Qızıl və gümüş bazarında kəskin ucuzlaşma: Qiymətlər niyə geriləyib?
Dünya əmtəə bazarlarında qiymətli metalların dəyərində ciddi azalma qeydə alınıb. Son məlumatlara əsasən, qızılın qiyməti 4%, gümüşün qiyməti isə 7% ucuzlaşıb. Bu enişin bazarlara təsiri və qiymətlərin gələcək istiqaməti diqqət mərkəzindədir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən iqtisadçı Natiq Cəfərov bildirib ki, FED-in faiz siyasəti ilə bağlı gözləntilər və dollar indeksinin yüksəlməsi qızılın ucuzlaşmasına təsir göstərir:
"Qızıl və gümüşün ucuzlaşmasının bir neçə səbəbi var. Əsas amillərdən biri ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı gözləntilərdir. FED-in faiz artımlarına gedə biləcəyi ilə bağlı yaranan ehtimallar dollar indeksinin yüksəlməsinə səbəb ola bilər. Dolların möhkəmlənməsi isə adətən qızılın qiymətinə mənfi təsir göstərir. Nəticədə qızılın ucuzlaşması gümüş bazarında da qiymət enişinə gətirib çıxarır".
Onun fikrincə, dollar indeksinin yüksəlməsi qızılın dəyərinin azalmasına səbəb olan əsas amillərdəndir:
"Qızıl və gümüşün qiymətləri bir-biri ilə sıx bağlı olduğundan, qızıl bazarında baş verən ucuzlaşma gümüşə də təsir edir. Son nəticədə bazarda təxminən son 18 ayın ən aşağı qiymətləri müşahidə olunub. Bu vəziyyət isə xüsusilə uzunmüddətli investorlar üçün yeni alış imkanları yarada bilər".
Sonda o bildirib ki, qızıl və gümüşün qiymətləri bir-biri ilə sıx bağlıdır. Qızıl ucuzlaşdıqda gümüşün qiyməti də aşağı düşür:
"Qısa müddətdə qızılın qiymətində enişlərin davam etməsi mümkündür. Hətta FED-in faiz qərarlarından asılı olaraq daha aşağı qiymətlər də müşahidə oluna bilər. Bununla belə, uzunmüddətli perspektivdə qızılın yenidən bahalaşaraq 5 000 dollar səviyyəsinə çatacağı proqnozlaşdırılır. Bu baxımdan, qarşıdakı bir il yarım–iki il ərzində qiymətli metallar bazarında yenidən yüksəliş ehtimalı investorların diqqətində olacaq".
Fatimə İbrahimova