Azərbaycan - Serbiya münasibətləri yeni mərhələdə: Bakı Belqrada mühüm dəstək verir
Azərbaycan nümayəndə heyətinin Serbiyaya növbəti işgüzar səfəri həm beynəlxalq məsələlərdə, həm də beynəlxalq arenalarda bir-birinə dayaq olmasını bir daha sübut edir. Siyasi şərhçi Tofiq Abbasov deyir ki, Azərbaycan və Serbiya arasındakı siyasi dialoqun məzmunu aktualdır.
"Bakı ilə Belqrad daim fikir mübadiləsi aparır, bir-birindən xəbərdar olur və lazım gəldikdə qarşılıqlı dəstək göstərir. İqtisadi münasibətlər də öz yerindədir. Hərbi sənaye sahəsində də əməkdaşlığımız mövcuddur. Parlament sədrlərinin görüşməsi isə onu göstərir ki, biz parlamentlərarası münasibətləri də gücləndiririk. Çünki xalqların bir-birinə yaxınlaşması, vətəndaş cəmiyyətlərinin bir-birindən xəbərdar olması, eləcə də birgə layihə və proqramların həyata keçirilməsi mühüm amil hesab edilir".
Siyasi şərhçinin sözlərinə görə, Serbiya müəyyən mənada Azərbaycanı xatırladan ölkədir. Belə ki, serblər də dövlətçiliyin və suverenlitin qorunmasına ciddi yanaşırlar.
"Azərbaycan hər zaman bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin tərəfdarı olduğunu bildirir və ikinci dərəcəli dövlət olmadığını vurğulayır. Serbiya da Avropada bir sıra təhdidlər və qərəzli mövqelərlə üz-üzədir. Çünki Avropa İttifaqı, eləcə də bəzi digər mərkəzlər, o cümlədən London və bəzi hallarda ABŞ Belqrada təzyiqləri artırır. Bunun əsas səbəblərindən biri Serbiyanın Rusiya ilə yaxın münasibət saxlamasıdır".
Tofiq Abbasov iki ölkə arasındakı tarixi, dini və etnik yaxınlığın olmasını da xüsusi vurğulayır. Deyir ki, bütün bunlar Avroatlantik prinsiplərə üstünlük verən qüvvələrin diqqətində olan məsələlərdir.
"Onlar Serbiyanı zəiflətməyə və öz mövqelərini ona qəbul etdirməyə çalışırlar. Azərbaycanın yanaşması isə Serbiyanın suverenliyinə hörmət və bu ölkənin Avropa qitəsindəki xüsusi rolunu nəzərə almaqdır"
Siyasi şərhçinin fikrincə, məsələ təkcə tarixdən getmir. Birinci dünya müharibəsinin başlanmasının da Balkanlarla bağlı tarixi səbəbləri var.
"Balkanlar özünəməxsus və həssas bölgədir. Burada dini, etnik və konfessional zəmində ziddiyyətlər həmişə olub və indi də özünü göstərir. Müharibə tərəfdarları da Balkanlardan istifadə etməyə çalışır ki, dağıdıcı potensiallarını ortaya qoysun".
Qoşulmama Hərəkatına gəldikdə isə, Tofiq Abbasov düşünür ki, Azərbaycan sədrliyindən sonra Hərəkatın dünyadakı nüfuzu xeyli artıb. Hazırda Hərəkata Uqanda sədrlik edir, yubiley ilindən sonra isə sədrliyin Özbəkistana keçməsi gözlənilir. Burada bir məqamı da qeyd etmək lazımdır ki, Serbiya Qoşulmama Hərəkatının tamhüquqlu üzvü deyil, Hərəkatda müşahidəçi qismində iştirak edir. Bununla belə, Serbiyanın Qoşulmama Hərəkatı ilə bağlı böyük gözləntiləri var. Azərbaycanın sədrliyi dövründə əldə etdiyi təcrübə Serbiyaya bu sahədə böyük dəstək verə bilər.
"Azərbaycan sədrliyi dövründə Hərəkatın institusional inkişafına mühüm töhfələr verdi, Parlamentlərarası Şəbəkə və Gənclər Şəbəkəsi yaradıldı, vətəndaş cəmiyyətlərinin dəstəklənməsi istiqamətində təşəbbüslər irəli sürüldü. Azərbaycanın təşəbbüskarlığı özünü tam şəkildə doğrultdu. Ona görə də hesab edirəm ki, Serbiyanın bu sahədə Azərbaycandan böyük gözləntiləri var”.
Tofiq Abbasov qeyd edilənlərin Bandunq prinsipləri ilə sıx bağlı olduğunu da diqqətə çatdırır.
“Burada söhbət suverenliyin qorunmasından, sərhədlərin toxunulmazlığından, xalqların öz müqəddəratını təyin etmək hüququndan gedir. Bandunq prinsipləri Qoşulmama Hərəkatına üzv olan 120 ölkə üçün bir növ kompas rolunu oynayır. Bu prinsiplər dövlətlərin milli suveren hüquqlarını reallaşdırmasına, təhlükəsizlik təminatlarına nail olmasına və beynəlxalq münasibətlərdə mövcud ənənələrin qorunmasına xidmət edir. Hesab edirəm ki, Azərbaycanın Qoşulmama Hərəkatında fəal iştirakı ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Digər tərəfdən, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Prezident İlham Əliyevin “Təşkilat+” formatında çıxışı, zamanı Ermənistanın əsassız ərazi iddialarının nəticəsində Azərbaycana qarşı işğal siyasətinin həyata keçirildiyini və BMT Təhlükəsizlik Şurasının bununla bağlı dörd qətnamə qəbul etdiyini xatırlatması, BMT-ni Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi istiqamətində effektiv addımlar atmağa çağırması mühüm amildir. Azərbaycan öz gücü hesabına həmin qətnamələrdə əksini tapan prinsipləri və tələbləri həyata keçirdi və beynəlxalq hüquq normalarının gücünü bərpa etdi. Ona görə də, hesab edirəm ki, bu proseslərdə Azərbaycanın təşəbbüslərinin özünü doğrultması Serbiya üçün vacib nümunədir. Biz heç vaxt heç kəsdən dəstəyimizi əsirgəmirik, lazım olan sorğulara vaxtında cavab veririk".
Tofiq Abbasovun sözlərinə görə, münasibətlərimiz müxtəlif sahələri əhatə edən, diversifikasiya olunmuş əlaqələrdir.
" Əgər dövlət liderləri münasibətlərin şaquli xəttini gücləndirirlərsə, paralel olaraq üfüqi xəttin də inkişafına böyük ehtiyac var. Çünki xalqlar bir-birinə yaxın olmalı, humanitar və mədəniyyət sahələrində birgə layihələr hazırlayıb həyata keçirməlidirlər. Beləliklə, əməkdaşlıqdan və dostluqdan əldə olunan faydalar indiki və gələcək nəsillərə xidmət edə bilər”.
Aişə Mustafayeva