Azərbaycan-İspaniya dialoqu: Tərəfdaşlığın yeni istiqamətləri
Azərbaycan və İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundunun keçirilməsi iki ölkə arasında siyasi dialoqun davam etdiyini və əməkdaşlıq sahələrinin genişləndiyini göstərir. Oktyabrın 6-7-də Madriddə keçirilən görüşdə siyasi münasibətlərlə yanaşı, iqtisadiyyat, enerji və yaşıl enerji, nəqliyyat-logistika, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq, AMİP Ali Məclisinin sədri Rəşad Bayramov bildirib ki, bu münasibətlərinin hazırkı mərhələsini yalnız siyasi təmasların intensivliyi ilə deyil, əməkdaşlıq sahələrinin genişlənməsi ilə də xarakterizə etmək olar:
“İspaniya Avropa İttifaqının mühüm siyasi və iqtisadi aktorlarından biridir. Azərbaycan üçün Madridlə dialoq həm ikitərəfli əlaqələrin inkişafı, həm də enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional məsələlərlə bağlı mövqelərin izah olunması baxımından əhəmiyyətlidir. İki ölkə arasında əməkdaşlığın diqqətçəkən istiqamətlərindən biri mina təmizlənməsi sahəsi ola bilər. Azərbaycanın mina problemi postmünaqişə dövrünün ən ciddi məsələlərindən biridir. Mina təhlükəsinin aradan qaldırılması yalnız humanitar məsələ deyil, həm də keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı, ərazilərin bərpası və iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir. Azərbaycanın bu sahədə formalaşdırdığı təcrübəyə İspaniyanın maraq göstərməsi qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yarada bilər. Bu istiqamətdə əməkdaşlıq yalnız Azərbaycanın öz təcrübəsini bölüşməsi ilə məhdudlaşmamalıdır. Söhbət birtərəfli təcrübə ötürülməsindən deyil, qarşılıqlı təcrübə mübadiləsindən getməlidir. İki ölkənin aidiyyəti qurumları arasında texniki bilik və yanaşmaların paylaşılması həm Azərbaycanın mina təmizlənməsi sahəsində imkanlarının beynəlxalq səviyyədə tanıdılmasına, həm də İspaniyanın təcrübəsindən yararlanmağa şərait yarada bilər. Siyasi məsləhətləşmələrin 5-ci raundu Azərbaycan-İspaniya münasibətlərinin konkret əməkdaşlıq istiqamətləri ilə zənginləşdiyini göstərir. Yaşıl enerji, investisiya, nəqliyyat və logistika, eləcə də mina təmizlənməsi kimi sahələrdə əməkdaşlığın genişlənməsi iki ölkə arasındakı münasibətlərə daha praktik məzmun qazandıra bilər. Bu istiqamətlər üzrə konkret layihələrin həyata keçirilməsi Azərbaycan-İspaniya əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar yaradar”.
Güllüzar Nəbili