Azərbaycan-Qırğızıstan əməkdaşlığı: Siyasi, iqtisadi və humanitar sahələr ön
2025-ci ildə Qırğızıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq siyasi, iqtisadi və humanitar istiqamətlər üzrə davamlı inkişaf edib. Siyasi dialoqun intensivliyi qorunub, ticari-iqtisadi əlaqələr genişlənib, mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət möhkəmlənib.
Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az” a açıqlamasında bildirib ki, Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı və faydalı əməkdaşlıq bir neçə platforma üzərindən həyata keçirilir və eyni zamanda birbaşa ikitərəfli əməkdaşlıq müstəvisində də davam etdirilir:
“Bu əməkdaşlığın əsas iki istiqamətini xüsusi qeyd etmək olar. Bunlardan biri Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlıq, digəri isə Azərbaycan və Qırğızıstan arasında formalaşan ikitərəfli əməkdaşlıqdır. Bu baxımdan, 2025-ci il üzrə Azərbaycan ilə Qırğızıstan arasındakı əməkdaşlığı şərti olaraq bir neçə əsas istiqamət üzrə qiymətləndirmək mümkündür. Xüsusilə, üç sahə ön plana çıxır: siyasi, iqtisadi və humanitar əməkdaşlıq. Siyasi sahədə əməkdaşlığa nümunə olaraq dövlət və hökumət başçılarının müntəzəm görüşlərini və qarşılıqlı rəsmi səfərlərini qeyd etmək olar. Bu görüşlər çərçivəsində siyasi dialoqun daha da inkişaf etdirilməsi və dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Həmçinin bu proseslərin nəticəsi olaraq Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini də xüsusi vurğulamaq lazımdır. İqtisadi sahədə əməkdaşlıq əsasən qarşılıqlı ticarət əlaqələri üzərində cəmləşib. Xüsusilə, son illərdə yaradılmış Azərbaycan‑Qırğızıstan İnkişaf Fondu vasitəsilə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. 2025-ci il üçün qarşıya qoyulan əsas məqsədlərdən biri birgə investisiyalara əsaslanan müəssisələrin yaradılması və kənd təsərrüfatı, sənaye, ğhəmçinin xammal sahələrində əməkdaşlığın genişləndirilməsidir. Humanitar sahədə isə əsas diqqət təhsil, mədəniyyət və sosial istiqamətlərdə əməkdaşlığa yönəlib. Xüsusilə, 2025-ci il ərzində hər iki ölkənin ərazisində qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi və birgə tədbir proqramlarının hazırlanması böyük əhəmiyyət kəsb edib. Qeyd etmək lazımdır ki, Qırğızıstanda keçirilən Azərbaycan mədəniyyət günləri 2025-ci ilin ən mühüm mədəni hadisələrindən biri olubdur. Bu tədbirlər çərçivəsində Azərbaycan incəsənəti, musiqisi və ədəbiyyatı ilə bağlı çoxsaylı təqdimatlar təşkil edilib. Eyni zamanda elm və təhsil sahəsində də Azərbaycan və Qırğızıstan ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənib. Humanitar əlaqələr kontekstində hər iki xalqın türk mənşəli olması, ortaq mədəniyyətə və ortaq türk kimliyinə malik olması bu əməkdaşlığın əsas ideoloji və mədəni dayaqlarından biri kimi çıxış edir. Hesab etmək olar ki, 2026-cı ildə də bu əməkdaşlıq artıq başlanmış və uğurla inkişaf etdirilən istiqamətlər əsasında davam edəcək, eyni zamanda yeni sahələri də əhatə edə bilər. Xüsusilə, iqtisadi əlaqələrin genişləndirilməsində Orta Dəhliz marşrutunun əhəmiyyəti nəzərə alınaraq enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi mühüm perspektiv kimi qiymətləndirilə bilər. Bununla yanaşı, nəqliyyat və logistika şəbəkələrinin genişləndirilməsi də gündəmdə saxlanıla bilər. Qeyd etmək lazımdır ki, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının Orta Dəhliz üzərində yerləşməsi, həmçinin türk dünyasının əsas geosiyasi sütunlarından sayılan bu regionların dövlətləri arasında həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlıq regionun ümumi inteqrasiyasına mühüm təkan verə bilər. Bu isə gələcəkdə regionun yalnız Şərq və Qərbdən asılı olan məkan deyil, əksinə Şərqlə Qərbi birləşdirən strateji mərkəz rolunda çıxış etməsinə əlavə töhfə verə bilər. Bu baxımdan Qırğızıstan ilə yanaşı Azərbaycanın digər Mərkəzi Asiya türk respublikaları ilə də ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Selcan Xudiyeva