Azərbaycan-Qazaxıstan münasibətlərində yeni əməkdaşlıq formatı yaradılır
Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq getdikcə daha da genişlənir. Belə ki, Qazaxıstan Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə hərbi təhsil sistemində aparılan islahatlar, müasir hazırlıq modeli və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan keçmiş Sovet Respublikaları içində ilk dəfə olaraq Türk ordu modelini uğurla tətbiq edən,digər tərəfdən isə vətən müharibəsində bir çox böyük nailiyyətləri olan, həmçinin son 81 ilin qalib ölkəsidir:
“Təbii ki, belə böyük nailiyyətlərə malik olan Azərbaycan təcrübəsini Qazaxıstanın mənimsəməsi və tətbiq edilməsi həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də regional təhlükəsizlik məsələlərində böyük əhəmiyyət daşıyır. Hərbi, texniki və hərbi təhsil sahəsində dost və müttəfiq Türk dövlətləri arasındakı əməkdaşlıq həm regional təhlükəsizliyi daha da gücləndirəcək, həm də ölkələr və onların silahlı qüvvələri arasında mövcud əlaqələr üçün daha geniş imkanlar yaradacaq”.
Nurgün Qənizadə