"Azərbaycan-Serbiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur" - ŞƏRH
Azərbaycan və Serbiya arasında müxtəlif sahələri əhatə edən sənədlərin mübadiləsi mərasimi baş tutub. Rəsmi görüş çərçivəsində imzalanan sənədlər iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, sənədlərin mübadiləsi münasibətlərin yeni və daha sistemli mərhələyə keçdiyini göstərir:
“Bu cür razılaşmalar siyasi iradəni hüquqi çərçivəyə salır və əməkdaşlığı təsadüfi deyil, davamlı mexanizmlər üzərində qurur. Əgər tərəflər siyasi dialoqun dərinləşdirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi barədə razılığa gəlibsə, bu artıq strateji xəttin formalaşdığını göstərir. Strateji tərəfdaşlıq anlayışı isə o deməkdir ki, münasibətlər yalnız iki ölkə arasında deyil, daha geniş regional kontekstdə də əhəmiyyət kəsb edir. Bu, qarşılıqlı etimadın müəyyən səviyyəyə çatdığını göstərir. Sənədlər ilk növbədə beynəlxalq platformalarda koordinasiyanı gücləndirəcək. Azərbaycan və Serbiya indiyədək bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Münasibətlərin institusional çərçivəyə salınması BMT və digər çoxtərəfli institutlarda mövqelərin daha sistemli şəkildə uzlaşdırılmasına imkan verəcək. Bu, həm də üçüncü tərəflərin təsir imkanlarını məhdudlaşdırır və tərəflərə daha müstəqil manevr sahəsi yaradır”.
İqtisadi istiqamətlərə toxunan Turan Rzayev bildirib ki, əməkdaşlıq xüsusilə enerji və logistika sahələrində perspektiv vəd edir:
“Azərbaycan enerji ixracatçısıdır, Serbiya isə enerji təhlükəsizliyi baxımından alternativ mənbələrə maraq göstərir. Enerji təchizatının şaxələndirilməsi, nəqliyyat-logistika marşrutlarının genişləndirilməsi hər iki ölkə üçün strateji üstünlük yarada bilər. Bununla yanaşı, müdafiə sənayesi, kənd təsərrüfatı, tikinti və tranzit sahələrində də real əməkdaşlıq imkanları mövcuddur. Orta Dəhliz ilə Balkan regionu arasında iqtisadi körpünün formalaşması iki ölkənin geoiqtisadi mövqeyini gücləndirə bilər. Humanitar və mədəni əməkdaşlıq da strateji tərəfdaşlığın sosial bazasını möhkəmləndirir. Təhsil proqramları, mədəni layihələr və turizm təşəbbüsləri cəmiyyətlərarası əlaqələri gücləndirir. Uzunmüddətli siyasi tərəfdaşlıq məhz belə sosial dayaqlar üzərində daha dayanıqlı olur. Sənədlərin mübadiləsi formal addım kimi deyil, praktiki mexanizmlərlə müşayiət olunarsa, Azərbaycan-Serbiya münasibətləri yaxın illərdə daha nəticəyönümlü və strukturlaşdırılmış mərhələyə keçə bilər”.
Ayşə Müzəfərli
