00:00:00
Yazar
Nərmin Həşimova
25.11.2026 12:12 32 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan-Monteneqro iqtisadi əlaqələri: Yeni investisiya və ixrac imkanları

Azərbaycan-Monteneqro iqtisadi əlaqələri: Yeni investisiya və ixrac imkanları

Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün kənd təsərrüfatı, turizm, enerji və infrastruktur sahələrində müəyyən potensial mövcuddur. Bu imkanların reallaşdırılması hər iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsini və konkret iqtisadi layihələrin həyata keçirilməsini tələb edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycan-Monteneqro iqtisadi münasibətlərinin inkişafı ölkəmizin Balkan və Avropa bazarlarına çıxış imkanlarını genişləndirə bilər:

 

“İlk növbədə iki ölkə arasında ticarət əlaqələri konkret məhsul və xidmətlər üzrə inkişaf etdirilməlidir. Kənd təsərrüfatı məhsulları, qida sənayesi, tikinti materialları, kimya sənayesi və turizm əməkdaşlıq üçün perspektivli istiqamətlərdir. Bunun üçün sahibkarlar arasında birbaşa əlaqələr qurulmalı, biznes forumları keçirilməli və ixracatçılar üçün bazara çıxış imkanları araşdırılmalıdır. Azərbaycanın Monteneqronun turizm və infrastruktur sahələrinə investisiya yatırması da iqtisadi dividendlər gətirə bilər. Xüsusilə Adriatik sahillərində hotelçilik, istirahət kompleksləri, daşınmaz əmlak və xidmət sektorunda layihələr Azərbaycan investorları üçün maraqlı ola bilər. Lakin belə investisiyalar zamanı layihələrin rentabelliyi, geriödəmə müddəti və hüquqi risklər diqqətlə qiymətləndirilməlidir. Enerji sahəsində əməkdaşlıq da Azərbaycanın Balkan regionunda iqtisadi mövqeyini genişləndirməsinə imkan yarada bilər. Bu istiqamətdə təbii qazla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji mənbələri və enerji infrastrukturunun inkişafı da nəzərə alınmalıdır. 2027-ci ildə Bakıda keçirilməsi planlaşdırılan Birgə Komissiyanın iclası isə konkret investisiya layihələrinin, ixrac imkanlarının və qarşılıqlı ticarətin artırılması üzrə hədəflərin müəyyənləşdirilməsi ilə nəticələnməlidir. Həmçinin biznes dairələrinin iştirakı təmin olunmalı, imzalanan sənədlərin icrasına nəzarət mexanizmi yaradılmalıdır. Ümumilikdə, Monteneqronun daxili bazarının həcmi böyük olmasa da, onun coğrafi və iqtisadi imkanlarından istifadə etməklə Azərbaycanın Balkan və Avropa bazarlarına çıxışını genişləndirmək mümkündür”.


Güllüzar Nəbili

#iqtisadi #gündəm #azərbaycan-monteneqro #əlaqələri:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər