Azərbaycan Orta Dəhlizin inkişafına çox ciddi töhfələr verir
Azərbaycanın Orta Dəhlizə verdiyi töhfələr ölkənin regional nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirir. Bu proses həm iqtisadi əməkdaşlığın genişlənməsinə, həm də Azərbaycanın geostrateji əhəmiyyətinin artmasına şərait yaradır.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, regionumuzda baş verən geosiyasi proseslər ilk növbədə Orta Dəhlizin perspektivlərinə müsbət təsir göstərir:
“Əgər regionda geosiyasi qarşıdurmaların qarşısı alınarsa və yeni toqquşmalar baş verməzsə, Orta Dəhlizin səmərəliliyi daha da artacaq. Lakin təəssüf ki, bəzən bölgəyə kənar qüvvələrin öz maraqlarını gətirmək cəhdləri müşahidə olunur. Bu isə geosiyasi gərginliyi artırmaqla yanaşı, Orta Dəhlizin inkişaf perspektivlərinə də mənfi təsir göstərir. Azərbaycan uzun illər işğala məruz qalsa da, regionu heç vaxt böyük güclərin qarşıdurma meydanına çevirməyə çalışmadı. Əksinə, rəsmi Bakı həmişə bölgədə geosiyasi balansın qorunmasına, maraqların uzlaşdırılmasına və əməkdaşlıq mühitinin formalaşmasına üstünlük verdi. Azərbaycan yaxşı anlayırdı ki, regionun inkişafı qarşıdurmadan deyil, əməkdaşlıqdan keçir. Bu gün isə təəssüf ki, Ermənistanın yürütdüyü siyasət müəyyən hallarda regionu böyük güclərin rəqabət meydanına çevirmək riskini artırır. Belə yanaşma təkcə Orta Dəhlizin deyil, ümumilikdə bütün regional nəqliyyat dəhlizlərinin perspektivlərinə mənfi təsir göstərə bilər.Əgər regionda böyük güclərin maraqları arasında balans qorunarsa və geosiyasi qarşıdurmalar əməkdaşlıqla əvəz olunarsa, Orta Dəhliz də daxil olmaqla bütün nəqliyyat dəhlizlərinin böyük inkişaf perspektivindən danışmaq mümkündür”.
Politoloq həmçinin bunu da qeyd edib ki, beynəlxalq münasibətlərdə dövlətlərin gücü yalnız onların coğrafi mövqeyi ilə müəyyən olunmur:
“Dövlətin gücü həm də malik olduğu iqtisadi, siyasi və nəqliyyat potensialı ilə ölçülür. Azərbaycan əlverişli coğrafi mövqeyə malik olmaqla kifayətlənmədi. Ölkə bu üstünlüyü strateji üstünlüyə çevirməyi bacardı. Vaxtında qəbul edilən qərarlar nəticəsində şimal–cənub və şərq–qərb istiqamətlərində uzanan nəqliyyat marşrutları üçün müasir infrastruktur yaradıldı. Beynəlxalq limanlar, dəmir yolları, avtomobil magistralları və digər logistika layihələri Azərbaycanın regionun əsas tranzit mərkəzlərindən birinə çevrilməsini təmin etdi. Nəticədə Azərbaycan bu gün bir neçə beynəlxalq nəqliyyat marşrutunun kəsişmə nöqtəsi kimi çıxış edir. Orta Dəhlizin əldə etdiyi uğurların əsas səbəblərindən biri də məhz Azərbaycanın uzunmüddətli və düşünülmüş nəqliyyat siyasətidir. Bu gün Azərbaycanın yaratdığı müasir logistika infrastrukturu Orta Dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bundan sonrakı mərhələdə isə dəhlizin inkişafı ilk növbədə regionda geosiyasi sabitliyin qorunmasından və dövlətlərin əməkdaşlıq mühitini gücləndirmək bacarığından asılı olacaq”

Güllər Gülhüseynova