“Azərbaycan körpü rolu oynayır” - ŞƏRH
Türkiyə Macarıstanla strateji tərəfdaşlığı daha da inkişaf etdirmək və beynəlxalq platformalarda fəal əməkdaşlıq etmək niyyətindədir.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Ərdoğanın Türkiyə və Macarıstan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı verdiyi mesaj əslində daha geniş geosiyasi çərçivədə qiymətləndirilməlidir və bu kontekstdə Azərbaycan amili xüsusi əhəmiyyət kəsb edir:
“Türkiyə-Azərbaycan münasibətləri artıq uzun illərdir ki, “bir millət, iki dövlət” konsepsiyası üzərində qurulmuş siyasi, hərbi və iqtisadi inteqrasiyanın nümunəsidir və Ankara üçün regional siyasətdə mühüm dayaq nöqtəsidir. Macarıstanın isə son illərdə türk dövlətləri ilə münasibətlərini aktiv şəkildə inkişaf etdirməsi, o cümlədən, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alması Budapeştin Ankaraya yaxınlaşmasını yalnız ikitərəfli deyil, çoxşaxəli strateji xətt kimi təqdim edir. Bu vəziyyətdə Azərbaycan dolayı şəkildə Türkiyə-Macarıstan yaxınlaşmasının enerji, nəqliyyat və təhlükəsizlik ölçülərində körpü rolunu oynayır”.
Politoloq qeyd edib ki, Türkiyə ilə Macarıstan arasında münasibətlərin dərinləşməsi Avropa İttifaqı daxilində əvvəlki dövrlərlə müqayisədə fərqli kontekstdə qiymətləndirilə bilər:
“Uzun müddət Viktor Orban hakimiyyəti dövründə Budapeşt ilə Brüssel arasında hüquqi dövlət, miqrasiya və xarici siyasət məsələlərində ciddi fikir ayrılıqları mövcud olub. Ankara ilə yaxınlaşma bu ziddiyyətlərin bir elementi kimi qəbul olunur. Lakin Macarıstanda hakimiyyət dəyişikliyindən sonra Brüssel ilə daha konstruktiv və koordinasiyalı xətt yürütməyə çalışan yeni siyasi qüvvələrin ortaya çıxması fonunda Türkiyə ilə əməkdaşlığın mahiyyəti də müəyyən qədər transformasiya oluna bilər. Bu halda Budapeştin Ankara ilə münasibətləri artıq Avropa İttifaqına alternativ siyasi xətt kimi deyil, daha çox Aİ-nin ümumi maraqları ilə uzlaşdırıla bilən praqmatik əməkdaşlıq formatı kimi təqdim olunmağa çalışıla bilər. Bununla belə, Türkiyənin Aİ ilə münasibətlərinin hələ də mürəkkəb və çoxqatlı xarakter daşıması səbəbindən bəzi üzv dövlətlər bu yaxınlaşmaya ehtiyatla yanaşa bilər, xüsusilə də, xarici siyasət və təhlükəsizlik məsələlərində koordinasiyanın hansı səviyyədə olacağı sual doğura bilər”.
Həmçinin politoloq vurğulayıb ki, enerji təhlükəsizliyi və regional sabitlik kontekstində Türkiyənin rolu nəzərə alınarsa, bir sıra Aİ ölkələrinin bu əməkdaşlığı daha çox funksional və faydayönümlü prizma ilə qiymətləndirəcəyi də istisna deyil:
“Bu isə ümumilikdə İttifaq daxilində əvvəlki kimi kəskin siyasi gərginlikdən çox yanaşmaların differensiasiyası ilə müşayiət olunan daha balanslı reaksiyalara yol aça bilər. Bu əməkdaşlığın Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə təsirinə gəldikdə isə ümumi mənzərə daha çox müsbət və tamamlayıcı xarakter daşıyır. Türkiyənin Avropada etibarlı tərəfdaşlar şəbəkəsini genişləndirməsi, o cümlədən, Macarıstan kimi ölkələrlə əlaqələri gücləndirməsi, dolayısı ilə Azərbaycanın da Avropa ilə iqtisadi və enerji sahəsində inteqrasiyasına əlavə imkanlar yaradır. Xüsusilə, Cənub Qaz Dəhlizi kimi layihələr çərçivəsində Azərbaycanın rolu nəzərə alınarsa, Türkiyə-Macarıstan əməkdaşlığı bu marşrutların siyasi dəstəyini artıran faktor kimi çıxış edə bilər”.
Günel Əlili