00:00:00
Yazar
Səadət Əlizadə
16.11.2026 21:49 37 2 dəq oxuma
Siyasət

Azərbaycan sərhədini pozmağa cəhd edən pilotsuz uçuş aparatı zərərsizləşdirilib

Azərbaycan sərhədini pozmağa cəhd edən pilotsuz uçuş aparatı zərərsizləşdirilib

Dövlət sərhədinin pozulmasına cəhd edən paratrike tipli uçuş aparatını sərhədçilər zərərsizləşdirilib. Hadisə hava məkanının təhlükəsizliyi və sərhəd mühafizəsi ilə bağlı məsələləri yenidən gündəmə gətirir. Belə halların qarşısının alınması üçün mövcud nəzarət mexanizmlərinin effektivliyi xüsusi əhəmiyyət daşıyır.



Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən politoloq Turan İrfan bildirib ki, kiçik ölçüləri və alçaqdan uçma qabiliyyəti sayəsində radar sistemlərindən yayına bilirlər:

 


"Paratrike tipli uçuş aparatları kiçik ölçülərinə və alçaqdan uçma qabiliyyətinə görə ənənəvi radar sistemlərindən yayına bilər. Bu aparatlardan narkotik vasitələrin, silahların və digər qadağan olunan əşyaların sərhəddən keçirilməsi, eləcə də sərhədboyu ərazilərin, hərbi obyektlərin və zastavaların görüntülərinin çəkilməsi üçün istifadə oluna bilər. Həmçinin şəxslərin nəzarət-buraxılış məntəqələrindən kənar şəkildə sərhədi keçməsinə şərait yarada bilər".

 


Onun fikrincə, sərhəd ərazilərində fasiləsiz müşahidə aparılır, termal kameralar, gecəgörmə cihazları və xüsusi radarlar tətbiq olunur:

 

 

"Belə halların qarşısını almaq üçün sərhəd naryadları ərazidə fasiləsiz müşahidə aparır, aparatların mühərrik səsləri əsasında vaxtında aşkarlanması təmin edilir. Sərhədboyu ərazilərdə termal kameralar, gecəgörmə cihazları və alçaqdan uçan hədəfləri müəyyən edən xüsusi radarlar tətbiq olunur. Bundan əlavə, uzaqdan idarə olunan aparatların rabitə və GPS siqnallarını kəsərək məcburi endirilməsi üçün radioelektron mübarizə sistemlərindən istifadə edilir".

 


Sonda o bildirib ki, həssas radarların sayının artırılması, səs tanıma sistemlərinin və süni intellekt əsaslı müşahidə proqramlarının tətbiqi, həmçinin uçuş aparatlarının qeydiyyatına və istifadəsinə nəzarətin sərtləşdirilməsi vacibdir:

 


"Sərhəd təhlükəsizliyinin daha da gücləndirilməsi üçün paraplan və dron kimi kiçik uçuş aparatlarını aşkar edə bilən yüksək həssaslıqlı radarların sayının artırılması vacibdir. Çətin relyefli və meşəlik ərazilərdə mühərrik səslərini tanıyan xüsusi mikrofon şəbəkələrinin qurulması da faydalı ola bilər. Eyni zamanda, kameralardan gələn görüntüləri avtomatik təhlil edən proqram təminatlarının tətbiqi, eləcə də ölkə daxilində yüngül uçuş aparatlarının satışı, qeydiyyatı və istifadəsinə nəzarətin sərtləşdirilməsi zəruridir".

 

 

Fatimə İbrahimova

#sərhədini #azərbaycan #aparatı #zərərsizləşdirilib #edən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər