Hikmət Babaoğlu: "Azərbaycanın neft bazarı Sakit okeana qədər uzanır"
Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlıq üzrə anlaşma mövcuddur və bu əməkdaşlığın praktik istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də iqtisadi və enerji əlaqələrinin genişləndirilməsi aktual olaraq qalır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan–Vyetnam münasibətləri iki kontekstdə mühüm əhəmiyyət kəsb edir:
"Bunlardan biri "Azərbaycan–Asiya–Sakit okean istiqaməti" konteksti, digəri isə "Qlobal Cənub: Çin–Azərbaycan–Vyetnam vektoru"dur. Bu istiqamətlərdən biri logistika, nəqliyyat və yükdaşımaya, digəri isə enerji təhlükəsizliyinə yönəlib".
Hikmət Babaoğlu bu günə qədər əldə olunan nəticələrə də toxunub. O qeyd edib ki, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın "PetroVietnam" şirkəti arasında müəyyən anlaşmalar var və Azərbaycan Vyetnam şirkətlərinə xam neft ixrac edib, lakin əməkdaşlığın daha dərin perspektivləri mövcuddur:
"Azərbaycanın təcrübəli neft və qaz çıxarma şirkətləri Vyetnamda kəşfiyyat işlərinin aparılması istiqamətində əməkdaşlıq perspektivinə malikdir. Eyni zamanda, neft, neft məhsulları və neft istismarının yeni texnologiyaları kontekstində də mühüm əməkdaşlıq imkanları var. Bu potensialın reallaşdırılması üçün hazırda addımlar atılır. Həm də Azərbaycanın neft bazarının Asiya–Sakit okean hövzəsinə qədər uzanması deməkdir. Nəticə etibarilə, qarşılıqlı maraq iki ölkə arasında mövcud iqtisadi potensialın dərinləşməsinə gətirib çıxaracaq və bu da hər iki ölkənin milli maraqları baxımından mühüm əhəmiyyət kəsb edəcək".
Sevanə Pənahova