00:00:00
Yazar
Zəri Bayramlı
02.07.2026 22:19 378 3 dəq oxuma
Müsahibə

“Sınaqdakı hər səhv imtahanda qazanılmış 1 baldır” -Respublika birincisi uğurunun sirrini bölüşüb

“Sınaqdakı hər səhv imtahanda qazanılmış 1 baldır” -Respublika birincisi uğurunun sirrini bölüşüb

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni - 700 balı əldə edən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

 

Saytımıza danışan Burlaxatun Məcidli imtahandan öncə belə bir rəqəmi dəqiq gözləmədiyini vurğulayıb:

 

"700 bal toplayacağımdan tam əmin deyildim. Hədəfim yüksək nəticə göstərmək olsa da, maksimum bal imtahan gününün ab-havasından və digər faktorlardan çox asılıdır. Konkret bir rəqəmə köklənməmişdim. Nəticəni öyrənəndə ilk növbədə böyük bir rahatlıq və təəccüb hissi keçirdim. İllərlə çəkilən zəhmətin qarşılığını görmək qürurvericidir".

 

İmtahan zalında hər bir abituriyentin yaşadığı zamanla yarış respublika birincisi Burlaxatundan da yan keçməyib.Burlaxatun ən böyük qorxusunun məhz vaxtla bağlı olduğunu gizlətməyib:

 

"Məni ən çox vaxt çatışmayacağı fikri həyəcanlandırırdı. Testin ortasında “ bəs çatdırmasam?” sualı beynimdə fırlanırdı. Xüsusən də çətin suallarda ilişib qalıb vaxt itirəcəyimi düşünərək çox stres keçirirdim”.

 

Gərgin tempə baxmayaraq, sosial həyatı və istirahəti arxa plana atmadığını bildirən abituriyent bu balansı necə qoruduğunu belə ifadə edib:

 

“Hazırlıqlar arası dostlarımla vaxt keçirirdim, fikir mübadilələri edib dərslərdən uzaqlaşırdıq. Ümumən demək olar hər gün hazırlıqlarda idim. Buna görə evdə olanda zamanımı dərslərlə yanaşı özümə ayırmağa çalışırdım”.

 

700 bala gedən yolda imtahana hazırlıq metodikasına da toxunan abituriyent daha çox nəzəriyyə təkrarına üstünlük verdiyini bildirib:

 

“Daha çox nəzəriyyə təkrarı edərdim. Mən çox test işləyirdim, amma vaxtla işləməyi axırda öyrəndim. Bir də boşluqlarımı erkən tapıb üstündə durardım”.

 

Abituriyent yüksək nəticənin əsasən mütəmadi əmək və sistemli hazırlıq sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, uğurun əsas səbəbləri ardıcıl hazırlıq, sınaq imtahanları və buraxılan səhvlər üzərində işləməkdir.
 

Respublika birincisi qəbul imtahanına hazırlaşan həmyaşıdlarına və gələcək abituriyentlərə öz vacib tövsiyələrini də ünvanlayıb:

 

“Müntəzəm olmaq, hər gün az da olsa oxumaq, çalışmaq lazımdır. Proqramı son aya yığmaq, uğurlu olsa belə, çox yorucu olur. Bir də səhvlərdən qorxmamaq vacibdir. Sınaqlarda edilən səhvlərdən qorxmamaq lazımdır. Səhv edilən hər sual, əslində imtahanda qazanılan 1 baldır".

 

Uğurun əldə olunmasında zəhmət və şans amillərinin roluna toxunan Burlaxtun Məcidli, "Bu nəticədə əziyyətin, yoxsa şansın payı daha çoxdur?" sualına cavabı isə belə oldu:

 

“Nəticənin əsas hissəsi əziyyətin payına düşür. Mütəmadi hazırlıq, sınaq imtahanları və səhvlər üzərində iş bu uğurun əsas səbəbidir. Şansın rolu da var və məncə bu, müəyyən sualların tanış olması, imtahan zamanı uğursuz hadisə baş verməməsi və ən əsası sakin baş, yüksək əhval-ruhiyyə ilə imtahanda iştirak etməyə aiddir”.

 

 

Abituriyentlik dövrünü geridə qoyan Burlaxatun Məcidli, ADA Universitetində memarlıq ixtisası üzrə təhsil almağa hazırlaşdığını qeyd edərək, gələcək hədəfləri və karyera planları barədə ali təhsil illərini maksimum səmərəli dəyərləndirmək niyyətində olduğunu vurğulayıb:

 

"Universitetdə oxuduğum ixtisasda ən yaxşılardan olmaq, özümü fərqli istiqamətlərdə inkişaf etdirmək əsas məqsədimdir. Sadəcə diplom almaq yox, təcrübə proqramları, layihələr və xaricdə staj imkanları...Bir sözlə, qarşıdakı 5 ili maksimum səmərəli dəyərləndirmək niyyətindəyəm və bu dövrün bir gününün belə boş keçməsini istəmirəm".

 

Zəri Bayramlı

 

#700 bal #Burlaxatun Məcidli #təhsil #elm #qəbul imtahanı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər