Azərbaycan strateji tərəfdaş kimi önə çıxır - ŞƏRH
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyulun 13-də keçiriləcək iclasda təhlükəsizlik, nəqliyyat əlaqəliliyi və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq məsələlərinə diqqət yetirərək, Aİ-nin Qara dəniz regionu üzrə yeni strategiyasının işə salınmasından bir il sonra onun icrasının gedişatını müzakirə edəcəklər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Avropa Birliyi Azərbaycan da daxil olmaqla geniş bir coğrafiya üçün mühüm alternativdir:
"Uzun illər Rusiyanın işğalı və təsiri altında yaşamışıq. 1991-ci ildə müstəqilliyimizi bərpa etsək də, uzun müddət Rusiyanın siyasi, iqtisadi və geosiyasi təsiri davam edib. Azərbaycan, Ermənistan, Gürcüstan, Mərkəzi Asiyanın beş respublikası, eləcə də Ukrayna, Moldova və Belarus faktiki olaraq Rusiyanın təsir dairəsində qalıb. Rusiya isə uzun illər özünü bu region üçün alternativsiz güc kimi təqdim etməyə çalışıb. Bu səbəbdən Rusiyadan kənar tərəfdaşlarla sərbəst iqtisadi və siyasi əlaqələr qurmaq imkanlarımız məhdud idi. Üstəlik, Rusiya Azərbaycanın və digər region ölkələrinin Avropa, ABŞ və ümumilikdə, Qərb ölkələri ilə münasibətlərinin inkişafına mane olmağa çalışıb və bu cəhdlər bu gün də davam edir. Son illərdə baş verən geosiyasi hadisələr fonunda Rusiyanın nüfuzu ciddi şəkildə zəifləyib. Bunun nəticəsində, region ölkələri, o cümlədən Azərbaycan da alternativ tərəfdaşlara daha çox diqqət yetirməyə başlayıb. Bu baxımdan Avropa Birliyi hazırda ən mühüm istiqamətlərdən biri kimi qiymətləndirilir”.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxarılması ilə bağlı Avropa rəsmilərinin açıqlamalarını göstərmək olar:
“Azərbaycanın təbii qaz ixracının əsas istiqamətlərindən biri də Avropa Birliyi ölkələridir. Avropa bazarı Azərbaycan üçün mühüm iqtisadi imkanlar yaradır. Avropa Birliyinin Cənubi Qafqazda əməkdaşlığını genişləndirməsi region ölkələri üçün yeni iqtisadi və siyasi imkanlar yarada bilər. Avropa Birliyinin bölgədə mövqeyinin güclənməsi Rusiyanın və İranın təsir imkanlarının zəifləməsinə səbəb ola bilər. Hər iki ölkə təhlükəsizlik baxımından risk mənbəyi kimi qiymətləndirilir. Avropa Birliyinin bölgədə daha fəal iştirakının regional sabitliyə müsbət təsir göstərə biləcəyi düşünülür. Eyni zamanda, bəzi ekspertlər hesab edirlər ki, gələcəkdə Rusiya və İranın siyasi gələcəyi ilə bağlı müxtəlif geosiyasi ssenarilər gündəmə gələ bilər. Belə bir şəraitdə Azərbaycanın da milli maraqlarını qoruması, strateji mövqeyini gücləndirməsi və yeni yaranan imkanlardan maksimum faydalanması xüsusi əhəmiyyət daşıyır”.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki, Avropa İttifaqının təhlükəsizlik siyasəti yalnız hərbi və müdafiə məsələləri ilə məhdudlaşmır:
“Buraya nəqliyyat və logistika əlaqələri, enerji əməkdaşlığı, eləcə də iqtisadi və siyasi tərəfdaşlıq kimi istiqamətlər də daxildir. Bu amillər Aİ-nin Cənubi Qafqaza marağını daha da artırır. Azərbaycan strateji mövqeyinə görə Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz həm Orta Dəhlizin, həm də Cənubi Qafqaz marşrutunun əsas iştirakçılarından biri olmaqla yanaşı, nəqliyyat və logistika baxımından mühüm tranzit ölkəsidir. Eyni zamanda, enerji sahəsində də Azərbaycanın rolu getdikcə artır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və enerji tədarükünün şaxələndirilməsində vacib tərəfdaş kimi çıxış edir. Bu isə Azərbaycanın həm iqtisadi, həm enerji, həm də siyasi baxımdan Aİ üçün əhəmiyyətini artırır. Məhz buna görə Avropa İttifaqı regionda qüvvələr balansına təsir göstərmək, öz maraqlarını qorumaq və regional proseslərdə daha fəal iştirak etmək istəyir”.
Politoloqun sözlərinə görə, digər mühüm amil isə Rusiyanın regiondakı roludur:
“Rusiya uzun illər həm Qara dəniz hövzəsini, həm də Cənubi Qafqazı öz prioritet təsir zonası hesab edib. Son dövrlərdə isə Avropa İttifaqı və Qərb Rusiyanın regiondakı təsir imkanlarının zəifləməsinə çalışır və bu istiqamətdə müxtəlif addımlar atır. Cənubi Qafqazda əsas diqqət Ermənistan və Azərbaycan arasında sülh prosesinə yönəlib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə müharibə başa çatsa da, tərəflər arasında sülh sazişi hələ imzalanmayıb. Hazırda bu istiqamətdə danışıqlar davam edir. Ermənistanda gedən daxili siyasi proseslər, o cümlədən Konstitusiya dəyişiklikləri də bu prosesin mühüm tərkib hissəsi hesab olunur. Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərini diqqətlə izləyir və regionda davamlı sülhün bərqərar olmasında maraqlıdır. Çünki sülh sazişinin imzalanması həm regional sabitliyi möhkəmləndirəcək, həm də bölgəyə yatırılan investisiyaların və gələcək iqtisadi layihələrin maneəsiz həyata keçirilməsinə şərait yaradacaq”.
Selcan Xudiyeva