“Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilir”-Eldəniz Cəfərov
Orta Dəhliz üzrə daşımaların genişlənməsi Azərbaycanın Şərq-Qərb nəqliyyat bağlantısında strateji əhəmiyyətini daha da artırır. Marşrutun inkişafı ölkənin regional logistika mərkəzi kimi mövqeyinin güclənməsinə yeni imkanlar yaradır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, Orta Dəhliz Azərbaycanın regional nəqliyyat-logistika mərkəzi kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir:
“Azərbaycan artıq yalnız bir tranzit ölkə deyil Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilir. Burada daşımaların artması ölkəyə həm tranzit gəlirlərini artırmaq, həm logistika və xidmət sektorunu inkişaf etdirmək imkanı yaradır. Azərbaycanın əsas üstünlüyü əlverişli coğrafi mövqeyi və müxtəlif nəqliyyat növlərinin bir nöqtədə birləşməsidir. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, inşa edilmiş avtomobil yolları və gömrük infrastrukturu ölkənin rəqabət qabiliyyətini daha da artırır. Yəni bundan əlavə, Xəzər üzərindən Mərkəzi Asiyaya, oradan isə Çin və digər Asiya bazarlarına çıxış Azərbaycanın Orta Dəhlizdə strateji əhəmiyyətini daha da artırır”.
Nuray Əliyeva