Azərbaycan-Özbəkistan əməkdaşlığında yeni mərhələ
Azərbaycan və Özbəkistan arasında imzalanan Əbədi Dostluq Müqaviləsi və iki dövlət liderinin iştirakı ilə keçirilən üçüncü Ali Dövlətlərarası Şuranın toplantısında razılaşdırılan qərarlar belə deməyə əsas verir ki, hər iki ölkə yeni beynəlxalq münasibətlər sistemində yeni yol açılır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirir ki, xüsusilə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması, Xəzər dənizində birgə donanmanın yaradılması, vahid operatorluğu olan birgə marşrutun inkişafı və 500 milyon dollarlıq investisiya fondunun vəsaitlərinin qısa zamanda xərclənməsi, fondun investisiya portfelinin yenilənməsi mühüm əhəmiyyət daşıyır.
Politoloqun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, əsasən, regionu əhatə edən Türk Dövlətləri Təşkilatının bu coğrafiya üzərindən təşkilatlanmasına, həmçinin Orta Dəhlizin əsas lokomotivlərindən biri olacaq Azərbaycan və Özbəkistan arasında logistika xəttinin inkişafına ciddi təkan verə bilər.
“Azərbaycanla Özbəkistan arasında həm logistika xəttinin inkişafı, həm də bunun paralelində ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi Mərkəzi Asiyanın, o cümlədən Cənubi Qafqazın Azərbaycan təmsilçiliyində bu regionun tərkib hissəsi kimi beynəlxalq münasibətlər sistemində artıq birtərəfli diktə olunan bölgə deyil, qarşılıqlı maraqlara əsaslanan bərabərtərəfli regional güc kimi meydana çıxmasına təkan verəcək".
Ekspertin fikrincə, Mərkəzi Asiyanın həm iqtisadi, həm təbii ehtiyatlarının zənginliyi, həm də demoqrafik potensialı baxımından güclü dövləti olan Özbəkistanla Cənubi Qafqazın əsas aparıcı ölkəsi olan Azərbaycanın əməkdaşlığı regional inteqrasiyanın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Taleh Əliyev hesab edir ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının genişlənməsi inteqrasiyanın paralel inkişafının mühüm təminatlarından biri kimi qiymətləndirilə bilər.
Süsən Mərdalıqızı