Azərbaycan mətbuatı və ədəbiyyatının salnaməçisi
1993-cü ilin soyuq, sazaqlı bir payız günü idi. Mətbuatımızın, ədəbiyyatımızın canlı salnaməçisi olan Qulam Məmmədli ilə görüşüb müsahibə götürməli idim. Redaksiyadan zəng edib, müsahibə üçün vaxt təyin etdik. Vədələşdiyimiz vaxtdan beş-on dəqiqə tez gəldim. Qulam müəllimin ürəyincə olmuşdu. Salam-kəlamdan sonra dedi: “Əhsən qızım, vaxtında gəlmisən. Mən gözləməyi və vaxt itirməyi xoşlamıram”. Əlbəttə, Qulam müəllim “Molla Nəsrəddin”, dahi Mirzə Cəlil məktəbini keçmişdi. O, vaxtın qədrini bilməsəydi bu gün mətbuatımızın, ədəbiyyatımızın, onun klassiklərinin həyat və yaradıcılığı haqqında çox yüksək qiyməti və dəyərli olan bu zəngin irsi bizə miras qoya bilməzdi. Bu irs bizi bu gün də bir çox qaranlıq mətləblərdən hali edir.
20-ci yüzilliyin əvvəllərindən sonuna kimi Azərbaycan ədəbiyyatının, mətbuatının tədqiqi ilə məşğul olan publisist, teatrşünas, salnaməçi, mətbuatşünas alim Qulam Məmmədlini tədqiqatçı alimlər çox haqlı olaraq “canlı ensiklopediya” adlandırırdılar. 1913-cü ildən İ.İ.Aleksandrov mətbəəsində mürəttib kimi işə başlayan Qulam Məmmədli ömrünün sonuna, 1994-cü ilin son aylarına qədər həyatını Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, tədqiqinə həsr etdi. Respublikanın mədəniyyət və mətbuat orqanlarında məsul vəzifələrdə işləyən Q.Məmmədli 1950-55-ci illərdən, əsasən, Azərbaycan ədəbiyyatının və mətbuatının tədqiqatı ilə məşğul olmağa başlayır. Axtarışlarını yalnız respublikada deyil, Moskva, Tiflis, Yerevan, Kiyev, Kazan, Aşqabad və Həştərxan arxivlərində, muzeylərində, kitabxanalarında davam etdirir. Burada rus, ərəb, fars, türk, tatar dillərində olan mətbuat orqanlarındakı materialları oxuyur, arxivlərdəki sənədlərlə tanış olur və nəticədə son dərəcə zəngin material toplayıb, onları tədqiqata və təhlilə cəlb edirdi.
Görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədovun təbirincə desək, “…bizdə yeni elmi-bioqrafik janr olan salnamənin ilk nümunələrini Qulam Məmmədli yaradıb”. Beləliklə, ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başlayan tədqiqatçı alim M.Cəlil, H.Cavid, M.T.Sidqi, N.Nərimanov, C.Zeynalov, Ü.Hacıbəyli, Cənubi Azərbaycanın Sabiri adlandırılan M.Ə.Möcüzün və onlarla digər qələm sahiblərinin həyat və yaradıcılığına həsr etdiyi əsərləri təkcə ədəbiyyat və mətbuat sahəsində deyil, həm də Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni mühitinin mənzərəsini “canlandırmaq” üçün əvəzsiz mənbələrdəndir. Tədqiqatçı 1966-cı ildən başlayaraq bir-birinin ardınca Molla Nəsrəddin (salnamə, 1966), Hüseyn Ərəblinski (salnamə, 1967), Cahangir Zeynalov (salnamə, 1968), Azərbaycan teatrının salnaməsi (I hissə, 1974), Üzeyir Hacıbəyov (albom-kitab, 1975), İmzalar (1977), Cavid ömrü boyu (1982), Azərbaycan teatrının salnaməsi (II hissə, 1983), Üzeyir Hacıbəyov (salnamə, 1983), Molla Nəsrəddin (salnamə, II çapı, 1984), Üzeyir Hacıbəyov (albom-kitab, 1985), Abbas Mirzə Şərifzadə (1985), Nəriman Nərimanov (salnamə, 1987), Sizə kim lazımdır? (1990) kimi sanballı əsərlərini yazaraq çap etdirdi.
Onlarla elmi-bədii kitabların, salnamələrin, yüzlərlə publisistik, elmi, siyasi, bədii məqalələrin, felyetonların, xatirələrin müəllifi olan Qulam müəllimin yaradıcılığında “Mollanəsrəddinşünaslıq əsas yer tutur” desək, məncə, yanılmarıq. Bu, bəlkə də, tədqiqatçı alimin dahi Mirzə Cəlillə tez-tez ünsiyyətdə olmasından, ondan xeyli qayğıkeşlik və kömək görməsindən, ən əsası isə Mirzənin yaradıcılığına, şəxsiyyətinə olan hörmətindən, əzizindən irəli gəlirdi. Bu haqda Qulam müəllim deyirdi: “Mənim xoşbəxtliyimin, mətbuata gəlməyimin əsas səbəbi Mirzə Cəlil Məmmədquluzadə olub. 1923-cü ilin 5 iyununda. Böyük ədibin məsləhətləri mənim bütün gələcək yaradıcılıq yolumu müəyyənləşdirdi”.
Beləliklə, “Molla Nəsrəddin” ədəbi məktəbinə bir görkəmli qələm əhli də daxil olur. Qulam müəllimin xatirələrindən bəlli olur ki, o, tez-tez Mirzə Cəlillə görüşüb, ondan məsləhətlər alıb. Ona görə də bu mövzu onun üçün çox doğma və əziz idi. Qulam müəllim bu mövzuda onlarla məqalələr, xatirələr, oçerklər yazsa da, geniş şəkildə ilk dəfə 1966-cı ildə “Molla Nəsrəddin” adlı salnaməsini M.Cəlilin 100, jurnalın isə 60 illik yubileyinə hədiyyə olaraq oxucularına təqdim edib.
On yeddi il sonra tədqiqatçı alim bu əsəri daha da təkmilləşdirilmiş halda yenidən nəşr etdirib. Çünki bu illər ərzində tədqiqatçı alim M.Cəlil və ümumən mollanəsrəddinçilər haqqında tədqiqatını davam etdirmiş, çoxlu sayda tarixi sənədlər, arxiv materialları əldə etmişdir. “Bunlar istər C.Məmmədquluzadənin həyat və fəaliyyətini, istərsə də Mollanəsrəddinşünaslıq elminin bir çox cəhətlərinə yenidən baxıb yeni nəticələrə gəlməyə əsas verir”. İkinci nəşrdə Qulam müəllim M.Cəlilin elmi ictimaiyyətə bəlli olmayan bir neçə mətbu əsərini üzə çıxarmaqla yanaşı, dövrü mətbuatda onun həyat və yaradıcılığı haqqında çoxlu materiallar da tapıb elmi ədəbiyyata gətirmişdi. Alimin tədqiqata cəlb etdiyi məxəzlər sırasında arxiv sənədləri, vaxtilə ədiblə bir yerdə işləyən, müəyyən hadisələrin şahidi olan müasirlərinin xatirələri, məktubları üstünlük təşkil edir. Salnamədə ilk dəfə olaraq M.Cəlilin gizli imzalarından bəhs edən müəllif onun dili, üslubu, yazı tərzi, yaradıcılığının ideya-məzmun xüsusiyyətləri haqqında da geniş məlumat vermişdir.
Q.Məmmədlinin diqqəti cəlb edən digər bir tədqiqat əsəri 1982-ci ildə işıq üzü görən “Cavid ömrü boyu” adlı salnaməsidir. “Yaxın Şərqdə yeni tipli fəlsəfi şeir – “Şərq romantizmini” yaradanlardan biri olan Hüseyn Cavid” yaradıcılığına həsr edilən bu əsərdə müəllif, H.Cavidin həyat və sənət yollarında ədəbi ictimaiyyətə bəlli olmayan bir çox qaranlıq məqamlarını üzə çıxarır və 1930-36-cı illərdə Azərbaycan ədəbi tənqidinin H.Cavidə münasibətdə yol verdiyi metodoloji əyintilərdən bəhs edir.
Bu salnamənin üstün cəhətlərindən biri odur ki, ilk dəfə olaraq məhz burada Hüseyn Cavidin dövrü mətbuatdakı məqalələrindən və Cavidlə bağlı olan məqalələr haqqında qısa-qısa parçalar verilib. Cavidşünaslar, əsasən, ədəbiyyat və poeziya və dramaturgiyası haqqında tədqiqat apardıqları halda, Qulam müəllim bunlardan fərqli olaraq H.Cavidi həm də bir publisist kimi tədqiqata cəlb etmişdir (Bir faktı da qeyd edək ki, H.Cavidin publisistikasına müraciət edən tədqiqatçı alim Kamran Məmmədov da bir neçə məqaləsini bu mövzuya həsr edib).
Qulam müəllim yazırdı ki: “1903-cü ildə ilk dəfə olaraq “Şərqi-Rus” qəzetində bədii publisistik məqaləsi çap olunan H.Cavidin son mətbu çıxışı “Ədəbiyyat qəzeti”nin 24 may 1937-ci il tarixində olub”. Bu dövr ərzində Cavid, əsasən, “Həqiqət”, “İqbal”, “İrşad”, “Füyuzat”, “Şəlalə”, “Dəbistan”, “Açıq söz”, “İstiqlal”, “Qurtuluş”, “Bəsirət”, “Azərbaycan”, “Yeni yol”, “Ədəbiyyat qəzeti”, “İnqilab və mədəniyyət” mətbu orqanlarında çap olunmuşdur”.
Salnaməsində H.Cavidin imzaları haqqında geniş məlumat verən Qulam müəllimin fikrincə: “Cavidə istinad edilən üç örtülü imza da var: “Müxbir”, “Növrəs”, “Qədirşünas”. Tədqiqatçı alim hər üç imzanın H.Cavidə məxsus olduğunu faktlarla, dəlillərlə sübut edərək bildirirdi ki, Cavid “Qədirşünas” və “Müxbir” imzaları ilə “İqbal”da, “Növrəs” imzası ilə isə “Həqiqət”də çap olunub.
Ümumiyyətlə, salnamədəki bir sıra sənədlər göstərir ki, bu əsər Qulam Məmmədlinin Cavid yaradıcılığına, şəxsiyyətinə olan hörmətin, sevginin nəticəsində belə sanballı yaranıb. Müəllifin “Cavid salnaməsi” “Cavid ətrafında ədəbi-tənqidi mübahisələrin və əyintilərin də tarixini olduğu kimi özündə əks etdirməsə idi, məhz bir salnamə kimi obyektiv, mötəbər elmi-tarixi məxəz kimi natamam və naqis görünərdi”. Məhz ilk dəfə olaraq bu əsərdə Qulam müəllim H.Cavidin mətbuatda ilk çıxışı haqqında düz informasiya verərək, yanlışlıqlara öz münasibətini bildirir.
Tədqiqatçının 1977-ci ildə mətbuat tarixi ilə bağlı “İmzalar” adlı kitabı çap olunub. Əslində bu əsərlə də Qulam müəllim bir daha mollanəsrəddinçilərin fəaliyyətinə nəzər yetirib. Çünki Azərbaycan mətbuat tarixində daha çox gizli imzalardan və təxəllüslərdən onlar istifadə etmişlər. Əsər Azərbaycan mətbuatı tarixində çox gərəkli bir mənbədir. Azərbaycan ədəbiyyatında və mətbuatın da müxtəlif zamanlarda işlənən gizli imzaların və təxəllüslərinin şərhinə həsr olunmuş bu kitab, şübhəsiz oxucuların diqqətini cəlb edərək, mütəxəssislər, müəllimlər və oxucular üçün faydalı bir mənbə oldu. Ancaq bir cəhəti qeyd etmək istəyirik. Bu kitab Azərbaycan mətbuatının tarixi ilə bağlı olan, mətbuat xadimlərimizin bir neçə nəslini yaxından tanıyan, onların bir çoxları ilə dostluq edən, qəzetlərin, jurnalların səhifələrində, arxivlərdə uzun illər boyu axtarışlar aparan yorulmaz tədqiqatçı, qocaman jurnalist Qulam Məmmədlinin yarım əsrlik gərgin əməyinin, fəal müşahidələrinin məhsuludur. Əsəri oxuduqca bəlli olur ki, Q.Məmmədli hələ 1917-ci ildən gizli imza müəlliflərinin şəxsiyyətləri ilə maraqlanmağa başlamışdır. Qeyd etmək lazımdır ki, “ədəbi ictimaiyyətin və oxucuların mühakiməsinə təqdim edilən həmin kitab nəşriyyatımızın tarixində bu mövzuda ilk qiymətli əsərdir”.
Bildiyimiz kimi, naməlum, gizli, örtülü və uydurma imzalar, müəllifi məlum olmayan müxtəlif təxəllüslər, əsas etibarı ilə birinci rus inqilabından sonra Azərbaycan mətbuatında, xüsusən satirik qəzet və jurnallarda görünməyə başlamışdır. Bu kimi gizli imzalardan, təxəllüslərdən “Əkinçi”dən başlayaraq sonrakı mətbuat orqanları da istifadə etməyə başladılar, əsasən isə Azərbaycan satirik jurnalistikasının “Şah əsəri” sayılan “Molla Nəsrəddin” jurnalı. 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının ilk nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox idi. Beləliklə də, “Molla” örtülü imza ilə mətbuatda çıxış etməyi” qanuni bir şəklə saldı və Azərbaycan mətbuatında gizli imzalar uzun müddət daha qabarıq şəkildə işlədildi.
Sadaladığımız bu faktlar bir daha sübut edir ki, Azərbaycan ədəbiyyatının və mətbuatının tədqiqində daha çox zəhməti olan tədqiqatçı alimlərdən biri də Qulam Məmmədlidir. Qulam müəllim 60 ildən çox ömrünü bu çətin, məsuliyyətli işə cəlb edib. Azərbaycan mətbuatı tarixinə həsr edilən əsərləri bu gün jurnalistikamızın tarixini, inkişafını öyrənmək üçün ən mötəbər məxəzlərdəndir.
Bu məqalədə Qulam müəllimin nə “Molla Nəsrəddin”dəki, nə də digər mətbuat orqanlarındakı fəaliyyətindən bəhs etməyi lüzumsuz bildim. Çünki Qulam müəllim yeganə mollanəsrəddinçi yazar idi ki, yaradıcılığının böyük hissəsini Azərbaycan mətbuatının və ədəbiyyatının araşdırılmasına həsr edərək bir daha elmi ictimaiyyətə sübut etdi ki, başda Mirzə Cəlil olmaqla mollanəsrəddinçilər XX əsr ədəbiyyatımızın, mətbuatımızın təkrarolunmaz klassikləridir.

BDU-nun professoru Qərənfil Dünyaminqızı