00:00:00
Yazar
Nərmin Həşimova
19.11.2026 20:41 47 4 dəq oxuma
Siyasət

Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə Cənubi Qafqazda yeni siyasi reallıq yaradıb

Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə Cənubi Qafqazda yeni siyasi reallıq yaradıb

Azərbaycan uzun illər torpaqlarının işğalı, ərazilərinin dağıdılması, milli sərvətlərinin talan edilməsi və yüz minlərlə insanının doğma yurd-yuvasından didərgin düşməsi kimi ağır tarixi faciə ilə üz-üzə qalıb. Lakin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər bu reallığı kökündən dəyişdi. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycan yeni mərhələyə qədəm qoydu. Eyni zamanda, bu Zəfər təkcə ölkəmizdə deyil, bütün Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşmasına zəmin yaratdı.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında deputat Azər Allahverənov bildirib ki,Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də Cənubi Qafqazda yeni bir siyasi reallıq yaradır. Bu siyasi reallığın kökündə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması məsələləri durur:

 

"Ümumiyyətlə Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə Cənubi Qafqaz bölgəsində yeni bir siyasi reallıq yaratmış oldu, çünki ilkin olaraq  Azərbaycan ərazisində separatçılığa son qoyuldu. Bu məsələnin birinci tərəfidir, separatçılıq bir ölkənin ərazisində mövcuddursa, bu təbii ki, çox ciddi təhlükələr yaratmaqla yanaşı, istər ölkənin suverenliyinə, istərsə də ümumiyyətlə geniş bir kontekstdə ciddi  təhlükə yarada biləcək fenomendir.Həqiqi mənada separatçılığa son qoymaqla Azərbaycan bir çox dövlətlər üçün çox yaxşı nümunə ortaya qoydu.Bu gün separatçılıqdan əziyyət çəkən dövlətlər var və bu səbəbdən də müəyyən mənada öz ərazisinin müəyyən bir hissəsinə nəzarət edə bilmirlər. Çünki həmin ərazilər separatçı rejimlərin təsiri altında olur. Azərbaycan nümunəsi onlar üçün bir örnəkdir. Çünki,separatçılıq varsa, əgər bir dövlətin digər dövlətə qarşı aqressiv bir siyasəti varsa, işğalçılığı bu və ya digər formada mövcuddursa, bu istər-istəməz  dayanıqlı inkişafa da çox ciddi maneədir və ümumiyyətlə sabit inkişafı ciddi təhlükələr altına ala biləcək hadisədir. Bu səbəbdən də Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Cənubi Qafqaz bölgəsində çox böyük layihələri həyata keçirmək üçün geniş imkanlar yaratdı. Burada şübhəsiz ki,  postmünaqişə dövrünə xas inkişaf strategiyasının əsasında Böyük Qayıdış durur. Çünki Böyük Qayıdış proqramı da Azərbaycan Respublikasının beş milli prioritetindən biridir. Və şübhəsiz bu istiqamətdə həyata keçirilən fəaliyyətlər və 30 milyarda yaxın vəsaitin Böyük Qayıdışa bu günə qədər sərf edilməsi nəticə etibarilə 2026-cı ilin dekabrında bitəcək Böyük Qayıdış proqramının birinci mərhələsinin effektiv icrasını təmin etmiş oldu. Və bu gün 100 minə yaxın keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması, ilkin olaraq  həmin ərazilərdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, mövcud  infrastrukturun yaradılması, iş yerlərinin açılması, həmin ərazilərdə iqtisadi subyektlərin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi ilə biz bu ərazilərin dövlətin iqtisadi məkanına sürətli daxil olmasını, inteqrasiyasını təmin edə biləcək  siyasət həyata keçirmiş olduq.Bu da bilavasitə istər dayanıqlı sülhün, istərsə də ki effektiv işləyən təhlükəsizlik sisteminin təmin olunmasını şərtləndirdi. Bu gün də biz görürük ki, postmünaqişə dövrü, Böyük Qayıdış və qeyd elədiyim istiqamətlər üzrə dayanıqlı sülh və təhlükəsizlik məsələləri bir-birinə çox sıx bağlı olan  prosesdir və nəticə etibarilə Azərbaycan ən azından bu müstəvidə yaratdığı yeni reallığı dayanıqlı regional inkişafa məhz proyeksiya eləyir. Bu həm Azərbaycanın iqtisadi potensialının artırılmasına yönəlir, həm Azərbaycan-Ermənistan bağlantılarını, xüsusilə də kommunikasiya və digər istiqamətlər üzrə reallaşdırılmasını şərtləndirir və daha geniş kontekstdə Cənubi Qafqaz  bölgəsinin dayanıqlı inkişafına xidmət edən vəziyyətin yaradılmasına gətirib çıxardır. Bir qədər də geniş baxdıqda Avrasiyada bu gün müxtəlif qütbləri bağlayan inteqrasiya layihələrinin məhz bilavasitə Azərbaycandan keçməsi və bir qism də həmin inteqrasiya layihələri seqmentlərinin işğaldan azad olunmuş ərazilər üzərindən reallaşdırılması nəticə etibarilə bu,vaxtilə ölkənin beşdə bir hissəsi işğal səbəbindən boz zona olduğu halda bu gün artıq həyatın qaytarıldığı bir əraziyə çevrilib və həyatı qaytarmaqla yanaşı həm də o, qarşılıqlı fayda gətirə biləcək bir imkanların yaradılmasına yol açıbdır. Çünki bu gün həmin o inteqrasiya layihələrinin müəyyən seqmentləri məhz həmin ərazilərdən keçir. İstər bu yol infrastrukturu, istər yaşıl enerji, bərpa olunan enerji və digər istiqamətlərdə əldə olunan  nailiyyətlər, xüsusilə də postmünaqişə dövründə dayanıqlı sülhə və təhlükəsizliyə xidmət eləyə biləcək çox vacib, nailiyyətlərdir ki, Azərbaycan bunu ən yüksək səviyyədə, öz gücü hesabına,həyata keçirməklə həm də bu müstəvidə dünya üçün bir örnək olub,  Azərbaycan inkişaf modelini ortaya qoymağa, müvəffəq olubdur".

Səkinə Musayeva

#xəbər #yaradıb #reallıq #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər