düşünülür.
Bu səbəbdən Bakı-Ərbil əlaqələrində Bağdadın həssaslıqları mütləq nəzərə alınmalıdır. Digər tərəfdən son illərdə Ankara ilə Ərbil arasında yaxın münasibətlərin qurulduğu və bunun Ankara-Bağdad əlaqələrinin pozulmasına səbəb olmadığı müşahidə olunur. Azərbaycan da Ankaranın bu təcrübəsindən istifadə edərək, Bakı-Bağdad-Ərbil xətti üzrə dinamik fəaliyyət həyata keçirə bilər. Lakin bu fəaliyyət mütləq balanslaşdırılan şəkildə aparılmalı və Bağdadın maraqlarına zidd olmamalıdır.
Azərbaycan ilə İraq Kürdüstanı arasında ortaq maraqlara gəldikdə isə, burada ilk növbədə enerji və infrastruktur sahələri ön plana çıxır. Azərbaycan dünyada ilk sənaye üsulu ilə neft hasil edən ölkələrdən biri kimi böyük təcrübəyə malikdir. Ölkəmiz neft və qaz yataqlarının işlənməsi, boru kəmərlərinin tikintisi, tranzit marşrutlarının yaradılması və beynəlxalq enerji layihələrinin həyata keçirilməsi sahəsində zəngin təcrübəsini İraq Kürdüstanının enerji infrastrukturunun inkişafına yönəldə bilər. Bundan əlavə, təhlükəsizlik sahəsində də əməkdaşlıq imkanları mövcuddur. Azərbaycanla İraq arasında birbaşa sərhəd olmasa da, Türkiyənin regionda təhlükəsizliyinin təmin edilməsi baxımından müəyyən əməkdaşlıq formatları mümkündür.
Eyni zamanda siyasi və iqtisadi şaxələndirmə məsələsi də mühüm əhəmiyyət kəsb edir. Bakı ilə əməkdaşlıq Ərbil üçün yeni imkanlar yarada bilər. Dünya ilə daha geniş inteqrasiyaya çalışdığı bir dövrdə Ərbil Azərbaycanı etibarlı və perspektivli tərəfdaş kimi dəyərləndirə bilər. Bu isə Azərbaycanın Yaxın Şərqdəki mövqelərinin daha da güclənməsinə xidmət edər.
Bununla yanaşı, Türkiyə, Bağdad və İsrail faktorları da diqqətdən kənarda qalmamalıdır. Uzun müddət ərzində İsrail Şimali İraqın neftinin əsas qeyri-rəsmi alıcılarından biri olub. Azərbaycan ilə İsrail arasında mövcud strateji əməkdaşlıq da nəzərə alınarsa, bu amilin regiondakı siyasi balanslara təsiri mümkün hesab olunur. Bu cür əməkdaşlıq müəyyən hallarda həm İranın, həm də Bağdadın narahatlığına səbəb ola bilər.
Nəticə etibarilə, Azərbaycanın Yaxın Şərq siyasəti, xüsusilə Ərbillə əlaqələri balanslaşdırılan xarici siyasət prinsipləri əsasında qurulmalıdır. Bu yanaşma region dövlətlərinin maraqlarına və həssaslıqlarına hörmət etməklə Azərbaycanın mövqelərinin möhkəmlənməsinə xidmət edəcəkdir".
Ədilə Hüseynzadə
