00:00:00
Yazar
Güllər Gülhüseynova
03.09.2026 21:40 67 2 dəq oxuma
Siyasət

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni perspektivlər açır

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni perspektivlər açır

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi və humanitar əlaqələri son illərdə daha da intensivləşir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqla yanaşı, ikitərəfli münasibətlərin də genişlənməsi Azərbaycanın regiondakı rolunu gücləndirir. Xüsusilə Orta Dəhliz layihəsi ölkəmizin Mərkəzi Asiya ilə Qərb arasında mühüm bağlantı nöqtəsinə çevrilməsinə imkan yaradır. Azərbaycanın regional platformalarda fəallığının artması isə bu əlaqələrin yeni mərhələyə keçdiyini göstərir.

 

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri bir neçə ildir ki, davam edir:

 

“Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində, həmçinin ikitərəfli əlaqələr formatında Qırğızıstan, Özbəkistan və Qazaxıstanla münasibətlərini inkişaf etdirir. Qırğızıstanla siyasi, iqtisadi, təhsil, mədəni və humanitar sahələrdə münasibətlər davam edir və bu əlaqələr getdikcə daha da genişlənir. Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə müxtəlif platformalarda əməkdaşlıq edir. Əvvəllər “C5” formatında olan əməkdaşlığa Azərbaycanın da qoşulması ilə format “C6” şəklində genişlənib. Beləliklə, Azərbaycan artıq Mərkəzi Asiyanın siyasi platformalarında da yer alır. Bu, Azərbaycanın regionda tutduğu geosiyasi və iqtisadi mövqedən, Şərqlə Qərbin birləşdirilməsində oynadığı mühüm roldan irəli gəlir. Mərkəzi Asiya ilə Qərb arasında əlaqələrin qurulmasında Orta Dəhlizin Azərbaycan üzərindən keçməsi ölkəmizin əhəmiyyətini daha da artırır”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, Qırğızıstanla əlaqələr və ümumilikdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı artıq yeni dünya siyasi nizamında baş verən transformasiyaların tərkib hissəsidir:

 

“ŞƏT platformasında Azərbaycanın fəallığının artması Mərkəzi Asiya ölkələri ilə münasibətlər üçün, təbii ki, əlavə imkanlar açacaq. ŞƏT çərçivəsində gömrük, təhlükəsizlik, antiterror və digər məsələlərlə bağlı müəyyən razılaşmaların əldə olunması da mümkündür. Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində olduğu kimi, ŞƏT çərçivəsində də bu ölkələrlə münasibətlərini müxtəlif istiqamətlərdə davam etdirəcək. Bu isə Azərbaycanın beynəlxalq müstəvidə etimadının daha da möhkəmlənməsinə, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın və qarşılıqlı dəstəyin güclənməsinə gətirib çıxaracaq”.

 

Güllər Gülhüseynova

#əməkdaşlığı #xəbər #açır #perspektivlər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər