"Azərbaycan praqmatik və çoxşaxəli xarici siyasət yürüdür”- ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ nümayəndəsi Ceyms Devid Vens arasında geniş tərkibdə görüş tutub. Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti, regional təhlükəsizlik məsələləri və siyasi əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın ikinci prezidentlik dövründən sonra ABŞ-nin Cənubi Qafqaza və Azərbaycana münasibətində ciddi dəyişiklik müşahidə olunur:
“Vaşinqton regionu artıq yalnız siyasi baxımdan deyil, enerji, logistika və strateji resurslar kontekstində də prioritet kimi qiymətləndirir. Cənubi Qafqaz həm coğrafi mövqeyinə, həm də enerji və nəqliyyat marşrutlarına görə böyük güclərin maraq dairəsindədir. ABŞ burada həm Rusiyanın təsir imkanlarını zəiflətmək, həm də öz iqtisadi və təhlükəsizlik gündəliyini irəli aparmaq niyyətindədir. Bu baxımdan Azərbaycan açar ölkədir, çünki həm enerji resurslarına malikdir, həm də Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Amerika regiona daxil olmaq üçün müxtəlif istiqamətlər üzrə paralel siyasət aparır. Ermənistan üzərindən Rusiyanın təsirini azaltmaq, Azərbaycanla isə enerji və təhlükəsizlik əməkdaşlığını genişləndirmək xətti seçilib. Lakin burada əsas məsələ Bakının balanslı siyasətidir. Azərbaycan nə Rusiyadan, nə Türkiyədən, nə də digər regional aktorlardan uzaqlaşmaq niyyətindədir. Azərbaycan praqmatik və çoxşaxəli xarici siyasət yürüdür”.
Həmçinin politoloq vurğulayıb ki, ABŞ-nin maraqları təkcə enerji ilə məhdudlaşmır:
“Amerika regionda enerji layihələrində, logistika xətlərində, yüksək texnologiyalar və hərbi əməkdaşlıq sahəsində mövqeyini gücləndirmək istəyir. Eyni zamanda İran faktoru da Vaşinqton üçün önəmlidir. ABŞ region ölkələrinin mövqeyini nəzərə almağa çalışır. Azərbaycan üçün əsas prioritet isə regional sabitlikdir. Üçüncü tərəflərin sərt qarşıdurma yaratması Bakının maraqlarına uyğun deyil. Prezidentlə Vens arasında keçirilən geniş tərkibli görüş məhz bu strateji balansın qorunması və əməkdaşlıq çərçivələrinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Buradakı əsas məqsəd münasibətləri yeni mərhələyə keçirməkdir, amma bu, Azərbaycanın milli maraqları və regiondakı mövcud reallıqlar nəzərə alınmaqla həyata keçiriləcək”.
Ayşə Müzəfərli
