"Azərbaycan-Serbiya tərəfdaşlığı güclənir" - ŞƏRH
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında iki ölkənin gələcəklə bağlı planlarından danışıb.
Mövzu ilə bağlı Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Serbiya arasında münasibətlərin sıxlaşması hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir:
“Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasiminin keçirilməsi bir daha bunu sübut edir. Azərbaycan qazının Serbiya bazarına çıxışı da yeni inkişaf mərhələsinin başlanğıcı deməkdir. Eyni zamanda regionda geosiyasi balans Azərbaycanın xeyrinə dəyişir. Təbii ki, bu, iqtisadiyyat baxımından önəmlidir və balansın dəyişməsi digərlərinin maraqlarına qarşı yönəlməyib. Həmçinin Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb ki, bu da iqtisadi inkişafın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Hökumətlər arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında saziş, həmçinin iqtisadiyyat nazirlikləri arasında Anlaşma Memorandumu mübadilə edilib ki, bu proses hər iki ölkənin bir-birinə daha böyük layihələrdə dəstək olacağını göstərir”.
Həmçinin şərhçi qeyd edib ki, informasiya, telekommunikasiya, mədəniyyət, idman və digər sahələrdə də müvafiq memorandumlar imzalanıb:
“Bunlar da öz növbəsində qarşılıqlı etimadın və əlaqələrin daha səmərəli şəkildə inkişafının bariz nümunəsidir. Qeyd olunan sahələrdə əməkdaşlıq böyük güclərin maraqlarına maneə yaratmır. Odur ki, əsasən iqtisadi inkişafı nəzərdə tutan bu münasibətlərdən narahatlıq yaranacağı ehtimalı azdır. Azərbaycanın ərəb-müsəlman aləmində, Yaxın Şərqdə, Orta Asiyada, Avropada, həmçinin Balkan regionunda artan nüfuzu və fəallığı dövlətin daha da qüdrətlənməsinə, inkişafına və təhlükəsizliyinə xidmət edir. Strateji məqsəd güclü və zəngin Azərbaycandır. Həm regionda, həm də dünyada sülhün təminatçısı və vasitəçisi kimi Balkan regionunda fəaliyyətin gücləndirilməsi səmərəli xarici siyasətin tərkib hissəsidir”.
Aytac İbrahimova
