"Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb" - Prezident
Azərbaycan qazının Avropa İttifaqı daxilində Almaniya və Avstriya kimi ölkələrə çatdırılması ölkənin enerji ixrac imkanlarının genişləndiyini göstərir və bu, həm iqtisadi gəlirlərin artmasına, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji rolunun güclənməsinə səbəb olur. Bununla yanaşı, Avropanın alternativ və bərpa olunan enerji siyasəti fonunda bu əməkdaşlığın davamlılığı üçün Azərbaycanın enerji strategiyasını diversifikasiya etməsi və yeni bazar şərtlərinə uyğunlaşması vacib olaraq qalır.
Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın qazının Avropa İttifaqının daha çox ölkəsinə çatdırılması diversifikasiya baxımından müsbət haldır. Bu sözlərinə görə, bu proses yalnız iqtisadi deyil, həm də siyasi və digər üstünlüklər yaradır:
“Lakin Almaniya kimi iri bazarlara çıxış enerji siyasətində müəyyən dəyişiklikləri də zəruri edir. Biz çalışmalıyıq ki, alternativ enerji mənbələrindən daha geniş istifadə edək. Bu, daxili tələbatı qarşılamaqla yanaşı, qazın daha çox hissəsini ixraca yönəltməyə imkan verər. Çünki Azərbaycanın qaz ehtiyatları tükənməz deyil və ölkə daxilində də bu resursa ciddi ehtiyac var. Avropanın yaşıl enerjiyə keçidi ilə bağlı tələbatın dəyişəcəyi gözlənilir. Bununla belə, qaz müəyyən sahələrdə hər zaman vacib enerji mənbəyi olaraq qalacaq. Bu səbəbdən də Azərbaycan alternativ enerji sahəsini inkişaf etdirərək qaz ixracını daha da genişləndirməyə çalışmalıdır”.
Fatimə Hüseynli