00:00:00
Yazar
Mayıl Soltan
16.08.2026 14:35 225 6 dəq oxuma
Müsahibə

İsmayıl Rafiqoğlu: Dil və ədəbiyyat bir silahdır – MÜSAHİBƏ

İsmayıl Rafiqoğlu: Dil və ədəbiyyat bir silahdır – MÜSAHİBƏ

Saat 09:00. Tez hazırlaşıb 14 nömrəli avtobusun dayanacağına üz tutdum. Yolumuz Report İnformasiya Agentliyinədir. Bu gün Report Media Məktəbinin təlimçisi, media eksperti İsmayıl Rafiqoğlundan müsahibə götürəcəyəm. Marşruta mindikdə gözüm bir yazıya sataşdı: "Aftobusa zibil atmaq qadağandır!". Problem burada "aftobus" sözü idi, çünki yanlış yazılmışdı. Elə İsmayıl müəllimlə aparacağım müsahibənin mövzusu da Azərbaycan dili və ədəbiyyatla bağlı idi. Nəhayət, Report İnformasiya Agentliyinə çatdım. Qapını döyüb içəri daxil oldum, İsmayıl müəllimlə salamlaşıb əyləşdim...

 

"İnformator.az" xəbər saytı Report İnformasiya Agentliyinin tərkibində fəaliyyət göstərən Report Media Məktəbinin təlimçisi İsmayıl Rafiqoğlu ilə olan müsahibəni təqdim edir. 

 

İsmayıl müəllim, öncəliklə sıx iş qrafikinizə baxmayaraq, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm.

 

– Salam, çox sağ olun. Mən də sizə təşəkkür edirəm!

 

İsmayıl müəllim, aydındır ki, Azərbaycan dili və ədəbiyyatla bağlı olan problemlər çoxdur, artıq geniş vüsət alıb. 

 

– Elədir ki, var.

 

İndi icazənizlə suallara keçmək istəyirəm. 

 

– Buyurun!

 

İsmayıl müəllim, Report Media Məktəbinə tez-tez yazıçılar, dil mütəxəssislərini qonaq çağırırsınız. Bu missiyanın arxasında hansı hədəf və zərurətlər dayanır?

 

Öncəliklə müsahibəyə dəvət etdiyiniz üçün bir daha təşəkkür edirəm. Suala gəldikdə isə, Report Media Məktəbinin təlim prosesində Azərbaycan dili və Azərbaycan ədəbiyyatı istiqaməti mühüm yer tutur. Bu gün müasir gənclərin həm dilə, həm də Azərbaycan ədəbiyyatına yanaşmalarında müəyyən boşluqlar var. Bunun ilkin səbəbləri orta məktəb və universitetlərdən qaynaqlanır. Təəssüf ki, çağdaş dövrdə əksəriyyət müasir Azərbaycan ədəbiyyatının nümayəndələrini tanımır. İlkin olaraq məhz bu şəxsləri gənclərə tanıtdırmaq lazımdır. Çünki dili qoruyan, yaşadan, yeni sözləri gətirənlər belə yazıçılardır. 

Hətta bu problemi nəzərə alaraq Report Media Məktəbində kiçik bir kitabxana da yaratmışıq və bu kitabxananın əksəriyyəti müasir dövr Azərbaycan yazıçılarının əsərlərindən ibarətdir. Bundan əlavə, biz hər buraxılış qrupunda ən azı iki müasir Azərbaycan yazıçısı ilə görüş təşkil edirik. Məqsəd isə, gəncləri yaxşı jurnalist kimi yetişdirməkdir. Çünki yaxşı jurnalist Azərbaycan dilini, ədəbiyyatı mükəmməl bilməlidir. 

 

– Yazıçılar dediniz, kimlərin adlarını çəkə bilərsiniz?

 

– Aqşin Yenisey, Seyran Səxavət, Qulu Ağsəs, Fəxri Uğurlu və s.

 

– Çox yaxşı təşəbbüsdür.

 

– Təşəkkür edirəm!

 

İsmayıl müəllim, ali təhsil ocaqlarında jurnalistika ixtisasında Dil və ədəbiyyat dərs saatlarının azalmasını da müşahidə edirik. Sizcə, bu tendensiya jurnalist olmaq istəyənlərin yazı keyfiyyətinə necə təsir edəcək?

 

– Bəli, çox maraqlı məsələyə toxundunuz. Bu gün Bakıda jurnalistika təhsili verən üç ali təhsil müəssisəsi mövcuddur – Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universiteti. Təəssüf ki, hər üç ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatla bağlı ixtisarlar aparılıb. Mən xatırlayıram, Sovet dövründə jurnalistlərin Dil və ədəbiyyatları filoloqlardan bir qədər zəif olardı. Lakin biz bu gün ali təhsili yeni bitirmiş gənc jurnalistlərə "qələm adamı" deyə bilmirik. Təəssüf ki, jurnalistika ixtisasında ədəbiyyat iki semestr, Azərbaycan dili isə bir semestr keçirilir. Hətta Report Media Məktəbinə gələn tələbə namizədlərin əksəriyyətinin yazısı orta məktəb şagirdinin yazısına bənzəyir. Bu, ciddi problemdir. Həmin jurnalistin iş tapması belə sual altındadır. Dil və ədəbiyyat bir silahdır. Ali təhsil ocaqlarında bu məsələ mütləq nəzarətə götürülməlidir. Əlavə olaraq, hazırkı dövrdə Azərbaycan sektorunda müşahidə etdiyimiz problemlər rus və ingilis sektorlarında da özünü göstərir. Əfsus ki, bu gün rus bölməsindən gələn tələbələrin əksəriyyəti Aleksandr Dümanı tanımırlar. Bu insanlar gələcəkdə rus dilində çalışacaqlarsa, mütləq bunları bilməlidirlər. Bu da təhsilin yaratdığı problemdir. 

 

 Həqiqətən, cox acınacaqlı vəziyyətdir.

 

– Təbii ki, yaxşı vəziyyət deyil.

 

– İsmayıl müəllim, 2025-ci ildə Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində yad sözlərin dilimizi korladığını və ana dilini qorumağın böyük məsuliyyət olduğunu bildirmişdi. Burada medianın məsuliyyəti nədən ibarətdir və bu tənqiddən media hansı dərsləri çıxarmalıdır?

 

– Cəmiyyətdə Azərbaycan dili qaydalarının mediada pozulması ilə bağlı fikirlər çoxdur, lakin biz burada bəzi məsələləri fərqləndirməliyik. Birincisi, media ön cəbhədədir, yəni dilimizə yeni gələn bütün terminlər, sözlər, anlayışlar ilkin olaraq mediada işlənilir. Lakin jurnalist və redaktorlar lüğətimizdə yer almayan bu sözləri istifadə etdikdə ən doğru versiyanı seçməyi bacarmalıdırlar. Çünki bu terminləri məhz cəmiyyətə ötürən jurnalistlərdir. Sonradan digər insanlar bu sözləri məhz eşitdikləri kimi yazır, tələffüz edir. Bundan əlavə, bəzi qayda və normaların mediada pozulması operativlik ucbatındandır. Biz "tələskənlik" dövründə yaşayırıq, ona görə də yanlışların olması qaçılmazdır, lakin olmamalıdır. Digər bir tərəfdən dil biliyi olmayan insanın jurnalistikada çalışması da yanlışların yaranmasına səbəb olan amillərdəndir. Bu gün mətbuatda 10-15 il işləyib, amma yaxşı yaza bilməyən insanlar var. Belə qüsurlar da bayaq dediyim problemlərə gətirib çıxarır. Qısası, dil cəhətdən zəngin olmayan materiallar yer almış olur. Digər bir problem isə, jurnalist və redaktorların akademik lüğətlərlə işləməməsidir. Düzdür, bu gün Azərbaycanda Nəsimi adına Dilçilik İnstitutu fəaliyyət göstərsə də, bunun effektivliyi sual altındadır. Lüğətlər çox olsa da, həmin vasitələrin internetdə kifayət qədər elektron versiyası yoxdur. Bu da fərqli bir problemdir. Mənbələrin çox olması da, bəzən jurnalistləri yanılda bilər. Müxtəlif lüğətlərdə eyni sözlər fərqli yazılır. Bu da standart qaydanı bilməkdə çətinlik yaradır. Bu gün süni intellektlə mətn yazan, redaktə edən jurnalistlər də az deyil, lakin süni zəka bu istiqamətdə uğursuzdur. Bəzən yanlış yazır, redaktə edir. Mətbuatın doğru yazması üçün böyük miqdarda dəstək olmalıdır – proqram, sistemlər və.s 

 

Bayaq bildiriniz ki, mətbuatda 10-15 il işləyib yazı yaza bilməyən jurnalistlər var. Siz şəxsən onları tanıyırsınız?

 

– Təbii ki, tanıyıram. Bilirəm, sizə də gülməli gəlir. Məhz yaxşı materiallar verə bilməyən belə jurnalistlər redaktorun da işini çətinləşdirir.

 

Həqiqətən, mətbuatda belə insanların olması yaxşı hal deyil. 

 

– Sözsüz ki.

 

 İsmayıl müəllim, son olaraq, bu gün beynəlxalq dillərdən gələn sözlər dilimizi transformasiyaya məruz qoyur. Bu prosesin qarşısını almaq nə qədər mümkündür və başlıca addımlar nədən ibarət olmalıdır?

 

Deməli, Azərbaycan cəmiyyətində belə bir düşüncə var ki, Azərbaycan dili böyük təhlükədədir. Lakin mən belə hesab etmirəm. Məsələn, biz ingilis dilinə nəzər yetirsək, dildəki sözlərin 80%-ni alınma söz olduğun şahidi olarıq. Amma ingilis dili buna tab gətirir, hətta dünyadakı digər dilləri də transformasiyaya məruz qoyur. Bütün dillər belədir. Ümumən, dilin formalaşması prosesi böyük bir okeanı qidalandıran çay, göl və kiçik su hövzələrinə bənzəyir. Təhlükə yoxdur, sadəcə problem ondadır ki, dil istənilən sözü həzm etməyə qadirdir. Bu axın çox olduqda artıq ciddi məsələyə çevrilir. Təsəvvür edin, gündə dilimizə 30-50 yeni söz gəlir və Azərbaycan dili bunu həzm etməkdə çətinlik çəkir. Məsələn, bizim "vatsap", "feysbuk" sözlərini Azərbaycan dilinə uyğunlaşdırıb yazmağımız illər aldı. Əsas dildə gedən prosesə alimlərin vaxtında nəzarət və müdaxilə etməsidir. Dili yaşadan xalqdır, insanlar bu sözləri bilməlidirlər ki, istifadə edə bilsinlər. Digər bir nümunə "dəstək" sözüdür. Otuz il bundan əvvəl bu söz yox idi, lakin hazırda geniş şəkildə istifadə edilir. Bu gün dilimizə ən çox sözlər türk dilindən gəlir. Təbii ki, bunun səbəbi Azərbaycanda türk seriallarına olan marağın çoxluğudur. Əfsus ki, bu gün küçədə oynayan uşaqların əksəriyyəti Azərbaycan dili yox, Türkiyə türkcəsində danışırlar. Azərbaycan dilini yaşatmaq üçün ədəbiyyatımız inkişaf etməlidir. Çünki dil ədəbiyyat vasitəsi ilə ötürülür. Ona görə də, müasir Azərbaycan ədəbiyyatının nümayəndələrinin əsərləri oxunmalı, həmin kitabların sayı artırılmalı və elektron versiyaları yaradılmalıdır.

 

 Bəs gözəl danışmaq?

 

– Gözəl danışmaq üçün gözəl nitq eşitmək lazımdır. Burada səsli kitablara böyük ehtiyac yaranır, lakin kifayət qədər audio kitabların olmaması da başqa bir problemi işarə edir. Təbii ki, bu məsələdə məktəblərin də üzərinə böyük yük düşür. Hətta bir nümunə də gətirə bilərəm ki, orta məktəblərin birində müəllimlərdən biri ara-sıra uşaqlar üçün Azərbaycan filmlərini nümayiş etdirir. Bu çox yaxşı haldır. Bu gün Report Media Məktəbinə gələn tələbələrin əksəriyyətindən soruşuram ki, köhnə Azərbaycan filmlərinə baxırsınız, onların cavabları məni təəccübləndirmir. Qısası, dili qorumağın yolları məhz bunlardır. Onda Azərbaycan dili həm inkişaf edəcək, həm də unudulmayacaq. 

 

İsmayıl müəllim, çox maraqlı mövzu haqqında müstəsna müzakirə alındı.

 

– Mən də, həqiqətən, zövq aldım. Təşəkkür edirəm sizə!

 

Mən də sizə minnətdaram! Gələn səfərdə də mütləq sizinlə müzakirə aparmalı bir mövzu tapacam.

 

– Xoş olar mənə də.

 

Görüşmək ümidi ilə!

 

– Sağ olun!

 

Jurnalist: Mayıl Soltanov 

Foto: Ayan Veysəlli 

#ədəbiyyat #silahdır #rafiqoğlu: #baki #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər