00:00:00
Yazar
Nərmin Həşimova
16.05.2026 23:59 26 7 dəq oxuma
Maraqlı

“Füyuzat”çı Səid Səlmasi

“Füyuzat”çı Səid Səlmasi

Hörmətli oxucu! Çox təəssüflər ki, bu gün “Füyuzat”çı yazarlardan söz düşəndə çoxları Səid Səlmasi, Əhməd Kamal, Abdulla Cövdət, Həsən Səbri Ayvazov, İbrahim Tahir Musayev və başqaları haqqıbda bəsit bigilərə malikdirlər. Ona görə də onlar haqqında sizlərə geniş məlumat vermək istərdim.
 
Çox qəribədir “Füyuzat”çıların əksəriyyətinin taleyinə bir nisgillik, nakamlıq hakim kəsilib. Sanki illər sonra sovetlərin onlara yaşadacağı bu acı taleyə Ulu Tanrı onları hazırlayırmış. Qürbətdə vətən həsrəti ilə haqq dünyasına qovuşan H.Cavid, vətəndə bir gün belə xoşbəxt olmayan yurdsuz-yuvasız M.Hadi, sovetlərin “qayda-qanun”larına tab gətirə bilməyib ürəyi partlayan S.Mənsur, ömrünü-gününü Azərbaycanın istiqlalı yolunda çarpışmalarda keçirən M.Ə.Rəsulzadə və daha onlarla, yüzlərlə nakam həyat yaşamış romantiklər… Və cəmi-cümlətanı 23 il yaşamış Səid Səlmasi. Arzuları xəyalları kimi yarımçıq qalan, gənc ikən amansızlığın qurbanı olan Səid Səlmasi.


 
Səid Məşədi Xəlil oğlu Haqverdiyev 1887-ci ildə Cənubi Azərbaycanda Dilməqan şəhərində ruhani ailəsində dünyaya gəlib. Dövrünün əksər uşaqları kimi o da ilk təhsilini mədrəsədə almış, sonra isə yeni üsullu məktəblərdə təhsilini davam etdirərək dünyəvi elmlərlə yanaşı, bir neçə dil də mükəmməl sahib olub. Bəzi tədqiqatçıların yazdığına görə Səidin atası, babası İran tacirlərindən olub və tez-tez Avropa ölkələrinə ticarət üçün səfər edərlərmiş. Bu səfərlərdə Səid də onlara qoşulurmuş. Beləliklə, Avropa ölkələrinə səyahət Səidin həm mədəni inkişafına, həm də dünyagörüşünə, həyata baxışına çox böyük təsir etmişdi. Ticarət işlərinə kömək etsə də, vaxt tapıb buranın mədəniyyət, mətbuat aləmi ilə də tanış olur və gördüklərini vətənində həyata keçirmək arzusu ilə vətənə qayıdan Səid öz hesabına Səlmasda yeni üsullu məktəb açdırır, “Şəfəq” adlı qəzetin nəşrinə başlayır. Avropada gördüklərini öz yaşıdları arasında təbliğ etmək üçün bu iki yol Səidə çox kömək edir. Çətinliklə də olsa özünə həmfikir gənclər tapır, onların məfkurəsini dəyişməyə can atır.
 
Təbii, gənclərin yeniliyə, tərəqqiyə can atmaları nə hökumətin, nə də bir qrup “din adamlarının” xoşuna gəlir və Səid onların qara siyahısına düşür. Amma artıq gec idi. 1905-ci il hadisələri ölkənin siyasi-mədəni mühitinə öz təsirini göstərməkdə idi. Odur ki, Səid azadlığa, yeniliyə can atan həmyaşıdları ilə 1905-ci il inqilabı nəticəsində Cənubi Azərbaycanda əmələ gələn azadlıq hərəkatının fəal iştirakçılarına çevrilmişdir. Ona görə də güclü təqibə məruz qalan Səid məcburiyyət qarşısında vətənini tərk edərək Bakıya üz tutur. Xalqlara ən adi hüquq və azadlıqlar əldə etmək ümidi vermiş 1905-ci il hadisələrinin gətirdiyi fürsəti Azərbaycan ziyalıları əldən qaçırmadılar. Artıq Bakıda tədqiqatçıların təbirincə desək: “…bu zaman sosial münasibətlərin kəskinləşməsi, fəhlələrin kütləvi çıxışları, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin siyasi və ideoloji cəhətdən fəallaşması üçün obyektiv şərait yaratdı”.
 

Uzun illər çar hökumətinin hər vəchlə qadağa qoyduğu anadilli mətbuat öz işini görməyə başladı. “Həyat”ın, “İrşad”ın, “Füyuzat”ın fəaliyyəti xalqın milli mənlik şüurunun və siyasi yetkinliyinin artmasına təkan verirdi ki, illər sonra “1905-ci il haqlı olaraq milli siyasi mətbuatın təşəkkülü ili” adlandırıldılar. Ölkədə yaranan siyasi partiyalar, xeyriyyə cəmiyyətləri, ədəbi dərnəklər bu siyasi-ictimai hadisələrin inkişafına daha böyük təkan oldu…Belə bir vaxtda Səid Səlmasi Bakıya gəldi. Bakıda ilk olaraq Əli bəy Hüseynzadə və Hüseyn Cavidlə təmasda oldu. Ona da qeyd edək ki, Səid Səlmasi filosof şairimiz Hüseyn Cavidlə hələ Bakıya gəlməzdən əvvəl İstanbulda tanış olmuşdu. Bu haqda görkəmli tədqiqatçı alim, yazıçı-publisist Rafael Hüseynov “Vaxtdan uca” əsərində yazır ki: “H.Cavid İstanbulda məşhur inqilabçı şair Səid Səlmasi ilə, “Danişməndane-Azərbaycan” təzkirəsinin yazan Məhəmmədəli Tərbiətlə, İran maarifpərvərlərindən Naci bəylə,… Abdulla Surla, Bəkir Çobanzadəylə… tanış olmuşdur”. Beləliklə, S.Səlmasi Bakıda ilk əməkdaşlıq etdiyi orqan “Füyuzat” jurnalı olur. O, jurnalda yeni ruhda şeirlər və tərcümələr çap etdirmişdir. S.Səlmasinin “Füyuzat”da ilk çap olunan şeiri 24 mart 1907-ci il tarixli 22-ci sayında çap olunan “Təhəssür” şeiridir.
 
Gəliyor guşə dadi-istimdad,
Hər tərəfdən həvayi-istibdad-

söyləyən şair 1905-1907-ci il hadisələri nəticəsində baş verənləri sonrakı sətirlərində təsvir edərək istiqlalın yaxınlaşdığını və xalqın bunu necə həsrətlə gözlədiyini bəyan edirdi. “Füyuzat”da S.Səlmasinin ilk çıxışı 24 mart, sonra isə 19 oktyabr 1907-ci il tarixində olub. (Şairin 12 iyun, 23 iyun, 16 iyul, 14 avqust tarixli saylarında da şeirləri çap olunub. Bu şeirləri arasında saf məhəbbətə həsr olunanları da var). Tədqiqatçıların yazdığına görə, S.Səlmasi “Füyuzat” bağlandıqdan sonra “füyuzat”çılıq ideyalarına sadiq qalaraq onu davam etdirən “Şəlalə” jurnalında çıxış etmişdir. Bakıdakı hadisələr, mütərəqqi ziyalılarla münasibət S.Səlmasini daha da yetkinləşdirir və o, bu inkişafı öz vətənində görmək, həyata keçirmək arzusu ilə yenidən 1909-cu ildə İrana qayıdır və Xoy şəhərinə mətbəə avadanlıqları apararaq, orada yeni kitabların nəşri ilə məşğul olur. Bu fəaliyyəti ilə yanaşı, şair inqilabi fəaliyyətini də davam etdirir. Elə ona görə həmin il fevralın 24-də hökumət tərəfindən vəhşicəsinə amansızlıqla öldürülmüşdür. Çox təəssüf ki, cəmi 23 il yaşadı bu maarifpərvər, xoşniyyət, romantik şair. S.Səlmasinin həyatı, ictimai mənşəyi və bir çox əsərləri haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Bu haqda görkəmli ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Azərbaycanda ədəbi məktəblər” əsərindən, prof. Şamil Vəliyev və tədqiqatçı alim Vaqif Sultanlının əsərindən məlumat aldım. Amma qismən geniş məlumatı mollanəsrəddinçi şair-publisist Əliqulu Qəmküsarın “Tərəqqi” qəzetində çap olunan məqaləsi vasitəsilə əldə etdim. Xalqının mədəni tərəqqisi yolunda şəhid olan Səid Səlmasini Qəmküsar haqlı olaraq məqaləsində “Şəhidi-hürriyyət” adlandırırdı. 1909-cu ilin 72-ci sayında çap olunan məqaləni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər arxivinin Elmi kitabxanasında əldə edərək oxudum. Qəribədir, məqaləni oxuduqca mənə elə gəldi ki, S.Səlmasinin həyatdan, onun gözəlliklərindən doymayan nakam, məsum baxışlarını gördüm və bu baxışlarda da xalqının xoşbəxtliyi yolunda bir ötkəm, dönməz mübarizəni sezdim…


Ə.Qəmküsar məqaləsində şairin şəxsi həyatı haqqında çox az danışır (əslində heç şəxsi həyatı oldumu ki? Nə yaşadı ki? Sevgisini, arzusunu çəkinmədən millətin tərəqqisi, azadlığı yolunda qurban verdi. Bax, budur millət, xalq fədaisi!), əsas diqqəti onun ictimai fəaliyyətinə verir. Məqalədən açıq görünür ki, Səlmasinin demokratik fikirli ziyalılar və yazıçılar arasında böyük hörməti var imiş, onun istedadı etiraf olunurmuş.


Səid Səlmasi çox gənc ikən vəfat etdiyindən ədəbiyyat sahəsində mühüm əsərlər yarada bilməmişdir. Onun əsərləri azadlıq hərəkatı uğrunda fədakar çalışan, yeni ədəbiyyat üçün son dərəcə artıq həvəs göstərən istedadlı və qabiliyyətli bir gəncin yazılarıdır. “Füyuzat”da nəşr olunmuş “Farsca ilk sone” adlı əsəri vətənpərvərlik hissi ilə dolu bir nəğmədir:


Mən o zəmini guhərbari-paki İranəm,
Və hər bəlayi-cəhalət nişəgəh əst təni mən…

-deyə şair öz dərdini vətənin dərdi, vətənin dərdini isə öz dərdi kimi bəyan edirdi. “İğbirar”, “Xiyali-mənfur” şeirlərində də cəhalətdən, qəflətdən, zülmdən şikayət edən bir gəncin həsrətləri bədii təcəssümünü tapmışdır.


Səid Səlmasi mütləqiyyəti, şərq cəhalətini tənqid etməklə yanaşı şeirlərinin bir qismində gələcəyə, azadlığa ümidini də ifadə edirdi.
Prof. M.Paşayevin yazdığına görə “məşrutə zamanında İran məclisinə seçilmiş nümayəndələr bu münasibətlə Təbrizdən Tehrana gedirmiş və bu münasibətlə şair Azərbaycan məhbusları ilə, o cümlədən, Əbdürrəhim Talıbov ilə görüşmüşdür”. Bu hadisəni şeirlərində sevinclə qələmə alan şair böyük ümidlə hürriyyətin, azadlığın qələbəsinə inanaraq yazırdı:
 
Şad olur dil görüncə millətimin,
Bir böyük mərifətli əhrarın.
Qət edirlər qələmlə rişəsini,
Şəcəri-zülm olan məlainin…
 

S.Səlmasi yaradıcılığı ilə tanış olarkən hiss olunur ki, o, dil-üslub baxımdan (elə nakam şəxsi həyatı da) daha çox romantik şair Məhəmməd Hadiyə bənzəyir. Bəzən şairin üslubunda, şeirlərində qəliz, anlaşılmaz ərəb-fars ifadə və ibarələrinə çox yer verilib. Lakin M.Hadidəki bədbinlik S.Səlmasidə daha çox üsyankarlıqla əvəz edilir.
 
Tədqiqatçı alim Kamran Əliyev illər sonra S.Səlmasi yaradıcılığı haqqında yazır ki: “Azərbaycan romantizminin ilk nümunələri kiçik həcmli şeirlərlə meydana çıxmışdır. O dövrün romantik sənətkarları olan M.Hadinin, A.Səhhətin, A.Şaiqin, S.Səlmasinin romantizmə bəxş etdiyi bədii əsərlər də daha çox şeirdə - həcmcə kiçik janrda reallaşmışdır. Azərbaycan romantizminin ilk addımlarını müşayiət edən Hadi, Səhhət, Şaiq, Səlmasidən, elə Cavidin özündən də, həm həcm etibarilə, həm də ideya baxımından iri, sanballı əsərləri tələb etmək doğru olmazdı”. S.Səlmasi də müasir ictimai mübarizə və məsələlərdən bəhs edən həyati, səmimi şeir tərəfdarı idi.

BDU-nun professoru Qərənfil Dünyaminqızı

#səlmasi #“füyuzat”çı #publisistika #yaradıcılıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər