Azərbaycan Məşvərət Komitəsinə yenidən üzv seçilib - ŞƏRH
Azərbaycan 2026-2028-ci illər üçün Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının (ITSO) Məşvərət Komitəsinə yenidən üzv seçilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycan ümumiyyətlə qlobal məsələlərin həllində iddialı dövlətlərdən birinə çevrilib:
“Artıq bütün dünyada bizi orta güc kimi qəbul edirlər. Belə bir şəraitdə, təbiidir ki, xüsusilə də peyk layihələri və yaxud bütövlükdə telekommunikasiya imkanları ilə bağlı Azərbaycan mütləq ön sıralarda olmalıdır. Sözügedən bu seçkinin nəticəsi əslində Azərbaycanın imkanlarının növbəti dəfə qlobal səviyyədə dəyərləndirilməsi deməkdir. Bizi bu cür qəbul edirlər. Biz artıq kosmos ölkələri sırasındayıq. Biz ümumiyyətlə bu kosmik sənayedə də öz sözümüzü demişik, öz addımlarımızı atırıq, irəli çıxırıq. Hətta 2020-ci ilin 44 günlük Vətən müharibəsində də biz kosmik imkanlardan necə istifadə etdiyimizi dünyaya göstərdik. Yeri gəlmişkən, bizim bu imkanlarımızı dünyada öyrənirlər, yəni təcrübəmizi mənimsəməyə çalışırlar. Bu baxımdan Azərbaycana göstərilən bu etimad təsadüfi deyil”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan özünü tanıtmaqla, istər peyk və telekommunikasiya sahəsində, istərsə də başqa anlamda əlavə imkanlar əldə etmiş olur:
“Biz, bilirsiniz ki, dünyaya özümüzü tanıtmaq məcburiyyətində olmuşuq uzun illər. Bu da təsadüfi deyil. Yeni müstəqillik qazanmışdıq. Ondan savayı, bizə qarşı çox geniş cəbhə açılmışdı. Bu gün də o cəbhə davam etməkdədir. Sadəcə olaraq, çox səngiyib. Yəni gücləri artıq bizə yetmir. Amma bununla belə, biz suyun üzündə qala bilmək, hərəkətdə qala bilmək üçün bu cür texnologiyalardan, bu cür texnologiyalarla məşğul olan qurumlarda təmsilçilikdən istifadə etməliyik. Təbiidir ki, belə bir qurumda üzvlük Azərbaycanın sözügedən sahədə iş birliyini və imkanlarını yetərincə genişləndirə bilər. Birincisi, nəzərə almalıyıq ki, Azərbaycan özü bunda maraqlıdır, yəni bu imkanların genişləndirilməsində. İkinci bir tərəfdən də təbiidir ki, o cür nüfuzlu qurumlarda təmsil olunmaq o deməkdir ki, bizim çoxları üçün əlçatmaz olan texnologiyalara, məlumatlara çıxış imkanlarımız yaranır. Həmin o məlumatlar, indiki dildə desək, datalar bizim həm də bu sahədə inkişafımıza əlavə töhfə verə bilər”.
Selcan Xudiyeva