Azərbaycan QHT nümayəndələri ABŞ-nin vitse-prezidentinə açıq məktub ünvanlayıblar
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ABŞ-nin vitse-prezidenti Cey Di Vensə ünvanladıqları açıq məktubda ölkənin tolerantlıq modeli, dinlərarası harmoniya ənənələri və Qərbi azərbaycanlıların hüquqları məsələlərinə diqqət çəkiblər. Məktubda Azərbaycanın beynəlxalq sülhə və humanitar dəyərlərə sadiqliyi vurğulanmaqla yanaşı, tarixi ədalətsizliklərin aradan qaldırılması çağırışı da yer alıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanın bir qrup QHT nümayəndəsinin ABŞ-nin vitse-prezidentinə müraciəti dünya praktikasında rast gəlinən haldır:
“Belə ki, zaman-zaman bu tip müraciətlər edilir. Xüsusilə önəmli dövlət səfərləri və ya böyük dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri zamanı bir çox məsələlərə diqqət çəkmək üçün məhz belə müraciətlərdən istifadə olunur. Bu müraciətdə də bir neçə istiqamət üzrə məsələlərə toxunulub. Xüsusilə Azərbaycanın tolerant ölkə olması, beynəlxalq sülhə və humanitar dəyərlərə sadiqliyi, dinlərarası dialoq və milli azlıqların hüquqları ilə bağlı dövlətin həyata keçirdiyi siyasət kimi məsələlərə diqqət çəkilir. Eyni zamanda, müraciətdə Qərbi azərbaycanlıların geri dönüşü məsələsi də vurğulanır ki, bu da, əlbəttə, vacib məsələdir. Bu, hər hansı bir ölkəyə qarşı ərazi iddiası deyil, pozulmuş hüquqların və ədalətin bərpası məsələsidir.
Dini tolerantlıq və harmoniya məsələsinə gəldikdə isə, hazırda dünyada ən vacib istiqamətlərdən biri sivilizasiyalararası münasibətlər və dinlərarası dialoqun inkişafıdır. Bu baxımdan Azərbaycan dinlərarası dialoq və milli azlıqların hüquqlarının qorunması sahəsində nümunə göstərilə bilən ölkələrdəndir. Xüsusilə dini dialoq və tolerantlıqla bağlı dövlətin mövqeyi və həyata keçirdiyi siyasəti beynəlxalq ictimaiyyət də təqdir edir. Hazırda dünya siyasətində bu istiqamət xüsusi diqqət mərkəzindədir. Ona görə də beynəlxalq hüququn vurğulanması və tolerantlıqla bağlı məsələlərin diqqətə çatdırılması olduqca vacibdir. Bu məsələlər beynəlxalq siyasətin gündəmində olan mövzulardır və Azərbaycanda bu istiqamətdə mühüm addımlar atılıb. Bu baxımdan Azərbaycanın bu üstünlüklərinin ABŞ-nin vitse-prezidentinin diqqətinə çatdırılması, hesab edirəm ki, vacib məqam idi”.
Reyhan Quliyeva
