00:00:00
Yazar
Ayan Sədi
08.05.2026 13:19 13 5 dəq oxuma
Müsahibə

Azərbaycan odlar diyarı  - Bibiheybət

Azərbaycan odlar diyarı - Bibiheybət

Odlar yurdu kimi tanınan Azərbaycanda zəngin neft yataqlarının mövcud olması hələ qədim zamanlardan məlum idi. İnsanlar təbiətin bu nemətindən müxtəlif məqsədlər - yanacaq, hərb materialı, müalicə vastəsi üçün istifadə edib.  

 

Azərbaycan tarix boyu neft-qaz sənayesinə əvəzsiz töhfələr bəxş edib. Neftin kustar üsulla çıxarıldığı zamanlardan Bakı neftçilərinin fədakar əməyi daim nümunə olub, onların neft işinə gətirdiyi mütərəqqi yeniliklər dünya praktikasında geniş tətbiq edilib. Azərbaycana dünya neft sənayesinin beşiyi desək yanılmarıq, çünki neft ilk dəfə sənaye üsulu ilə bizim ölkədə çıxarılıb, emal olunub,  tankerlərlə dəmir yolu ilə boru kəmərləri ilə nəql edilib, sahildə, açıq dənizdə, Xəzərin qoynunda neft yataqlarının kəşfiyyatına  və istismarına başlanılıb.

 

Bibiheybət Azərbaycanın zəngin tarixə malik yataqlarından biridir. 1846-cı ildə Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə ilk neft quyusu qazılıb.

Bütün dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusunun ABŞ-nin Pensilvaniya ştatında olduğu bilinsə də, tarixi sənədlər sübut edir ki, Azərbaycanda bu quyu ABŞ-dən 13 il əvvəl qazılıb.

Bu gün biz bu yatağın işlənməsi ilə məşğul olan Bibiheybətneft Neft və Qazçıxarma İdarəinin baş geoloqu Rauf Vəliyevlə Bibiheybət yatağının özəlliyindən, tarixindən, onun əhəmiyyətindən danışacağıq:

 

Sizi oxucularımıza daha yaxından tanıtmaq üçün ilk olaraq həyat və fəaliyyət yolunuz haqqında danışmağınızı istərdim. Rauf Vəliyevi oxucular necə tanımalıdır?

 

Mən Rauf Vəliyev 1972-ci ildə  Gürcüstan Respublikasında ziyalı ailəsində anadan olmuşam. Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbində 10 illik təhsilimi tamamlamışam. Hələ məktəb illərindən Azərbaycan neft tarixini öyrənməyə böyük marağım olub. Bu maraq məni Azərbaycan Dövlət Neft Akademiyasına gətirib və burada ali təhsil almışam. 1997-ci ildən etibarən fəaliyyətimə SOCAR-ın Azneft Birliyinin idarəsində başlamışam. İlk peşə fəaliyyətim fəhləlikdən başlayıb və Bakı neft sahələrində çalışmışam. Daha sonra 2004-2008-ci illərdə 2 saylı Neft-Qaz Çıxarma İdarəsində fəaliyyət göstərmişəm. 2008-ci ildən isə əmək fəaliyyətimi Bibiheybət Neft-Qaz Çıxarma İdarəsində davam etdirirəm. Çalışdığım müddət ərzində rəhbərliyin verdiyi tapşırıqları hər zaman layiqincə yerinə yetirməyə çalışmışam. Dövlət neft planının icrasında göstərdiyim xidmətlərə görə 2006-cı ildə SOCAR prezidentinin Fəxri Fərmanı ilə təltif olunmuşam. Bundan əlavə, müxtəlif diplom və sertifikatlara da layiq görülmüşəm. Ən böyük arzum gələcək nəsillərin savadlı, peşəkar və vətəninə faydalı neftçi kadrlar kimi yetişməsinə töhfə verməkdir.

 

Nə üçün Azərbaycanda neft hasilatının tarixi dedikdə məhz ilk ağıla gələn Bibiheybət yatağıdır?

 

Bibiheybət yatağı Azərbaycan neft tarixində xüsusi yer tutur. Çünki dünyada mexaniki üsulla qazılmış ilk neft quyusu məhz Bibiheybətdə yerləşmişdir. 1846-cı il iyulun 14-də qazılan həmin quyu dünya neft sənayesində tarixi bir mərhələ hesab olunur. Həmin quyunun qazılmasından əvvəl dənizin dayaz sahillərində kəhrizlər mövcud idi və neft təbii şəkildə suyun üzərinə çıxaraq ətrafa yayılırdı. Bu isə ətraf mühitə mənfi təsir göstərirdi. Buna görə də Azərbaycan neftçiləri ilk quyunun qazılması zamanı çox diqqətli və məsuliyyətli fəaliyyət göstəriblər. İlk illərdə bu yataqda qazılmış quyuların dərinliyi təxminən 21 metr olmub. Həmin quyulardan gündəlik 20-30 ton neft hasil edilirdi. O dövr üçün bu göstəricilər böyük nailiyyət sayılırdı. Sonrakı illərdə texnologiyanın inkişafı ilə neft sənayesi daha da inkişaf edib, yeni və daha dərin quyular qazılıb. Yataqda ən dərin quyulardan biri təxminən 2200 metr dərinliyə qədər qazılıb və həmin quyulardan bu gün də neft hasil olunur. Bununla yanaşı, bəzi dayaz quyular da fəaliyyət göstərir və 80-90 metr dərinlikdən neft çıxarılır. Bibiheybət yatağı bu gün də Azərbaycan neft sənayesinin tarixini və inkişaf yolunu özündə yaşadan ən önəmli neft mərkəzlərindən biri hesab edilir.

 

Dənizin sahillərində əvvəllər körfəz olub. Bu məkan sonradan doldurulub və oradan neft çıxarılıb. Bu yer haradır? O körfəzi doldurulma tarixinə nəzər sala bilərik?

 

Bibiheybətdə ilk neft quyularının qazıldığı ərazi dənizin sahilə yaxın, dayaz hissələri idi və həmin sahələr tamamilə dənizlə əhatə olunub. Birinci quyudan neft əldə etdikdən və bunun böyük nəticə verdiyi gördükdən sonra dənizin qurudulması işlərinə başlanıb. Bu iş dünya təcrübəsində ilk dəfə həyata keçirilən böyük layihələrdən biri olub. Layihəyə polşalı mühəndis Pavel Pototski rəhbərlik edib. O, dənizin içərisini torpaqla dolduraraq yeni neft sahələrinin yaradılması işinə başlayıb. Təxminən 20 il davam edən bu proses nəticəsində Bibiheybətdə 300 hektara yaxın ərazi qurudulub. İndi həmin qurudulmuş sahələrdə 1781-ci ildən xeyli quyu qazılaraq istismara verilib. Bu, Azərbaycan neft tarixində çox böyük və mühüm mərhələ hesab olunur. Layihənin həyata keçirilməsi zamanı mühəndis Pavel Pototski böyük çətinliklərlə qarşılaşıb, hətta 1910-cu ildə görmə qabiliyyətini itirmişdir. Buna baxmayaraq, o, işi yarımçıq qoymamış və Azərbaycan neftçilərinin dəstəyi ilə layihəni davam edib. Bibiheybət körfəzinin qurudulması dünya neft sənayesində ilk dəfə həyata keçirilmiş mühəndislik layihələrindən biri kimi tarixə düşüb və bu proses məhz Azərbaycanda, Bibiheybətdə baş verib.

Bibiheybət yatağının tarixinə baxanda 2 əsrə yaxın yaşı olduğunu görürük. Maraqlıdır, görəsən daha uzun illər bu yataq Azərbaycanın neft sənayesinə öz töhfəsini verə biləcək?

 

Bibiheybətdə əsas qazılma işləri 1846-cı ildən başlasa da, yatağın sənaye üsulu ilə istismarı 1873-cü ildən etibarən başlayıb. Həmin dövrdən yataq üzrə ümumi hesabatlar və statistik göstəricilər aparılıb. Aparılan hesablamalara görə, indi də yataqda kifayət qədər qalıq neft ehtiyatı mövcuddur və mövcud ehtiyatlara əsasən Bibiheybət yatağının təxminən bir əsrə yaxın müddətdə istismar olunacağı ehtimal edilir. Bundan əlavə, yataq geoloji baxımdan da olduqca zəngindir. Burada 29 neftli horizont mövcuddur və məhsuldar qatın daha dərin hissələrində yerləşən bəzi neft horizontları aparılan geoloji kəşfiyyat işləri nəticəsində aşkar edilib. Gələcəkdə həmin horizontların da tam şəkildə açılması və istismara cəlb olunması planlaşdırılır. Əgər yeni qazılan quyularda əlavə neft ehtiyatları təsdiqlənərsə, bu halda yatağın istismar müddəti daha da uzanacaq və Bibiheybət uzun illər ərzində Azərbaycan neft sənayesinin mühüm yataqlarından biri olaraq fəaliyyətini davam etdirəcək.

#azərbaycan #xəbər #bibiheybət #diyarı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər