Azərbaycan Orta Dəhlizin əvəzolunmaz qovşağıdır: Tranzit imkanlarını daha da genişləndirir
Azərbaycanın əlverişli coğrafi mövqeyi və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu ölkənin Orta Dəhliz üzrə əsas tranzit mərkəzlərindən birinə çevrilməsinə imkan verir. Şərqlə Qərbi birləşdirən bu marşrutda Azərbaycanın rolu yalnız coğrafi mövqeyi ilə deyil, həm də logistika imkanları və regional əməkdaşlıq potensialı ilə müəyyənləşir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Azərbaycanın Orta Dəhliz üzərində əvəzolunmaz qovşaq kimi qiymətləndirilməsinin əsas səbəbi onun Şərqlə Qərbi birləşdirən coğrafi mövqeyini real nəqliyyat imkanlarına çevirə bilməsidir.
“Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, buradan isə Türkiyə və Avropaya çatdırılmasında Azərbaycan əsas keçid ölkəsidir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, müasir avtomobil yolları və Xəzərdəki yük donanması ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Azərbaycan yalnız tranzit ərazisi deyil, müxtəlif nəqliyyat xətlərinin birləşdiyi və yüklərin yönləndirildiyi regional logistika mərkəzi funksiyasını yerinə yetirir”, – deyə politoloq vurğulayıb.
Züriyə Qarayevanın sözlərinə görə, Azərbaycanın mövqeyini gücləndirən digər mühüm amillər siyasi sabitlik, tərəfdaşlarla balanslaşdırılmış münasibətlər və nəqliyyat layihələrinə uzunmüddətli investisiyaların yatırılmasıdır.
Politoloq hesab edir ki, mövcud geosiyasi reallıqlar fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artıb. Dövlətlərin Rusiya ərazisindən keçən şimal marşrutlarına alternativ axtarması Mərkəzi Asiya ilə Avropa arasında yeni logistika imkanlarının önə çıxmasına səbəb olub. Bu prosesdə Azərbaycan həm fiziki, həm də siyasi baxımdan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa arasında mühüm bağlantı rolunu oynayır.
Onun fikrincə, Zəngəzur bağlantısının və digər regional kommunikasiya xətlərinin açılması Azərbaycanın tranzit imkanlarını daha da genişləndirə bilər. Bu baxımdan ölkənin nəqliyyat və logistika infrastrukturu Orta Dəhlizin davamlılığı və səmərəliliyi üçün strateji əhəmiyyət daşıyır.
Beləliklə, Azərbaycanın Orta Dəhlizdəki rolu yalnız tranzit ölkə statusu ilə məhdudlaşmır. Ölkənin nəqliyyat infrastrukturu, Xəzər üzərindən bağlantıları və regional əməkdaşlıq imkanları onu Şərqlə Qərb arasında formalaşan yeni logistika sisteminin əsas həlqələrindən birinə çevirir.
Nurgün Qənizadə