00:00:00
Yazar
Nərmin Həşimova
12.04.2026 19:18 24 10 dəq oxuma
Maraqlı

Azərbaycan mətbuatşünaslığı tarixi araşdırmalarda

Azərbaycan mətbuatşünaslığı tarixi araşdırmalarda

XIX əsrin sonu və XX əsrdə zəngin və çoxşaxəli inkişaf yolu keçən Azərbaycan mətbuatının tarixi təcrübəsi, indiki müstəqillik dövrümüzdə daha çox maraq doğurur və əhəmiyyət kəsb edir. Ona görə tarixi təcrübənin müasir mərhələ barədə tam təsəvvür yaratmaq üçün yenidən klassiklərimizə müraciət olunmalıvə obyektiv təsəvvür yaradılmalıdır. Azərbaycan mühərrirləri mətbuata dair elmi- nəzəri görüşlərini yeni dövrə uyğunlaşdıraraq təkmilləşdirdi və milli mətbuatşünaslığın yaranmasına nail oldular.
 
Bir əsrdən artıq çox malik olan mətbuatımızın araşdırılmasının da tarixi çox qədimdir. Mətbuatımızda özünəməxsus yeri və rolu olan klassiklərimizdən H. Zərdabi, C. Məmmədquluzadə, Ü. Hacıbəyli, Ə. Ağaoğlu, Ə. Hüseynzadə, M.Ə. Rəsulzadə, M.B. Məmmədzadə, C. Məmmədquluzadə, F. Ağazadə, F.Köçərli, A. Şur, Ə.Abid, S. Hüseyn və başqaları mətbuat tariximizin araşdırılmasında mühüm işlər görmüşlər, maraqlı dəyərli tədqiqatlar aparmışlar, bir sözlə zəngin bir irs qoyub getmişlər. Lakin sovet dövründə zamanın ideoloji prinsiplərinə uyğun olaraq uzun illər bu faydalı irsdən uzaq düşmüşdük. Çünki hakim partiyanın təsiri, tələbi ilə mətbuat tarixinin araşdırılmasında, xüsusilə, mətbuat orqanının məqamı, ideoloji, siyasi, mənəvi yönümü ilə bağlı qərəzli, qeyri-obyektiv fikirlərə yol verilirdi. Onun ya səthi, ya da qeyri-obyektiv təbliğatı aparılırdı. Bu təbliğat bir daha sübut edirdi ki, KİV-miz 70 il ərzində yalnız və yalnız dövlətin, hakim partiyanın siyasətinin ifadəçisi olaraq partiyalılıq prinsipini əsas götürmüş, insanın azad iradəsinin ifadəsinə imkan yaratmamış, yalnız bir qüvvənin hakimiyyətin iradəsinə xidmət etmişdir.
Heç də təsadüfi deyil ki, mətbuatı “təbliğatçı, təşkilatçı və təşviqatçı” adlandıran V.İ. Lenin Xalq Komissarları Sovetinin sədri kimi ilk imzaladığı dekret “Mətbuat haqqında” olmuşdur. Birmənalı olaraq bu dekretə əsasən inqilaba qoşulmayan, bolşevizm-sosializm ideyalarını təbliğ etməyən mətbuat orqanları “əksinqilabçı” damğası ilə qapanır, onu yaradanlar “xalq düşməni” adlandırılırdı. Beləliklə, uzun illər SSRİ ərazisində, xüsusən də bizim ölkəmizdə mətbuat partiyalılıq prinsipini əsas götürmüş, insanın azad iradəsinin ifadəsinə imkan yaratmamış, yalnız hakimiyyətin siyasi ideologiyasının kor-koranə xidmətçisinə çevrilmişdir. Bu yanlış siyasi ideologiyanın təbliğatçısına çevrilmiş sovet mətbuatı həm də 70 ilin saxta tarixini yazaraq əvvəlki dövrləri təhrif etmiş, bir çox tarixi faktlara qəsdən, bilərəkdən göz yummuş və yanlış yazmışdı.
 

Azərbaycan mətbuatının və mətbuatşünaslığının tarixinə dair sanballı əsərlərin müəllifi olan Ceyhun Hacıbəylinin təbirincə desək: “səhv ideologiyaya xidmət etdiyi üçün bu “tarix” yaşamadı”.
 

Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Unutmaq olmaz ki, tarix ideoloji qəliblər, siyasi yararlılıqlar prizmasından deyil, həqiqət nöqteyi-nəzərindən dəyərləndirilməlidir.

Bizim də tariximizdə dəyərləndiriləcək belə məqamlar çoxdur. Son vaxtlar tariximizin bu vaxtadək öyrənilməmiş səhifələri açılır, üzə çıxarılır, tədqiq edilir. Belə məqamlardan biri də lazımınca öyrənilməmiş, daha doğrusu birtərəfli və qərəzli tədqiq olunmuş 1918-1920-ci illər tariximizdir. Halbuki uzun illər müstəqillik hüququndan məhrum edilmiş xalqımız məhz bu illərdə istiqlaliyyət qazanmış, öz müstəqil milli dövlətini Azərbaycan Demokratik Respublikasını yaratmışdır.
 

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan istiqlal mücadiləsi tarixini XX əsrlə məhdudlaşdıranlar yanılır. Çünki 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti türk xalqları tarixinə birinci müstəqil dövlət kimi daxil olmuşdur. Məlumdur ki, türk xalqları qədim və yeni tarixin heç bir dövründə dünya meydanında müstəqil dövlətsiz olmamışdır. Bu isə digər türk xalqları kimi Azərbaycan xalqının da milli müstəqillik ideyalarının yaranmasını şərtləndirən amillərdən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik arzularını daha da gücləndirdi.
 

Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı milli azadlığa, suveren dövlətçiliyə nail olmaq arzusunun gerçək arzusunun gerçək ifadəsi olan və cəmi 23 ay çəkən Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin amansız cəza-repressiya maşını da bu məşəli söndürə bilmədi.
Professor Şirməmməd Hüseynov demiş: “Bu danılmaz bir həqiqətdir ki, müstəqil Azərbaycan Demokratik Respublikası olmasaydı, indiki müstəqil Azərbaycan da yaranmazdı. Biz bu tarixi həqiqəti əsaslandırmaqla tariximizin 1918-1920-ci illər kimi çox mürəkkəb, ziddiyyətli və möhtəşəm dövrünü elmi cəhətdən tədqiq etməliyik”.
 

Bu möhtəşəm dövr Azərbaycan mətbuat tarixində özünəməxsusluğu ilə seçilir və xalqın ictimai, siyasi, mədəni, iqtisadi, ədəbi azadlığı tarixində çox mühüm işlər görmüş, xalqın milli arzularının və istəklərinin ifadəçisi olmuş, ətrafında dövrünün nüfuzlu ziyalılarını birləşdirmişdir. M.Ə. Rəsulzadə, M.B. Məmmədzadə, Üzeyir və C. Hacıbəyli qardaşları, Ə. Ağaoğlu, Ə. Hüseynzadə, C. Məmmədquluzadə, Ə.Topçubaşov, H.İ. Qasımov kimi dövrün böyük qələm və əqidə sahibləri mətbuat vasitəsilə xalqı milli özünüdərkə çağırırdı.
 

1920-ci ilin aprel işğalından sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayarkən bu əqidə və məslək sahiblərinin əksəriyyəti “xalq düşməni”, “vətən satqını” kimi adlandırılaraq təqiblərə, sürgünlərə, mühacir həyatı yaşamağa məruz qaldılar. Özləri kimi fəaliyyətləri də vətəndə “qara siyahıya” düşərək yasaqa çevrildi. Uzun illər tədqiqatlardan kənarda qaldı. Təlatümlü, ziddiyyətli hadisələrlə dolu olan 20-ci yüzilliyin əvvəlləri kimi, sonu da mürəkkəbliyi, ziddiyyətliliyi ilə tarixə düşdü.
 

1980-ci illərin ortalarından yuxarılardan başlanan “yenidənqurma”, “aşkarlıq”, “yeni düşüncə” hərəkatı möhkəm və sarsılmaz görünən sovet imperiyasını çalxaladı, aşağıları laxlatdı. Bir ideologiyanın, bir partiyanın, bir mülkiyyət formasının diktaturasına son qoyuldu. Xalqımız öz tarixinə, keçmişinə, milli azadlığına, müstəqilliyinə can atdı. Milli azadlıq tariximizin ən şərəfli dövrü olan 1918-20-ci illərə maraq daha çox artdı. Milli dövlətçilik, azadlıq tariximizin təbliğində mühüm rol oynayan milli mətbuatın tədqiqinə maraq çoxaldı. Çünki cümhuriyyət tariximiz kimi, bu dövr mətbuatımızın inkişaf problemlərini də ümummilli tariximizdən ayırmaq düzgün olmazdı. Aparılan araşdırmalar da göstərir ki, bu dövr Azərbaycan mətbuatının uğurları birbaşa Azərbaycan istiqlalı, dövlət müstəqilliyi ilə bağlıdır. Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqda dolğun elmi məlumat əldə etmək üçün həmin dövrdə milli mətbuatımızın inkişaf xüsusiyyətləri ilə qarşılaşdığı problemlərin həlli yollarının araşdırılması zəruridir. Fikrimizcə, Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatının tarixi Azərbaycan tarixi qədər qaranlıqdır. Bu tarix öyrənilməmişdir və fundamental tədqiqə ehtiyac vardır. Amma unutmaq olmaz ki, Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin yaradılması Azərbaycan mətbuatının uzun illər apardığı ideya və məfkurə mücadiləsinin nəticəsi idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixi və milli mətbuatın tarixi və milli mətbuatının tarixini bir-birinə sıx bağlayan tellər var. Çünki Azərbaycan mətbuatı öz inkişafında mədəni maarifçilikdən milli-mədəni dirçəlişə, milli oyanışdan milli azadlıq hərəkatına doğru zəngin bir yol keçmişdir. Azərbaycan ictimai-siyasi fikrinin həm qaynağı, həm daşıyıcısı, həm də geniş xalq kütləsi içərisində təbliğatçısı olaraq jurnalist zümrəsi milli hərəkatın önündə gedir, onun istiqamətləndiricisi rolunda çıxış edirdi. Bu mənada Azərbaycan demokratik dövlətinin qurulmasında mətbuat xidmətləri böyük idi. Məhz bunun üçün bu dövr milli mətbuatının tarixinin düzgün, obyektiv öyrənilməsi olduqca vacibdir.
 

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunmuş əsərləri tarixşünaslıq baxımından təhlil etmək, bu dövrün qərəzli şəkildə, bilə-bilə təhrif edilmiş siyasi hadisələrin obyektiv elmi mənzərəsini yaratmaq uzun illər kölgədə qalmışdır. Çünki Azərbaycan Xalq Cümhuriyyəti mövzusuna ayrı-ayrı dövrlərdə həsr olunmuş əsərlər ideoloji mövqedən asılı olaraq, bir-birinə daban-dabana zidd olan iki konsepsiyanın yaranmasına gətirib çıxarmışdır.
 
Birinci konsepsiyanı əks etdirən əsərlər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə yazılmışdır. Cümhuriyyət dövrü jurnalistikası haqqında obyektiv məlumatlar M.Ə. Rəsulzadənin, Ə. Abidin, M.B. Məhəmmədzadənin, C. Hacıbəylinin, Ə. Müznibin əsərlərində və eləcə də bir sıra toplu və məqalələrdə öz əksini tapır. Bu baxımdan Ə. Topçubaşovun “Azərbaycanın təşəkkülü”, M.Ə. Rəsulzadənin “Azərbaycanın təşkilində Müsavat”, A.Ziyadxanlının “Azərbaycan”, R.Vəkilovun “Azərbaycan Respublikasının yaranma tarixi”, C. Hacıbəylinin “İlk müsəlman Respublikası Azərbaycan”, Y.V. Çəmənzəminlinin “Azərbaycan muxtariyyatı” əsərləri xüsusi əhəmiyyət kəsb edir.
Bu əsərlər böyük bir tarixi mərhələnin siyasi-ictimai mənzərəsini bütövlükdə obyektiv şəkildə əks etdirir. Bir sözlə bu əsərlər Azərbaycan Respublikasının yaranması, onun daxili və xarici siyasəti, dövlətin qurulmasında mətbuatın rolu haqqında təsəvvür yaradır. Həmin əsərlərin Azərbaycan tarixşünaslığı üçün əhəmiyyəti ondadır ki, hadisələr bilavasitə Azərbaycan Xalq Cümhuriyyətini quranlar tərəfindən qələmə alınmışdır. Cümhuriyyət dövrü tarixçilərinin irəli sürdükləri problemlərini qismən də olsa diplomatik yolla həll etmək mümkün idi.
 
Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı ilk araşdırmalar 1920-ci ilin aprelindən sonra davam etdirilməmiş, yazılmış əsərlərin müəllifləri ölkəni tərk etməyə məcbur olmuş, əsərləri isə sovet rejiminin siyasi qurbanlarına çevrilmişdir.
 

Məlumdur ki, sovet hakimiyyəti illərində elmi araşdırmalara xüsusi diqqət yetirilmişdir. Tədqiqatlarda bolşevik mətbuatı idealizə olunmuş, milli demokratik mətbuata isə yer verilməmiş, ya da bir qayda olaraq pislənmişdir.
 

Sovet Rusiyasının məqsədi Azərbaycanın bu şərəfli dövrünü ləkələmək, məhv etmək və Azərbaycan xalqını anadangəlmə inqilabçı kimi qələmə vermək idi. Azərbaycanın işğalını pərdələmək üçün hər bir çirkin siyasətə əl ataraq tarixi saxtalaşdırırdılar. Belə ki, mərkəzdən Qırmızı Professorlar İnstitutunun bir qrup “tarixçi” məzunu Bakıya göndərilir. Bu tarixçilər Cümhuriyyət dövrü fəaliyyətdə olan milli mətbuatı birmənalı olaraq qarayaxmalara, təhqirlərə məruz qoyaraq, bolşevik mətbuatını dəhşətli dərəcədə şişirdərək yüksəklərə qaldırdılar. Mərkəzi “tarixçi”lərdəndən sonra isə vətən tarixçiləri Azərbaycanın 1917-20-ci illər tarixini o dərəcədə saxtalaşdırmışlar ki, 23 ay fəaliyyət göstərmiş dövləti öz adı ilə çağırmağı belə özlərinə qəbahət bilirdilər. Ölkəmizdə 1920-ci illərin ortalarından 1980-ci illərin axırlarına kimi 1917-20-ci illərlə bağlı yüzlərlə, minlərlə əsərlər yazmış vətən “tarixçi”lərinin heç biri Azərbaycan Xalq Cümhuriyyəti ifadəsini işlətməmişlər. Əksinə, “Müsavat bandası”, “Müsavat rejimi”, “mülkədar, xan-bəy rejimi”, “türk agentləri”, “işğalçı satqınlar” kimi sözlər onların saxta əsərlərini bəzəmişdir.
 

Onu da qeyd etmək yerinə düşərdi ki, vətən tarixçilərinə nisbətən mərkəzdən göndərilmiş Qırmızı Professorlar İnstitutunun məzunlarından R. Ratqauzer, S. Sef, A. Rayevski, A. Duber, A. Steklov, N. Smirnov, S. Belonko, A. Mambelov və başqaları öz əsərlərində Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti ilə bağlı çox məqamları təhrif etsələr də yerli o dövrə daha obyektiv münasibət bildirmişlər. Ona görə həmin əsərlər ümumilikdə mənbəşünaslıq baxımından mühüm əhəmiyyət kəsb edir. Ya bilərəkdən, ya da bilməyərəkdən müəyyən məsələlərdə obyektivlik nümayiş etdirdiklərindən bu tarixçilərin bir çoxlarının əsərləri sovet dövründə bağlı qapı arxasında saxlanılırdı. Etiraf edək ki, 80-ci illərin ortalarından sonra ölkədə baş verən hadisələrlə bağlı ziyalılarımız Azərbaycan Xalq Cümhuriyyəti haqqında müəyyən məqamlara münasibət bildirmək üçün 1920-30-cu illərin tarixşünaslığına müraciət etməli oldular. Çünki mühacir və xarici tarixşünaslıq Azərbaycandan uzaq idi. Sovet rejimi xariclə hər cür əlaqəni qadağan etmişdir. Ölkə tarixşünaslığının əsərləri isə hər cür reallıqdan uzaq idi.
 

Tarixçi R.Ratqauzer təkidlə oxucusunu inandırmağa çalışırdı ki, Müsavat hökuməti türklərdən və ingilislərdən asılı olan bir rejim idi. Və yaxud “tarixçi alim” belə iddia edirdi ki, “1918-ci ilin martından sonra qurulan Bakı Sovetinin Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayıb, Bakıda vətəndaş müharibəsi ilə başlanan döyüşlər son nəticədə milli qırğına çevrilib”.
 
Dövrün digər tarixçisi S.Sefin milli partiya kimi Müsavata münasibəti nə qədər mənfi olsa da, onun Azərbaycan Milli hərəkatında güclü siyasi qüvvə olduğunu etiraf etməyi diqqəti cəlb edir. Hansı ki, 1930-80-ci illər vətən tarixçilərimiz “Müsavat”ı milli ədavəti qızışdırmaqda, xalqa xəyanət mövqeyi tutmaqda və türklərə satılmaqda günahlandırırdılar.
 

Biz yuxarıda da qeyd etdik ki, sovet dövrü tədqiqatlarında birmənalı olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatına obyektiv münasibət bildirilməmiş, əksinə reallıqdan çox uzaq, qeyri-obyektiv fikirlər söylənilmişdir. Xüsusən də öz “tarixçi alim”lərimiz tərəfindən yazılan əsərlərdə. Hakim partiyaya xoş gəlmək üçün bu dövrün mətbuatı və onun yazarları həddindən artıq təhqirlərə, qarayaxmalara məruz qalıb. Azərbaycan Xalq Cümhuriyyəti 1930-80-ci illər tarixşünaslığında bir dövlət kimi qəbul edilmədiyindən yazılan əsərlərdə nəinki onun mətbuatına hətta, adına da rast gəlmək mümkün deyil.
Belə ki, 1917-20-ci illərdə baş verən bütün hadisələr bolşevik partiyasının və onun mətbuat orqanlarının fəaliyyəti ilə bağlıdır. Ona görə də 1950-80-ci illərdə bu sahəyə aid yazılan əsərlərin təhlilini vermək həm çətin, həm də asandır. Asanlığı ondadır ki, bu dövrdə 1917-20-ci illərin təhlilinə həsr olunmuş və faktik materiallara istinad edən əsər yazılmamışdır. Çətinliyi ondadır ki, Azərbaycan tarixində qeyd olunan dövrdə ən çox əsər 1917-20-ci illərə həsr olunub. Onların hamısını tədqiq etmək isə ayrıca bir tədqiqat işidir. Dövrün bütün tədqiqatlarında Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən hadisələr Leninin inqilabi fəaliyyəti ilə əlaqələndirilir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı 20-30-cu illərdə yazılmış əsərlərdən fərqli olaraq 50-80-ci illərdə problem tamamilə təhrif olunmuş, büsbütün unudulmuşdur. 20-30-cu illər tarixşünaslığından fərqli olaraq 50-80-ci illərdə bu problemlə məşğul olan tarixçilərin əksəriyyəti qanı-qanımızdan, canı-canımızdan olan azərbaycanlı tarixçilər olduqları üçün onlardan obyektivlik baxımından çox şey gözləmək olardı.
 

Tədqiqat zamanı daha çox Azərbaycan mətbuatı tarixinin tədqiqi ilə məşğul olan tədqiqatçıların əsərlərinə diqqət yetirdik. Sovet dövrünün dəsti-xəttinə uyğun yazılan bu əsərlər haqqında söhbət açmağa dəyməz. Qərəzli və obyektivlikdən çox uzaq olan bu əsərlərin müəllifləri əsasən Ə.Nazim, M.Quliyev, Ç.Bəkirzadə, H.Şahgəldiyev, M.Hüseyn, Ə.Vəliyev, X.Vəzirov, V.Axundov, S.Əliyev, N.Axundov, Ə.Quliyev, R.Mahmudov, H.Sərkisov, Z.İbrahimov, N.Bağırov, X.Rəfiyev, R.Tağıyev, V.Məmmədov, F.Hüseynov, Ə.Şərif, İ.Hüseynovdur. Bu müəllif istər Cümhuriyyətdən əvvəl, istər sonra milli ruhlu mətbuatımıza qarşı amansız bir mövqe tutaraq onun unudulması üçün sanki yarışa giriblər.
 


BDU-nun professoru Qərənfil Dünyaminqızı

#mətbuatşünaslıq #tarix #azərbaycan #araşdırmalar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər