00:00:00
Yazar
Elmira Ağayeva
19.11.2026 23:04 32 3 dəq oxuma
Siyasət

KİV: Putin Çinə nüvə çantası ilə gedib

KİV: Putin Çinə nüvə çantası ilə gedib

 

Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri zamanı strateji nüvə qüvvələrinin idarə olunması üçün nəzərdə tutulan nüvə çantasını da özü ilə aparıb.

Məlumata görə, Putini müşayiət edən adyutant jurnalistlərə onun yanında olan çantanın Rusiyanın strateji nüvə qüvvələrini idarə etmək üçün nəzərdə tutulan xüsusi çamadan olduğunu təsdiqləyib.

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı İnformator.az-a açıqlamasında bildirib ki, bu, sensasion hadisə deyil, çünki belə səfərlərdə nüvə çantasının aparılması halları olur:

“Xüsusilə Tramp, Putin və Si Cinpin görüşünün keçiriləcəyi Çinə nüvə çantası ilə səfər edilməsi müəyyən mənada simvolik xarakter daşıyır. Burada əsas mesaj Rusiyanın nüvə dövləti olduğunu bir daha təsdiqləməkdir. Ümumiyyətlə, səfər və orada keçirilən görüş Rusiyanın nöqteyi-nəzərindən, öz maraqları baxımından qlobal güc kimi təsdiqlənməsinə xidmət edirdi. Çünki hazırda dünyada iki əsas supergücün — Rusiya və Amerikanın mövcudluğundan danışılır. Rusiya bu reallığı qəbul etmək istəmir. Rusiyanın hər zaman əsas hədəfi soyuq müharibə başa çatdıqdan sonra yaranmış şərtləri nə vaxtsa dəyişmək olub. Ukraynaya hücumun və Rusiyanın Qərblə, xüsusilə Avropa ilə apardığı müharibənin əsas hədəflərindən biri də Rusiyanın qlobal güc olduğunu qəbul etdirməkdir. Çində keçirilən bu üçtərəfli görüş Putin, yəni Rusiya üçün özünü bu baxımdan nümayiş etdirmək və təsdiqləmək baxımından önəmli idi”.

Politoloq həmçinin qeyd edib ki, Rusiyanın nüvə çantası ilə Çinə səfəri Pekində narahatlıq yaratmaqdan daha çox Avropada narahatlıq doğurur:

“Bu mesaj nə Amerikaya, nə də Pekinə hesablanıb. Daha çox, dediyim kimi, Rusiyanın qlobal güc olduğunu nümayiş etdirməyə yönəlib. Bu isə ən çox Avropanı narahat edə bilər. Çünki Avropa bu masada yer almadı. Bu gün Rusiya ilə aktiv şəkildə müharibə aparan Avropa, həmin müharibədə Çinin bu və ya digər formada Rusiyanı dəstəklədiyi, Amerika tərəfinin isə Rusiyanın mövqeyinə daha yaxın mövqe sərgilədiyi bir şəraitdə kənarda qalıb. Üç ölkə qlobal təsir dairələrini bölüşdürə biləcək əsas güclər olduğunu nümayiş etdirdi. Bu mənzərədə kənarda qalan Avropa üçün əsas narahatlıq doğuran tərəf məhz budur”.

Asif Nərimanlı, bununla yanaşı, Putinin səfərindən sonra Çin və Rusiya arasında hərbi əməkdaşlığın, xüsusilə, daha geniş miqyasda inkişaf edəcəyini düşünmədiyini vurğulayıb:

“Çin və Rusiya arasında həm hərbi, həm də enerji sahəsində müəyyən əməkdaşlıq mövcuddur. Xüsusilə enerji sektorunda sanksiyalara məruz qalan Rusiyanın enerji resurslarını Çin daha sərfəli qiymətlərlə əldə edir. Amma ümumilikdə Çin Rusiyanın Ukrayna müharibəsini müəyyən həddə qədər dəstəkləyir. Yəni Çinin əsas məqsədi Rusiyanın qlobal güc kimi qəbul edilməsi deyil, onun bu müharibədə tam məğlub olmamasıdır. Çünki Rusiya tam məğlub olarsa, mövcud situasiyanı dəyişə bilər və Çin bunu öz maraqlarına zidd hesab edir. Buna görə də Çinin Rusiyanın müəyyən qədər üstünlük əldə etməsində maraqlı olduğunu düşünürəm. Çin Rusiyaya hərbi dəstəyi də məhz bu məhdud çərçivədə göstərir. Hesab edirəm ki, bundan sonrakı dövrdə də Çin və Rusiya arasında hərbi əməkdaşlığın daha da genişlənməsi gözlənilmir. Əməkdaşlıq artıq müəyyən səviyyəyə çatıb. Çünki bu əlaqələrin genişləndirilməsi faktiki olaraq Çinin Ukrayna müharibəsində Rusiyanı tam dəstəkləməsi kimi qəbul edilə bilər. Buna görə də Çin bu məsələdə daha ehtiyatlı yanaşır”.

Ayşə Cəfərova

#Rusiya #Çin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər