00:00:00
Yazar
Elmira Ağayeva
23.11.2026 21:47 20 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycana xarici investisiyaların artması iqtisadi inkişaf üçün yeni imkanlar yaradır

Azərbaycana xarici investisiyaların artması iqtisadi inkişaf üçün yeni imkanlar yaradır

 

Azərbaycanda əsas kapitala xarici investisiyaların 18 faizdən çox artması ölkənin investisiya mühiti, iqtisadi inkişaf perspektivləri və qeyri-neft sektorunun genişləndirilməsi baxımından diqqət çəkir. Xarici kapitalın ölkə iqtisadiyyatına cəlb olunması yeni iş yerlərinin yaradılması, istehsalın genişləndirilməsi və iqtisadiyyatın neftdən asılılığının azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda əsas kapitala xarici investisiyaların 18 faizdən çox artmasını bir neçə iqtisadi amillə əlaqələndirmək olar:

“İlk növbədə, ölkədə makroiqtisadi sabitliyin qorunması, milli valyutanın məzənnəsinin uzun müddətdir sabit qalması, enerji sektorunda mövcud investisiya imkanları və Azərbaycanın regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində atılan addımlar xarici investorların marağını artıran amillərdəndir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası, infrastruktur layihələri, alternativ enerji mənbələrinin inkişafı və sənaye zonalarının genişləndirilməsi də xarici kapital üçün yeni imkanlar yaradır. Bu artım müəyyən mənada investorların Azərbaycana marağının yüksəldiyini və ölkənin investisiya potensialının qorunduğunu göstərir. Lakin investisiyaların artımını yalnız ümumi həcminə görə qiymətləndirmək düzgün olmazdı. Onların hansı sahələrə yönəldilməsi, nə qədərinin real istehsala və yeni texnologiyaların tətbiqinə xidmət etməsi də vacibdir”.

İqtisadçı qeyd edib ki, xarici investisiyaların artması gələcəkdə yeni iş yerlərinin yaradılmasına, istehsalın genişləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə ciddi töhfə verə bilər. Xarici investorların ölkəyə maliyyə vəsaiti ilə yanaşı, müasir texnologiyalar, idarəetmə təcrübəsi və beynəlxalq bazarlara çıxış imkanları gətirməsi yerli müəssisələrin inkişafına da təsir göstərir:

“Xarici investorlar ölkəyə yalnız maliyyə vəsaiti deyil, həm də müasir texnologiyalar, idarəetmə təcrübəsi, yeni istehsal standartları və beynəlxalq bazarlara çıxış imkanları gətirirlər. Bu isə yerli müəssisələrin inkişafına, məhsuldarlığın yüksəlməsinə və ixrac potensialının artmasına şərait yaradır. Xüsusilə qeyri-neft sənayesi, kənd təsərrüfatı, emal sənayesi, turizm, logistika və bərpaolunan enerji sahələrinə investisiyaların yönəldilməsi iqtisadiyyatın neft gəlirlərindən asılılığını azaltmaq baxımından əhəmiyyətlidir. Ancaq burada bir məqamı nəzərə almaq lazımdır: xarici investisiyaların artması öz-özlüyündə iqtisadiyyatın şaxələndirilməsi demək deyil. Əgər cəlb olunan kapitalın böyük hissəsi yenə də neft-qaz sektoruna yönəlirsə, bu, iqtisadiyyatın mövcud strukturundan asılılığını ciddi şəkildə dəyişməyəcək. Ona görə də əsas hədəf xarici investisiyaların qeyri-neft sektoruna, ixracyönümlü istehsala və əlavə dəyər yaradan sahələrə cəlb edilməsidir. Bunun üçün investorların hüquqlarının qorunması, məhkəmə və hüquq sisteminə etimadın gücləndirilməsi, rəqabət mühitinin yaxşılaşdırılması və inzibati maneələrin azaldılması da vacibdir. Nəticə etibarilə, xarici investisiyaların artması Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf imkanları yaradır. Lakin bu imkanların real iqtisadi nəticəyə çevrilməsi investisiyaların həcmindən daha çox onların keyfiyyətindən və hansı istiqamətlərə yönəldilməsindən asılı olacaq”.

Gülnar Mustafayeva

#gündəm #xarici #investisiyaların #azərbaycana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər