Azərbaycan Prezidenti: "Alternativ enerji ilə bağlı planlarımız imzalanmış müqavilələrə əsaslanır"
"Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik".
Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az” a açıqlamasında bildirib ki, Cənub Qaz Dəhlizinin Bakıda keçirilən son toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan enerji siyasətini imzalanmış müqavilələr əsasında planlaşdırır:
“Bu isə o deməkdir ki, məhsulun istehsal prosesi gedərkən onun alıcısı artıq müəyyənləşdirilir və istehsal olunmuş məhsulun dünya bazarına, xüsusilə də Avropa bazarına çıxarılması Azərbaycanın həm iqtisadi, həm də geosiyasi əhəmiyyətini artıran ciddi amildir. Azərbaycan əməkdaşlığını xüsusilə, enerji sektorunda daha çox Avropa ölkələri ilə qurur. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiyanın enerji tranziti baxımından çox əlverişli və mühüm geosiyasi, geostrateji mövqeyə malikdir. Bu mövqe həm Qazaxıstanın, həm də Türkmənistanın qazının Avropaya nəqlində Azərbaycanın fəal iştirakına imkan verir və Avropaya tranzit baxımından bu ölkələrin enerji resurslarına keçid rolunu təmin edir. Bu layihələr hazırkı həssas dövrdə xüsusi əhəmiyyət daşıyır. Xüsusilə, Rusiya ilə Avropa arasında sanksiyalar səbəbindən yaşanan enerji böhranı, eləcə də son günlər Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında gərginliyin artması və Hörmüz boğazının bağlanma ehtimalı ərəb ölkələrinin neft və qazının Avropaya çatdırılmasında çətinliklər yaradır. Belə şəraitdə Azərbaycan Avropa üçün daha əhəmiyyətli və cazibədar tərəfdaş kimi görünür. Azərbaycanda bugünkü şərtlər daxilində ölkə öz öhdəliklərini yalnız yerinə yetirmir, həm də günəş, külək və su elektrik stansiyalarının fəaliyyətini genişləndirərək Avropanın artan enerji tələbatını qarşılamağa çalışır. Şübhəsiz ki, bu gün Avropanın ən ciddi problemlərindən biri enerji təhlükəsizliyidir və belə bir təhlükə ilə üzləşən Avropanın təhlükəsizliyinin qarantı ola biləcək ölkələrdən biri məhz Azərbaycan və Azərbaycan üzərindən daşınan enerji resurslarıdır. Digər tərəfdən, ABŞ və dünyanın digər regionlarından Avropaya enerji ehtiyatları nəql edilir, lakin Azərbaycan Avropaya sərhəd qonşusu kimi uzaq mənbələrlə müqayisədə daha əlçatan və etibarlı tərəfdaşdır. Bu baxımdan hesab edirəm ki, regionda sabitliyin davamlı olması Azərbaycanla Avropa arasında iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsinə və dərinləşməsinə gətirib çıxaracaq”.
Selcan Xudiyeva
