00:00:00
Yazar
Zəhra Həsənova
24.08.2026 22:28 23 2 dəq oxuma
Siyasət

Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: Əbədi Dostluq Müqaviləsi nə vəd edir?

Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: Əbədi Dostluq Müqaviləsi nə vəd edir?

Azərbaycan və Özbəkistan arasında Əbədi Dostluq Müqaviləsinin imzalanması iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaradıb. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, hər iki dövlət bir-birinə əbədi dost olduqlarını bəyan edib:

 

"Bu, sadəcə kağız üzərində olan münasibət deyil. Müqavilə ilə hər iki qardaş ölkə bundan sonrakı mərhələdə əməkdaşlığı daha da dərinləşdirməyi, xalqlar arasında inteqrasiyanı sürətləndirməyi qarşıya məqsəd qoyur. Biz özbəklərlə eyni kökdən gəlirik, türk millətinin nümayəndələriyik. Dilimiz, mədəniyyətimiz, tariximiz, ortaq dəyərlərimiz və tarixi şəxsiyyətlərimiz bizi birləşdirir. Bütün bunları nəzərə alaraq dövlət başçıları Əbədi Dostluq Müqaviləsinin imzalanması barədə qərar qəbul ediblər. Azərbaycan və Özbəkistan arasında imzalanan bu müqavilə özlüyündə ilk belə sənəddir. Düşünürəm ki, gələcəkdə digər türk dövlətləri ilə də bu istiqamətdə analoji müqavilələrin imzalanması mümkündür".

 

Müsahib müqavilənin siyasi və strateji əhəmiyyətindən də danışıb: 

 

"Bu, həm dostlarımıza, həm də bütün dünyaya bir mesajdır. Biz göstəririk ki, Azərbaycan və Özbəkistan xalqları bir-birinə doğmadır, qardaşdır və əbədi dostdurlar. Digər tərəfdən, ikitərəfli münasibətlərdə bundan sonra da məhz əbədi dostluq ruhu hakim olacaq. Bu ruh iki ölkənin bütün fəaliyyət sahələrində özünü göstərəcək. Eyni zamanda, üçüncü tərəflər də Azərbaycan və Özbəkistan arasındakı münasibətləri nəzərə almalı olacaqlar. Özbəkistanla bağlı hansısa addım atmaq istəyən tərəf Azərbaycanın mövqeyini, Azərbaycanla bağlı addım atarkən isə Özbəkistanın mövqeyini nəzərə almalı olacaq. Bu da hər iki ölkəyə əlavə üstünlüklər qazandırır”.

 

Siyasi şərhçinin sözlərinə görə, iqtisadi-ticari əlaqələrlə bağlı da əlavə sənədlər imzalanıb:

 

“Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata açıqlamalarında qeyd etdilər ki, iki ölkə arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması hədəflənir. Azərbaycan bu dostluq müqaviləsi imzalanmadan əvvəl də qardaş Özbəkistanla iqtisadi-ticari əlaqələri daha da genişləndirməkdə maraqlı idi. Sevindirici məqam ondan ibarətdir ki, qarşı tərəf də Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə inkişaf etdirilməsində maraqlıdır. Bu müqavilə isə həmin əməkdaşlıq ruhunu daha da yüksək səviyyəyə qaldırır. Dostluq və iş birliyi ruhu bundan sonra siyasi, iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin daha da dərinləşməsinə imkan verəcək”.

 

Selcan Xudiyeva

#mərhələ: #yeni #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər